BAKI MİLYONÇULARI
19-cu əsrdə Bakı şəhəri öz milyonçularının sayı etibarilə Rusiyanın şəhərləri içərisində görkəmli yerlərdən birini tuturdu. Neft bu şəhəri iri sərmayədarlar yurduna çevirmişdi. Lakin Bakı milyonçuları başqa şəhərlərin milyonçularından onunla fərqlənirdilər ki, onlar bu sərmayə və sərvəti irsi olaraq, öz ata və babalarından almamışdılar. Bir qayda olaraq, əksəriyyəti fəhləlikdən, yoxsulluqdan öz zəhmətləri ilə milyonçu dərəcəsinə yüksəlmişdilər. Əvvəllər öz zəhmətləri, kamal və səyləri onları irəli aparmış, sonralar isə güclü neft fantanları onları sərvətin yüksək dərəcəsinə qaldırmışdı. Biz Bakının bu milyonçularından bir neçə nəfəri haqqında danışacağıq.
AŞURBƏYOVLAR SÜLALƏSİ VƏ ƏJDƏR BƏY AŞURBƏYLİ

Aşurbəyovlar Bakının qollu-budaqlı varlı sülaləsi olub. Öz başlanğıcını keçən əsrlərdən alan bu sülalə getdikcə şaxələnmiş və böyük bir nəslə çevrilmişdir. Hətta elə şaxələnmişdir ki, sonralar eyni nəsildən olan Aşurbəyovlar qohum olduqları halda bir-birini tanımırdılar. Hazırda Bakıda qalan Aşurbəyovlar da, köhnə nəsildən başqa, bir-birinə necə qohum olduqlarından tamamilə bixəbərdirlər.
Ən görkəmli qol-budaqlı Aşurbəyovlar bunlardır: Hacı Əjdər bəy Aşurbəyov, Bəşir bəy Aşurbəyov, Teymur bəy Aşurbəyov, Hacı Mehdiqulu bəy Aşurbəyov, Əliabbas bəy Aşurbəyov, Ağa Şərif bəy Aşurbəyov, Ağasi bəy Aşurbəyov, Mehdixan bəy Aşurbəyov, Əzizbəy Aşurbəyov, Hacı Əhməd bəy Aşurbəyov, İsa bəy Aşurbəyov, Kərim bəy Aşurbəyov. Nəsrulla bəy Aşurbəyov, Rüstəm bəy Aşurbəyov və başqaları.
Aşurbəyovların Bakıda böyük imarətləri, bəzilərinin Rusiyanın şəhərlərində mülkləri, Mərdəkanda geniş sahəni əhatə edən bağları olmuşdur. Teymur bəyin Qoqol və Dimitrov küçələrinin kəsişdiyi yerdə böyük, əzəmətli imarəti, İsa bəy Aşurbəyovun Muxtarov küçəsində mülkü, Bəşir bəyin Ə. Cavad küçəsindəki iki mərtəbəli evi arxitektura cəhətdən nəzəri dərhal cəlb edir.
Əjdər bəy Aşurbəyov, Mehdixan bəy Aşurbəyov və Abbas bəy qardaşdırlar. Teymur bəy Əli bəylə Bala bəy Aşurovların atasıdır. Balabəy isə hörmətli tarixçi — alimimiz Sara xanımın atasıdır. Ağa Şərif bəylə Ağasi bəy də qardaşdırlar. Qalan Aşurbəyovlar da əksəriyyətlə bir-biri ilə ya əmioğlu, ya da bibioğlu və xalaoğludurlar. Aşurbəyovlar nəslən sabunçuludurlar. Onların neft yataqları başlıca olaraq, Sabunçuda və Zabratda olub. Onların ulu babaları Aşurxan Əfşardır. 1740- cı illərdə Nadir şah Bakıda olarkən Bakıda və ətraf kəndlərdə özünə arxa yaratmaq üçün Əfşar türk tayfalarından bir çoxunu sürgün edərək, Sabunçu, Zabrat və qismən Keşlə kəndlərində yerləşdirmişdi. Köçürülmüş tayfaların içərisində Nadirin ən yaxın adamı sərkərdə Aşur xan idi. 1743-cü ildə Ağsu yaxınlığında şirvanlıların qaldırdığı üsyanın yatırılmasında Aşur xanın yaxından iştirakına görə Nadir şah Sabunçu və Zabrat torpaqlarını həmişəlik ona bağışlamışdı. Aşurbəyovlar sülaləsi içərisində Əjdər bəy Aşurbəyov öz sərvəti və nüfuzu ilə xüsusilə fərqlənirdi. O hökümət dairələrində böyük hörmət sahibi idi. Təsadüfi deyildir ki, 1883-cü ildə Bakıya gəlmiş imperator III Aleksandrı Bakının seçmə zadəganları adından məhz təbrik etmişdi.
Əjdər bəy Aşurbəyov Sabunçu kəndində anadan olmuşdur. İbtidai təhsilini evdə alıb. Sonra kənd təsərrüfatı ilə məşğul olur. Keçən əsrin axırlarında neft istehsalı sahəsində ilk addımlarını atır. 1893-cü ildə Sabunçudakı mədənlərində bir quyusu fantan vurur. Bu onu dərhal milyonçular sırasına qaldırır. Sonralar Sabunçuda beş mədənin sahibi olur. Bunlardan ikisini özü işlədir, ikisini Nobel qardaşlarına, birini isə Şibayevə icarəyə verir. 1915-ci ildə onun Nobellə müqaviləsinin müddəti bitir və Əjdər bəy mədənləri özü idarə etməyə başlayır. Onun işlərində oğlu İsmayıl yaxından iştirak edirdi, indiki Səməd Vurğun küçəsindəki Göy məscidi Əjdər bəy tikdirmişdir. O on il şəhər dumasının qlasnısı olub. Qradonaçalnikin yanındakı neft işləri üzrə komissiyanın üzvü idi. Uzun illər Sabunçu şəhər məktəbinin hamisi olmuşdur.
BAKI VƏ BAKILILAR
Qılman İlkin