AQTA sədri Belarus Respublikasının nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinin müavini, Baytarlıq və qida nəzarəti departamentinin direktoru Smilqin İvan İvanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə nümayəndə heyətinə məlumat verib. Eyni zamanda AQTA sədri 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatları diqqətə çatdırıb.

Görüş zamanı həmçinin iki ölkə arasında qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Qida və yem məhsullarının idxal-ixrac əməliyyatları, bu sahə ilə bağlı qanunvericiliyin tələbləri, baytarlıq preparatlarının istehsalı və satışı, epizootiya əleyhinə tədbirlərin həyata keçirilməsinin planlaşdırılması və monitorinqi, yoxlamaların aparılması və qeydiyyatı, sərhəddə baytarlıq nəzarətinin təşkili, heyvanların qeydiyyatı sistemi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinin vacib olduğu önə çəkilib. Eləcə də Belarusdan ölkəmizə idxal edilən kartof məhsulları partiyalarında aşkarlanmış uyğunsuzluqların araşdırılması, aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün görüləcək tədbirlər müzakirə olunub. Bu istiqamətdə iki ölkənin bitki karantini sahəsində informasiya sistemlərinin inteqrasiyasının önəmi vurğulanıb.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında imzalanmış sənədlərin icra vəziyyəti və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr də nəzərdən keçirilib.