“Camal LTD” – “İCELAND” brendi
Kifayət qədər çoxsaylı brendlərin təqdim edildiyi dondurma bazarındakı bütün istehsalçılara məhsullarının yüksək keyfiyyətinə və alıcılıq qabiliyyətinə görə seçilmək müəssər olmur. Bazara yalnız keyfiyyət, təhlükəsizlik baxımından müasir standartlara cavab verən, rəqabətə davamlı məhsullar çıxaran şirkətlərin brendləri istehlakçı rəğbətini qazanaraq öz alıcılarını itirmir.

Hazırda 100-dən çox məhsul çeşidi təqdim edən “Camal” LTD şirkəti Azərbaycanda 20 ildən artıqdır ki, bu sahədə seçilən müəssisələrdən biri olmaqla, istehlakçıların zövqünü oxşayan, onların ağız dadına uyğun olan, bənzərsiz dada malik müxtəlif cür dondurmalar istehsal edir. “Camal” LTD şirkətinin “İceland” brendi altında istehsal etdiyi məhsullar yalnız Azərbaycan bazarının istehlakçıları tərəfindən deyil, xarici ölkələrin istehlakçıları tərəfindən də olduqca çox sevilir. Bunun nəticəsidir ki, “İceland” dondurmaları xarici bazarın da dondurma ilə təminatında xüsusi rol oynaya bilir. Özünəməxsus dadı və yüksək keyfiyyəti ilə seçilən “İceland” məhsullarının “Made in Azerbaijan” ticarət nişanı altında xarici bazarlara ixracı hazırda uğurla həyata keçirilir.
İstehsalın Avropanın aparıcı markalarının avadanlıqları və ən müasir texnologiyaların tətbiqi ilə həyata keçirilməsi, məhsulun təhlükəsizliyinə təminatın verilməsi şirkətə istehsal gücünü get-gedə artırmağa və bunun nəticəsi olaraq, ixrac potensialını daha da genişləndirməyə imkan verir. Xarici bazara çıxmamışdan əvvəl bazar araşdırmaları apararaq ixrac işini mükəmməl şəkildə təşkil edən “Camal” LTD daxili bazarın inkişafına önəm verdiyindən bütün səylərini əvvəlcə yerli bazarın daxili tələbatının ödənilməsinə yönəldib. 2009-cu ildə yerli bazarın dondurma tələbatının çox hissəsini ödəmək gücünə sahib olduqdan sonra xarici bazarlara çıxış imkanlarını araşdırmağa başlayan şirkət bir il sonra ilk dəfə olaraq, Gürcüstana dondurma ixrac edib. 2019-cu ildən isə böyük həcmli dondurma ixracı ilə beynəlxalq satış arenasına çıxan ilk yerli müəssisə olaraq Azərbaycanın bu sahə üzrə ən əsas ixracatçı müəssisələrindən birinə çevrilib.
Bugün “İceland” məhsulları yalnız Azərbaycanın deyil, Türkiyə, Gürcüstan, Fələstin, İraq, Türkmənistan, həmçinin Afrika qitəsindəki istehlakçıların da yüksək rəğbətini qazanıb. Hazırda Qərbi Afrika, Kot-d’İvuar və ya Fil Dişi Sahili şirkətin ən fəal ixrac bölgələrindəndir. Dondurmaların daşınma şəraiti onun keyfiyyətinə təsir etdiyi üçün şirkət bu məsələyə də xüsusi diqqətlə yanaşır. Məhsulların ən təhlükəsiz qaydada, müasir, iri tutumlu soyuducu anbarlarla yüksək keyfiyyətdə ünvana çatdırılmasının təmin edilməsi nəticəsində keyfiyyətini, dadını qətiyyən itirməyən və öz əvvəlki ləzzətini saxlayan “İceland” dondurmaları bugün Azərbaycanda olduğu kimi, uzaq Afrika ölkələrində də sevilərək yeyilir.
“Camal” LTD şirkətinin Beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Camal Məmmədov bildirib ki, ixrac imkanlarını getdikcə genişləndirən “Camal” LTD şirkəti xarici bazarlara “İceland” ticarət nişanı altında müxtəlif çəkili və formalı dondurmaları, eyni zamanda dondurma vaflisini ixrac etməklə uzaq coğrafiyalarda da öz layiqli yerini tutmaqdadır. İxracatın ildən-ilə artmasının əsas səbəbi məhsulların istehlakçılar tərəfindən bəyənilməsidir. Yüksək keyfiyyət, əvəzedilməz dad imkan verir ki, istehlakçılar çoxsaylı seçimlərin arasından məhz “İceland” in məhsullarına üstünlük versinlər. Xarici bazarlarda əldə etdiyi mövqeyini qoruyan şirkət istər çeşid sayının artırılması, istərsə də satış coğrafiyasının genişləndirilməsi ilə satış həcmini ildən-ilə artırmağı hədəf olaraq qarşısına qoyub.

Beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri
“Camal” LTD şirkətinin ixracat meneceri Elxan Nəzərov deyir ki, ixrac bazarında hədəflərinə çatmaq üçün müəyyən etdikləri yolda inamla irəliləyirlər. Şirkətin bu sahədə ilkin prioritetləri müəyyən bölgələr üzrə hədəf bazarların seçilməsi və bu bazarlara daxil olmağın təmin edilməsi olub ki, bu istiqamətdə də görülən işlər artıq öz bəhrəsini verir. Şirkətin distribütorlarla əməkdaşlığının ildən-ilə daha da artan templə inkişaf etməsi hədəflərə çatmaq yolunda aparılan işlərin nəticəsidir.
İxrac missiyasının uğurla gerçəkləşməsi üçün səylərini əsirgəməyən “Camal” LTD pandemiya dövründə də müxtəlif beynəlxalq sərgilərdə, o cümlədən Azərbaycan dövlətinin təşkilatçılığı ilə “Made in Azerbaijan” brendi altında keçirilən ixracatın təşviqi və artımı yönümlü sərgilərdə, görüşlərdə iştirak etməklə inkişaf etmə əzmini davam etdirib: “İki ildən çoxdur ki, davam edən pandemiya şəraiti heç bir şəkildə şirkətin öz qarşısına qoyduğu hədəfləri reallaşdırmağa mane olmayıb. Bunun nəticəsidir ki, şirkət 2020-ci ilin ortasından orta davamlı və artışlı ixracat həyata keçirir. 2020-ci il ilə müqayisədə 2021-ci ildə həm dondurma, həm də dondurma vaflisinın satışı üzrə ixracatın artım tempi hətta 85 faiz olub. Dövlətin ixrac yönümündəki bütün proqram və tədbirlərində aktiv yer almaq, eyni zamanda daxili resurslar hesabına “İceland” ticarət nişanının xarici bazarlarda tanınmasını təmin etmək ixrac bazarının inkişaf etdirilməsi üçün qarşıya qoyulan əsas istıqamətlərdəndir”.
İxrac sahəsi üzrə apardığı uğurlu siyasətin nəticəsidir ki, “İceland” brendi “Dondurma istehsalı sahəsində 2021- ci ilin ixracatçısı” nominasiyasına layiq görülüb. Sözsüz ki, məhsulun ən gözəl mükafatını istehlakçılar verir. Məhsulun sevilməsi ona alıcılar tərəfindən verilən ən gözəl qiymətdir. Lakin bu qiyməti daha da yüksəyə qaldıran “İceland” brendinin əldə etdiyi mükafatlardır. Daha əvvəl də müxtəlif mükafatlara layiq görülən “İceland” ticarət nişanı 2009-2010-cu illərdə “Brand Award Azerbaijan 2009”, “Brand Award Azerbaijan 2010”, qida məhsullarının təhlükəsizliyi menecmenti sisteminin tətbiqinə görə “UĞUR 2013”, dondurma istehsalı sahəsində dinamik inkişafına görə “UĞUR 2017” milli mükafatları, “QIZIL” səviyyəli Qida Təhlükəsizliyi və 2021-ci ildə “PLATİN” səviyyəli Qida Təhlükəsizliyi nişanları ilə təltif olunub. Həm sadalanan mükafatlar, həm də “İceland” ticarət nişanı adı altında istehsal edilən “SEVGİ” dondurmasının 2019-cu ildə əvvəlki ilin yekunları üzrə keçirilən “AZERI BUSINESS AWARD” Milli mükafatının təqdimetmə mərasimində “İlin Milli Brendi” və eyni zamanda “İceland” brendi olaraq 2022-ci ildə öncəki ilin “Dondurma İstehsalı Sahəsində İlin İxracatçısı” nominasiyasına layiq görülməsi bu brendin məhsullarına verilən yüksək qiymətdir. “İceland” markasının “Brand Award Azerbaijan 2020” layihəsində iştirak etməklə, 2020-ci ilin 50 ən tanınan brendlərinin siyahısına daxil olması bu şirkətin hər zaman fərqlənə bilmək, yaxşıların yaxşısı olma bacarığını bir daha ortaya qoyub. İstehlakçılarının mənafeyini hər zaman önə çəkən “Camal” LTD bundan sonra da bütün alıcılarını məmnun etmək, onların etimadlarını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək!
İlhamə İsabalayeva