Nitq qüsurları ilə mübarizə

Əfsuslar olsun ki, çox zaman valideynlər uşaqların nitq qüsurlarına ciddi yanaşmır, bu hala yaşdan irəli gələn keçici bir problem kimi baxaraq onun zamanla aradan qalxacağını, bəzən isə nitq probleminin həllinin mümkünsüz olduğunu düşünürlər. Amma valideynlərin səhv yanaşması nəticəsində nitq qüsurlarının vaxtında aradan qaldırılmaması sonradan uşaqların sosial cəmiyyətə uyğunlaşmasında da müəyyən çətinliklər yaradır. Əksər hallarda bu kimi problemlərin əsas açarı peşəkar loqopedlərin əlində olur.

Müraciət vaxtında edilərsə, anadangəlmə nitq qüsurlarının aradan qaldırılması mümkündür.

Belə peşəkar mütəxəssislərdən biri Bakı şəhər 1 saylı lal-kar uşaqlar üçün internat məktəbinin, eləcə də “Elbite”, “Megaschool” özəl tədris mərkəzlərinin və “Learning kids” bağçasının loqopedi Nigar Əbilovadır. Loqopedin dediklərindən belə məlum olur ki, əslində, səhvən ömürlük nitq qüsuru kimi baxdığımız bir çox problemlər qısa zaman ərzində həll edilə bilər.
İllik əmək fəaliyyəti dövründə nitq qüsurlu uşaqlarla peşəkarcasına işləyən loqoped öz təcrübəsinə əsaslanaraq deyir ki, problemin aydınlaşdırılması üçün uşaq konstitusiya edilir, nitq qüsurlarının yaranma səbəbləri araşdırılır və dəqiq diaqnoz qoyulur. Valideynlərə hətta problemin hansı müddətdə aradan qaldırılacağı da əvvəlcədən deyilir. 30, 45 dəqiqəlik və ya 1 saatlıq seanslara yazılan loqopedla psixoloq-loqoped, yoxsa loqoped-nevropatoloqun işləməli olduğu müəyyən edilir. Doğru diaqnoz və artikilyastik gimnastikanın təşkili, zondlarla iş, refleksoloji masaj, tibbi müalicə sonda alınan gözəl nəticənin təminatıdır.
Nitq qüsurlu uşaqlara qoyulan diaqnozlara gəldikdə, bunlar alaliya, dislaliya, dizartiriya, anartiriya, afaziya, rinolaliya, afaziya, leqonevroz (kəkələmə), taxilaliya (sürətli danışıq), bradilaliya, ümumi nitq geriliyi, mutizm (psixoloji travma sayılan nitqdən imtina), karlıq- ağır eşitmə, autizm, daun-xromosom artıqlığıdır. Alaliya ana bətnində və ya uşağın ilkin inkişaf dövründə beyin qabığının nitq zonasının zədələnməsi nəticəsində nitqin olmaması, dislaliya normal eşitmə və nitq aparatının normal inervasiyasi zamanı səs tələffüzünun pozulması, dizartiriya baş-beyin qabığının lokal zədələnməsi nəticəsində artıq formalaşmış nitqin itirilməsidir. Rinolaliya nitq aparatının anatomik-fizioloji qüsuru ilə bağlı səsin
və tələffüzün pozulması, afaziya-baş beyin qabığının lokal zədələnməsi nəticəsində nitq aparatının tam fəaliyyətsizliyi nəticəsində nitqin olmaması, loqonevroz (kəkələmə) nitq aparatının əzələsinin qıcolması nəticəsində nitqin tempinin və ritminin pozulması, ümumi nitq geriliyi nitq sisteminin nitqin tələffüz və məna tərəfini təşkil edən bütün komponentlərinin formalaşmasının pozulması nəticəsində yaranan mürəkkəb nitq qüsurudur. Mutizm daha çox psixoloji bir durumdur. Hər hansı bir psixoloji travma nəticəsində nitqdən imtina baş verir. Karlıq-ağır eşitmə baş-beyində eşitmə mərkəzinin zədələnməsi və ya eşitmə aparatında olan qüsur nəticəsində uşağın eşitməməsi və ya ağır eşitməsidir. Nitq qüsurlarının yaranma səbəbləri haqqında danışan N.Əbilova qeyd edir ki, nitq mərkəzi və pereferik nitq orqanlarından ibarət mürəkkəb anatomik-fizioloji aparatın köməyi ilə həyata keçirilir. Mərkəzi orqan baş-beyin və əsasən böyük yarımkürələrin qabığından ibarətdir: “Nitq insanların anadangəlmə qabiliyyəti deyil. O, uşağın inkişafı ilə tədricən formalaşır. Deməli, nitq ətrafdakı bir neçə faktordan ibarətdir. Uşağın nitqi 5 yaşına kimi formalaşır. Nitq təqlid etməklə inkişaf edir. Buna görə də ətrafdakıların nitqi səlis, düzgün, gözəl olmalıdır. Uşağın nitqinin formalaşması prosesinə düzgün müdaxilə olunmaması əksər hallarda inkişaf geriliyinə gətirib çıxarır. Nitqin səsləri artikilyasiya orqanlarının mürəkkəb hərəkət kompleksi nəticəsində yaranır. Hələ lap ilk günlərindən başlayaraq uşaq dili, dodağı və çənəsi ilə müxtəlif artikulyator-mimik hərəkətlər edir. 2-3 ayında uşaq səsləri artikilyasiya etmək cəhdləri göstərir. Bu, qığıltı adlanır. Əgər uşağın artikilyasiya aparatında bir problem olarsa, bu onun qidalanmasında özünü göstərəcək. Uşağın 1-11 aylıq dövrünü əhatə edən mərhələ nitqə hazırlıq mərhələsi adlanır. 1 yaşından başlayaraq, uşağın nitqinin inkişaf dövrü başlayır”.
Loqopedin sözlərinə görə, nitqin inkişafı dövrü nitqin fonetik leksik və qrammatik cəhətdən inkişaf dövrüdür. Bu dövrdə aktiv lüğətlə yanaşı uşağın passiv lüğəti də inkişaf edir. Uşaq danışmağa başlayarkən ətrafındakı insanların nitqini yamsılayır. Buna görə də heç vaxt uşaq dilində danışmaq olmaz. 0-1 yaslı uşağın aparıcı fəaliyyət forması böyüklərlə müsbət emosional ünsiyyətin qurulmasındadır. Bu dövrdə uşaq onu əhatə edənlərin ünsiyyətinə ehtiyac duyur və bu ünsiyyətin əsasında uşağın gələcək psixi inkişafına həlledici təsir göstərən kommunikativ-dərketmə kompleksi yaranır. 1-3 yaşlı uşağın aparıcı fəaliyyət forması əşyalarla bağlı manipulyativ hərəki fəaliyyətdir. Bu yaşda olan uşaqda dərketmə və hərəki fəallıq sürətlə inkişaf etdiyinə görə nitqə güclü ehtiyac duyulur. 3-6 yaslı uşağın aparıcı fəaliyyət forması oyundur. Bu yaşda uşaqlar hər cür oyun növlərində oynamağı sevirlər.
Nitq inkişaf mərhələri haqqında danışan N.Əbilova deyir ki, ilk mərhələ ünsiyyətə girmə, sonrakı mərhələlər isə siqnallar və jestlər, ilk sözlərin və söz birləşmələrinin, sadə cümlələrin, daha sonra mürəkkəb cümlələrin işlədilməsidir. Sərbəst fikir söyləmələr mövzu üzrə danışmaq və söhbət aparmaq bacarığı nitqin daha sonrakı inkişaf mərhələləri sayılır. Loqoped bildirir ki, sonradan qazanılan bütün nitq qüsurları 100 faiz aradan qaldırılır. Anadan gəlmə nitq qüsurları ilə bağlı müraciət vaxtında edilərsə, onun aradan qaldırılması mümkündür:
Son vaxtlar autizm sindromundan əziyyət çəkən uşaqlara görə daha çox müraciətlərin edildiyini deyən N.Əbilova qeyd edir ki, autizmli uşaqlar özünə qapanmış, ətraf aləmdən təcrid olunmuş şəkildə öz dünyalarında yaşayırlar. Nitq imkanlarına malik autistlər belə başqaları ilə bacardıqca ünsiyyətdən qaçmağa çalışır, göz kontaktına girmir və ya yalnız özləri üçün maraq təşkil edən çox dar bir çərçivədə danışa bilirlər. Loqoped əlavə edir ki, autizm uşaqlarda 3 yaşına qədər müəyyən edilə bilsə də, onlarda nitq problemləri 3 yaşından sonra daha qabarıq görünür. Autistik pozuntunun spektoru çox geniş olduğundan bu diaqnozlu uşaqların nitq problemləri də müxtəlif və özünəməxsusdur. Autizm diaqnozunun qoyulması üçün bir sıra şərtlərin olması vacibdir. Bunların birincisi verbal və qeyri-verbal kommunikasiyada problemlərin olması, ikincisi sosial mühitə uyğunlaşmada çətinliklərin olması, üçüncüsü streotip davranış və ya təkrarlanan hərəkətlərin olmasıdır.

+994 77 570 71 38
nigar.loqoped.megaschool

İlhamə QİSMƏTQIZI