BAKI MİLYONÇULARI

19-cu əsrdə Bakı şəhəri öz milyonçularının sayı etibarilə Rusiyanın şəhərləri içərisində görkəmli yerlərdən birini tuturdu. Neft bu şəhəri iri sərmayədarlar yurduna çevirmişdi. Lakin Bakı milyonçuları başqa şəhərlərin milyonçularından onunla fərqlənirdilər ki, onlar bu sərmayə və sərvəti irsi olaraq, öz ata və babalarından almamışdılar. Bir qayda olaraq, əksəriyyəti fəhləlikdən, yoxsulluqdan öz zəhmətləri ilə milyonçu dərəcəsinə yüksəlmişdilər. Əvvəllər öz zəhmətləri, kamal və səyləri onları irəli aparmış, sonralar isə güclü neft fantanları onları sərvətin yüksək dərəcəsinə qaldırmışdı. Biz Bakının bu milyonçularından bir neçə nəfəri haqqında danışacağıq.

MURTUZA MUXTAROV

Z. Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbaycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovdur. Öz millətinin tərəqqisi naminə heç bir şeyini əsirgəməyən, keçmiş Bakının abadlaşmasına çar məmurlarından qat-qat artıq diqqət yetirən, qayğısına qalan milyonçulardan biri idi. Muxtarovun adı daha çox Bakıda neft çıxarılması texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar, çətin ki, tapılaydı. Muxtarov diplomsuz neft mühəndisi kimi şöhrət tapmış, Azərbaycan neft sənayesi tarixinə özünün ixtirası ilə daxil olmuşdur. 1896- cı ildə o qazma və ştanqların endirilib qaldırılması kimi əsas və başqa köməkçi işləri icra edən xüsusi bir dəzgah yaratmış və bundan ötrü patent də almışdı. 1890- cı ildə yaratdığı «Podrat qazma» kontoru Bakının Balaxana, Suraxana, Ramana və Sabunçu neft rayonlarında neft quyularının qazılmasında böyük rol oynamışdır. Bu
sahələrdəki quyuların əksəriyyəti onun «Podrat  qazma» kontoru tərəfindən qazılmışdır. Bundan əlavə özünün xüsusi mədənləri də vardı. Elektrik qatarı ilə Bakıdan Buzovnaya gedərkən Sabunçudan sonra birinci dayanacaq onun adı ilə «Muxtarovk a» adlanır. Bu dayanacağın ətrafındakı bütün neft quyuları vaxtilə ona məxsusdu.
Murtuza Muxtarov Bakının Əmirhacıyan kəndində anadan olmuş və əmək fəaliyyətinə də bu kənddə başlamışdır. O da Bakının bir sıra milyonçuları kimi adi fəhlədən neft maqnatı səviyyəsinə yüksəlmişdir. Uzun müddət malakeşlik etdikdən sonra araba ilə neft daşımış, xırda podratçılıqla məşğul olmuşdur. Qara qızıl fantanları nəhayət onun da üzünə gülərək, əlini milyonlara çatdırmışdır.
Muxtarov bizə əzəmətli binalar miras qoyub getmişd Bakı şəhərində, onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın bəzi ölkələrində hazıradək hifz olunub qalmış bir çox binalar onun adı ilə bağlıdır. 1910-cu ildə Əmirhacıyan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır. Məscidin günbəzini başa çatdırmaq üçün o dövrün ən görkəmli memarı olan Zivər bəy Əhmədbəyov dəvət edilmişdi. İctimai binalar, məktəblər inşa etmək üçün Muxtarov vəsaitini heç zaman əsirgəməmişdi. Muxtarovun şəhərdə olan binaları içərisində ən əzəmətlisi 1911-1912-ci illərdə indiki Muxtarov küçəsi ilə Əhməd Cavad küçəsinin tinində fransız qotikası üslubunda ucaldılan binadır. Mühəndis Ploşkonun layihəsi əsasında tikilmiş bu bina indi də şəhərimizə bəzək verir. 1913-cü ildə Abşeronun qumsal dəniz sahilində mayaq qülləsi (indi bu mayaq işləmir), Mərdəkanın Pirhəsən adlanan yerində Axund Mirzə Abu Turabın qəbri üstündə günbəz, Vladiqafqaz şəhərində məscid, Kislovodskda, İtaliyanın Florensiya şəhərində mövcud olan gözəl, yaraşıqlı binalar M. Muxtarovun pulu ilə tikilmişdir.
Müxtarov Bakının demək olar ki, bütün xeyriyyə cəmiyyətlərində yaxından iştirak edir və maddi köməyini əsirgəmirdi. O da H. Z. Tağıyev kimi xeyriyyəyə bəşəri məqsədlərə çatmaq üçün bir vasitə kimi baxır, onda fəlsəfi bir məna görürdü.
Muxtarov sözün həqiqi mənasında bir ziyalı idi. Mətbuat işlərinə qayğı ilə yanaşması, tələb olunan vəsaitdən heç vaxt boyun qaçırmaması buna sübutdur. İncəsənət xadimlərinin maddi və mənəvi ehtiyaclarına da biganə deyildi. 1913-cü ilin yayında belə bir hadisə olmuşdu. Azərbaycan səhnəsinin böyük artisti Hüseyn Ərəblinski vərəm xəstəliyinə tutulmuşdu. Vəziyyəti gündən-günə ağırlaşırdı. «Sədayehaqq» qəzeti 1913-cü il 21 avqust tarixli nömrəsində yazırdı: «Müsəlman səhnəsinin ən adil, məşhur və köhnə artistlərindən biri Ərəblinskinin cavan ömrü ümumsəhnə artistlərinin, səhnə həvəskarlarının gözü qabağında şam kimi əriyib getməkdədir».
Təkcə «Sədaye haqq» deyil, Bakının demək olar ki, bütün demokratik əhvali-ruhiyyəli qəzetləri bu məsələ ətrafında həyəcan təbilləri döyərək, şəhər varlılarını xəstə artistə kömək əli uzatmağa çağırırdılar. Lakin çağırış cavabsız qalır, Bakı varlılarından haray verən olmurdu. Təkcə Murtuza Muxtarov xəstə artistin halına acıyaraq, ona 700 manat verib, müalicə olunmaq üçün Abastumana göndərmiş və tapşırmışdı ki, müalicə olunmayınca geri dönməsin və lazım olarsa ona əlavə vəsait göndərəcəkdir. Müalicə olunmuş H. Ərəblinski sonra «Baku» qəzeti vasitəsilə öz minnətdarlığını belə bildirmişdi: «Cənab redaktor! İcazə verin sizin qəzet vasitəsilə, xəstə artistin halına qalaraq, pozulmuş səhhətimi düzəltmək üçün 700 manat pul vermiş və habelə sonrakı xərcləri də öz üzərinə götürmüş yeganə adam kimi cənab Murtuza Muxtarova öz dərin minnətdarlığımı bildirim. Bundan ötrü mən də, mənim ailəm də dərin təşəkkürümüzü bildiririk.
Artist Hüseyn Ərəblinski»
(«Baky» №194, 31 aвrycт 1918).
Muxtarovun incəsənət xadimlərinə göstərdiyi qayğıya ikinci bir misal: O, Saratovda olduğu zaman (burada onun neft məhsulları kontoru vardı) küçədə qaraçıya oxşayan qara saçlı bir qızın şarmankada çalıb, oxuduğunu eşidir. Qızın səsi ona xoş gəlir. Xüsusilə qızın  azərbaycanlı olduğunu biləndən  sonra onu konservatoriyaya aparır, onun vokal şöbəsinə daxil olmasına kömək edir və xərcini çəkir. Bu, sonralar məşhur opera artisti olmuş Fatma Muxtarova idi. Belə misallardan çox göstərmək olar. Adamların elmə, biliyə yiyələnmələri üçün Muxtarov əlindən gələni edirdi. Bakının Xalq Təhsili muzeyində görkəmli qadınlarımızdan Məryəm xanım Bayraməlibəyovanın xatirə dəftəri saxlanılır. Bu xatirə dəftərinin bir yerində Məryəm xanım yazır ki, Bakıda «Müqəddəs Nina» məktəbini bitirdikdən sonra Moskvaya gedib, tibb institutuna daxil olur. Lakin maddi vəziyyəti ağır olduğundan Murtuza Muxtarova müraciət edir. Muxtarov tərəfindən dərhal ona təqaüd müəyyən edilir.
Bakıda üzvü olduğu «Səadət» xeyriyyə cəmiyyəti üçün məktəb binasını da Murtuza Muxtarov tikdirmişdir. Muxtarovun mətbuat sahəsindəki xidmətlərinə gəlincə demək lazımdır ki, bu sahədə o hər şeydən qabaq dövrünün qabaqcıl maarifpərvərlərindən biri idi. Maarifpərvərliyin məhz qəzet və mətbuat vasitəsilə yayılıb inkişaf etməsinə dərin inamla baxırdı. 1908-ci il iyun ayının 3-dən fəaliyyətə başlamış «Tərəqqi» qəzeti “İrşad” mətbəəsində Muxtarovun pulu ilə çap edilirdi. Qəzetin baş mühərriri Əhməd bəy Ağayev idi. O İstanbula getdikdən sonra qəzet bir müddətə bağlanır. Muxtarov yenə mətbuat işlərindən geri çəkilmir. O, “İrşad” mətbəəsini pulla alır, daimi istifadə üçün Haşım bəy Vəzirovun sərəncamına verir. Milli mətbuatın yayılmasına olan bu qayğısı ilə yanaşı o milli azadlıq hərəkatını da alqışlayır və imkan düşdükcə ona maddi yardım da göstərirdi.
1905-1911-ci illərdə Cənubi Azərbaycanda davam edən milli-azadlıq hərəkatı və onun başçıları Səttar xan və Bağır xana öz rəğbətini açıq ifadə edə bilməsə də onlara gizli yollarla kömək etməkdən çəkinmirdi. Əlimizdə olan bir sənəd bunu sübut edir. 1908-ci il 10 oktyabrda Qafqaz canişini əvəzinin mülki işlər üzrə müavininin Bakıya göndərdiyi gizli məktubda belə deyilirdi: «Canişin əvəzinin aldığı məlumata görə Qafqazın inqilabi əhvali-ruhiyyəli müsəlmanları İran inqilabçılarına pul və silahla kömək edirlər. Həmin məlumatda göstərildiyi kimi böyük maddi vəsaitə malik Bakı əhli Muxtarov və Tağıyev də belələrindəndir. Canişin əvəzinin göstərişi ilə yuxarıda adları çəkilən şəxslərin üzərində gizli nəzarət qoyulmasını xahiş edirəm».
Onu da göstərək ki, Bakı xeyriyyə cəmiyyətləri də bu işdə geri qalmamışdılar. Bu cəmiyyətlər benefislər təşkil edir, toplanan pulları gizli yollarla İrana göndərirdilər. «Nicat» cəmiyyəti bir neçə dəfə belə təşəbbüsdə olmuşdu.
Son zamanlar M. Muxtarov barədə bir sıra ötəri qeydlərə təsadüf olunur. Bu qeydlərin üstündən ona görə ötüb keçmək olmaz ki, bunlar Muxtarovun şəxsiyyətini oxucuların nəzərində hörmətdən sala bilər. Məsələn yazırlar ki, guya Muxtarov milyonçuluğa qoçuluqdan gəlmişdir. Hətta onu qoçuların qoçusu da adlandırırlar. Əlbəttə, bu səhvdir. Muxtarov qoçu olmamışdır. Bəs bu şayiə haradan doğub? Bu bir həqiqətdir ki, Muxtarov çox zəhmli bir adam olub. Qoçulardan heç kim cürət edib ona yaxın düşməzmiş. Başqa milyonerlərin xüsusi qoçuları olduğu halda Muxtarovun buna ehtiyacı yoxdu. Onun təkcə zəhmi, vahiməsi kifayət imiş ki, qoçular ondan yan gəzsinlər.
Təbiətcə çox məğrur olan bu şəxsin həyatı faciə ilə bitmişdir. Bakıda Aprel inqilabının ilk günləri idi. Bu günlərdən birində Muxtarov Vrangel (indiki Əhməd Cavad) və Persidski (indiki Muxtarov) küçələrinin tinindəki mənzilinə iki  silahlı hərbçi gəlir. Muxtarov qapını açıb, onları gördükdə atəş açıb, onlardan Anosov adlı birisini öldürür, ikinci gülləni də öz alnına çaxır. İnqilabın ilk günlərində şəhərdə talan başlanmış və bir neçə gün davam etmişdi. Bakılılar davam edən bu talanı «Talan həftəsi» adlandırmışdılar.  Aranın qarışmasından istifadə edən soyğunçular evlərə, idarələrə basqın edir, arvadların qulaqlarından, boyunlarından  qızıl bərbəzəyi  güclə  çıxarır,  qiymətli  avadanlığı  aparırdılar.  Bu   soyğunçuların içərisində bolşeviklərə də rast gəlmək olardı. Köhnə bakılıların dediklərinə görə bu talanlara başçılıq edən Mikoyan ilə Sərkis idi. Şəhərdəki bu özbaşınalığı Muxtarov eşidir və görürdü. Muxtarovların ailə həkimi olan Fingilişteynin  dediyinə  görə onsuz da son hadisələrdən əsəbləri pozulmuş Muxtarov evinə soxulmuş bolşeviklərə əsəbi vəziyyətdə atəş açmışdır.

BAKI VƏ BAKILILAR
Qılman İlkin

Əlaqədar məqalələr
Book Cafe

“Üzrün günahından betər” keysi üzərindən Real-time müştəri məmnuniyyət(sizliy)i

“Üzrün günahından betər” keysi üzərindən Real-time müştəri…
►►►
Book Cafe

İcarə haqqında-fiziki şəxs

İcarə haqqında-fiziki şəxs “İcarə haqqında” Azərbaycan Respublikası…
►►►
Book Cafe

Pərakəndə ticarət fəaliyyəti zamanı vergi öhdəlikləri

Pərakəndə ticarət fəaliyyəti zamanı vergi öhdəlikləri Pərakəndə ticarət…
►►►