Gənc istedadlı bəstəkar və pianoçu Lalə Əhmədovanın “Vətənim Azərbaycandır” adlı solo konserti baş tutdu
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bəstəkar və pianoçu Lalə Əhmədovanın “Vətənim Azərbaycandır” adlı solo konserti keçirilib.

Dirijor Firəngiz Xəlilovanın rəhbərliyi, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin “Vio Cello” kamera orkestrinin (bədii rəhbərlər Könül Bəkirova və Şəms Əliyeva) müşayiəti ilə solistlər – Respublika və beynəlxalq müsabiqələr laureatları Səbinə Mehdiyeva (piano), Taleh Rəsulov (tenor), Ruslan Əliyev (tar), Kamran Teymurov (tar), Tural Qədirov (kamança) və Çinarə Mahmudova (vokal) öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Lalə Əhmədovanın əsərləri səslənib. Konsert böyük anşlaqla keçdi və hamının zövgünə oxşadı.
Əhmədova Lalə İlqar qızı 27 may 2000 ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2009-2015 ci illərdə Rauf Hacıyev adına 15 saylı musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin məzunudu. Tələbə vaxtı bəstəkarlıq dərslərini Pikə Axundovadan alıb.
Bir sıra musiqi əsərlərinin müəllifidir. Fortepiano və skripka üçün “4 hissəli süita”, Fortepiano və kamança üçün “Ömrün səhifələri”, xor üçün “Azərbaycan” əsəri, fortepiano üçün prelüdlər və s.
“Gənclərə dəstək” layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramında uğurlu iştirakına görə “Azərbaycan” əsəri diplomla təltif olunmuşdur.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “1-ci Estrada mahnı” müsabiqəsinin Diplomantı adına layiq görülmüşdür.
Bəstələdiyi“Qalx ayağa Vətənim” adlı mahnısı noyabr ayının 7-də Heydər Əliyev sarayında müsabiqənin qala konsertində ifa edilmişdir.
3 fevral 2019 cu il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Gənc Bəstəkarların Gəncliyə Töhfə” festivalında öz bəstələdiyi əsərlərlə çıxış edib.
3 may 2019 cu il tarixində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş “Gələcəyin Müəllimi” 1-ci Açıq Musiqi Müsabiqəsində “Ən yaxşı musiqi duyumuna malik olan ifaçı” diplomu ilə təltif olunub.
29-30 iyun 2019-cu il tarixlərində Almaniyanın Celli və Hannover şəhərlərində keçirilən “Novus Via” Beynəlxalq Musiqi yay festivalında iki əsəri ifa olunmuş və diploma layiq görülmüşdür.
Hal hazırda Lalə Milli Konservatoriyasında musiqi təhsilini davam etdirir və yeni əsərlər ərsəyə gətirir.