Uşaqlar üçün “4 Mövsüm” kulinariya müsabiqəsi başlayır
İyun ayında yalnız uşaqlar bişirəcəklər
İyun ayının 5-dan başlayaraq Facebook sosial şəbəkəsinin ən məşhur və dadlı kulinariya qruplarından biri olan “Азербайджанская Кухня и не только” qrupunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “4 Mövsüm” adlı müsabiqə başlayır. Bu müsabiqə çərçivəsində uşaqlar hər həftə müvafiq olaraq payız, qış, yaz və yay mövsümlərinə aid yeməklər hazırlayacaqlar. Hər həftənin sonunda isə bütün iştirakçıların reseptləri nəzərdən keçiriləcək və qalib seçilib dəyərli hədiyyə ilə mükafatlandırılacaq.

Müsabiqədə 2 yaşdan 18 yaşa qədər bütün uşaqlar iştirak edə biləcəklər. Əlbəttə ki, ailə üzvlərinin kömək etməsinə də icazə veriləcək. Belə ki, müsabiqənin məqsədi uşaqlara mətbəxi sevdirmək, onlara ən sadə yeməkləri hazırlamağı öyrətmək, ailələri ilə birgə vaxt keçirib əylənməkdir.
“İyun ayı təqvimimdə “Uşaqların ayı” kimi qeyd olunub. Hər il bir neçə ay öncədən artıq uşaqlar üçün müsabiqə düşünməyə başlayıram və bu il də istisna olmadı. Xatırlayırsınızsa, keçən il bu vaxtlar “Uşaqlar bişirir”, ondan öncəki il “4 Yemək” adlı müsabiqələrimiz var idi. Beləliklə, iyun ayını tamamilə uşaqlara həsr edirik. Ümid edirəm ki, 1 ay ərzində övladlarımızla birlikdə gözəl nəticələr əldə edə biləcəyik və onları özləri üçün bəzi yeməkləri artıq müstəqil şəkildə hazırlamağı öyrədəcəyik. Mən özüm də hər zaman olduğu kimi böyük həvəslə balalarımla birlikdə bu müsabiqə üçün yeməklər hazırlayacağam”, – deyə qrupun admini və müsabiqənin müəllifi, səsləndirmə aktyoru Kübra Kərimli vurğulayıb.

Müsabiqəyə qoşulmaq üçün Facebookdakı “Азербайджанская Кухня и не только” qrupuna üzv olmaq lazımdır: https://www.facebook.com/groups/158809490864818/
Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılacaq.
Müsabiqənin baş sponsoru “Soliton” mağazalar şəbəkəsidir.
Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 30000-ə yaxın üzvü var. Qrup maraqlı onlayn kulinariya müsabiqələri və faydalı rubrikaları ilə məşhurdur.