BAKI MİLYONÇULARI
19-cu əsrdə Bakı şəhəri öz milyonçularının sayı etibarilə Rusiyanın şəhərləri içərisində görkəmli yerlərdən birini tuturdu. Neft bu şəhəri iri sərmayədarlar yurduna çevirmişdi. Lakin Bakı milyonçuları başqa şəhərlərin milyonçularından onunla fərqlənirdilər ki, onlar bu sərmayə və sərvəti irsi olaraq, öz ata və babalarından almamışdılar. Bir qayda olaraq, əksəriyyəti fəhləlikdən, yoxsulluqdan öz zəhmətləri ilə milyonçu dərəcəsinə yüksəlmişdilər. Əvvəllər öz zəhmətləri, kamal və səyləri onları irəli aparmış, sonralar isə güclü neft fantanları onları sərvətin yüksək dərəcəsinə qaldırmışdı. Biz Bakının bu milyonçularından bir neçə nəfəri haqqında danışacağıq.
MUSA NAĞIYEV

Nobel qardaşları istisna edilərsə, Bakı milyonçuları içərisində ən varlısı Musa Nağıyev idi. Parisdə yaşamış nəvəsi Ümmülbəninin yazdığına görə babasının Bakıda 70-ə yaxın imarəti vardı. Şəhərin ən gözəl imarətləri Musa Nağıyevə məxsusdu. Xalq içərisində onun xəsisliyi barədə çoxlu rəvayətlər yayılmışdı. Əslində Nağıyev deyildiyi dərəcədə də xəsis deyildi. Bəzən qəpiyə xəsislik eləyirdisə, böyük kapital qoyuluşunda başqa milyonçulardan, hətta Tağıyevdən də geri qalmırdı. Məsələn, 28 may küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, İstiqlaliyyət küçəsindəki məktəbin üçüncü mərtəbəsi, Krasnovodsk (indiki Səməd Vurğun) küçəsində Qış klubu (indiki Zabitlər evi), «Astoriya» və «Yeni Avropa» mehmanxanaları və sair bu kimi şəhərin gözə gəlimli binaları Musa Nağıyevin pulu ilə tikilmişdir. Nəhayət, şəhər memarlığının tacı hesab edilən məşhur “İsmailiyyə” binası. Musa Nağıyev bunları bizə miras qoyub getmişdir. Kimsə nə vaxtsa ona demişdi ki, ucaldılan hər bir bina sahibinin ömrünü bir az da uzadır. Buna görə imarət vurğunu olmuşdu. Hazırda Musa Nağıyev xəstəxanasının geniş işıqlı otaqlarına daxil olarkən Musa Nağıyevin xeyriyyə sahəsindəki böyük xidmətlərini istər-istəməz iftixarla xatırlayırsan. Bu xəstəxananı o 1913-cü ildə tikdirmişdi. Həmin ildə Bakıda xəstəxanaya olan böyük ehtiyacı duyan Musa Nağıyev şəhər dumasına müraciət edərək, bildirmişdi ki, öz pulu hesabına 225 çarpayılıq xəstəxana tikdirmək fikrindədir və indidən onun xərcini şəhər kassasına verməyə hazırdır. Ancaq bir şərtlə ki, xəstəxana gərək üç ilə hazır olsun. Bundan əlavə xəstəxanada müsəlmanlar üçün 50 çarpayılıq ayrıca bir şöbə olmalıdır.
Şəhər Bələdiyyə İdarəsi Staroselski və Aleksandr bulvarlarının arasında yer ayıraraq inşa işlərinə başlayır. Musa Nağıyev 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olmuşdur. Onun atası saman satmaqla məşğul idi. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edir. 25 yaşına çatanda atası ölür. Öləndə atasının 300 manat borcu qalır. Ruhdan düşməyən Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açır. Beləliklə cibində bir qəpik olmadan 500 manat borcla müstəqil fəaliyyətə başlayır. İki ildən sonra Musa Nağıyev borcunu qaytarır və parça alverinə başlayır. 5 ildən sonra 2.000 manat qənaət toplayır. Çoxdan bəri arzuladığı bir peşə vardırsa o da neft işləri ilə məşğul olmaqdı. Topladığı pula Qara şəhərdə əl ilə işləyən kiçik bir kerosin zavodu alır. Bu zavod onun qazanc yolunda atdığı ilk addım oldu. Sonra neftli torpaq sahələri alaraq, böyük bir energiya ilə neft istehsalına başlayır. Xüsusilə Bibiheybətin mədənlərində bir-birinin dalınca vuran neft fantanları başqaları kimi onu da milyonçu dərəcəsinə qaldırır. Ramana və Sabunçu rayonlarındakı mədənlərindən gəliri gün-gündən artır. Həmin bu illərdə o müsəlman arvadını boşayıb, Yelizaveta Qriqoryevna adlı bir gürcü qadına evlənir. Müsəlman arvadından olan İsmayıl adlı oğlu vərəm xəstəliyinə tutulur. Halı ağırlaşdığı zaman onu İsveçrəyə müalicəyə göndərir. Ancaq müalicə gecikdiyi üçün İsmayıl İsveçrədə ölür. Onun ölüsünü gətirib Bakıda dəfn edirlər. İstiqlaliyyət küçəsində tikdirdiyi bina da İsmayılın xatirəsinə “İsmailiyyə” adlandırılır.
Bakı qəzetlərindən biri yazırdı ki, Ağa Musa Nağıyev müsəlman xeyirxahlarından ən səxavətlisidir. Bu sözlərdə Nağıyevin xeyirxahlığı şişirdilmiş olsa da, hər halda bir həqiqət də vardı. Nağıyev xeyriyyə cəmiyyətlərinin əksərində Tağıyevlə yanaşı iştirak edirdi. Yenə həmin qəzetin yazdığına görə nəinki Bakıda və habelə başqa şəhərlərdəki xeyriyyə cəmiyyətlərinin iri ianə xəzinəsinə üst-üstə
yarım milyona qədər pul daxil etmişdir. Yuxarıda deyildiyi kimi, 1913-cü ildə şəhər xəstəxanası tikintisi üçün üç yüz min manat, Bakı real məktəbinin abadlığı,
3-cü mərtəbənin tikilişi üçün, qiraət otağı, kimya kabineti və məktəbin parket döşəməsi üçün 30 min, Gəncədə müəllimlər seminariyası üçün 15 min, Şamaxı real məktəbinə 1.300 manat, «Səfa» cəmiyyətinə ildə 500 manat, Tiflis məktəbinə 500 manat, «Nur» mədrəsəsinə 500 manat, Semireçinsk əyalətində zəlzələdən zərər çəkənlərə 1.000 manat pul ayırmışdır. 1913-cü ildə müsəlman xeyriyyə
cəmiyyətlərinin kassasına 253 min manat pul köçürülmüşdür. Musa Nağıyev 20 il Bakı şəhər dumasının qlasnısı olub. 1908-ci ildən ölümünədək Bakı real məktəbinin hamisi idi. Bakı milyonçularından bəziləri öz həyatlarını qorumaq üçün yanlarında həmişə muzdlu qoçu saxlayırdılar. Bu bir qayda idi. Musa Nağıyev isə xəsislik edərək, bunu əlavə xərc hesab edirdi. Bu da Nağıyevdən pul qoparmaq üçün onu oğurlayanlar üçün yaxşı şərait yaradırdı. Hətta bir dəfə başda Stalin olmaqla Bakı bolşevikləri də Nağıyevi oğurlayıb, ondan külli miqdarda pul almışdılar.
Məlum olduğu kimi 1912-ci ildə mühəndis Lütfəli bəy H. Z. Tağıyevi məhkəməyə vermişdi. Bu xəbər o dövrdə fövqəladə bir hadisə kimi böyük hay- küyə səbəb olmuşdu. Məhkəməyə şahid kimi çağırılmış Musa Nağıyev düzgün şəhadət vermək üçün Qurana əl basmaqdan imtina etmişdi. Məlum olmuşdu ki, o bəhaidir. Buna görə Quran əvəzinə bəhailərin müqəddəs kitabı hesab edilən «Kitabi Əqdəs»ə and içmişdi. Bəhaizm mahiyyət etibarilə yeni bir din idi. Bəhailər onu İslamda bir təriqət kimi deyil, müstəqil din kimi qəbul edirdilər.
Nağıyev öləndən sonra ondan qalmış zəngin mirasın bölünməsi zamanı Ruhani idarəsi də onun irsindən pay umurdu. Nağıyevin yaxın adamları isbat etmişdilər ki, o Qurana inanmadığı üçün Ruhani idarəsinə pay düşmür. Öz fikirlərini isbata yetirmək üçün Tağıyevin məhkəməsində Musa Nağıyevin Qurana and içmədiyini dəlil kimi göstərirdilər.
1912-ci ildə Musa Nağıyev Hacı Zeynalabdinin yaxın dostu kimi Hacının əfv edilməsi məqsədilə çarın yanına gedən nümayəndə heyətinə daxil edilmişdi. Musa Nağıyev 1919-cu ilin mart ayında 67 yaşında vəfat etmişdir.
Nağıyevin ölümündən sonra məhkəmə onun mirasını aşağıdakı qaydada varisləri arasında bölüşdürmüşdür: 1. İki dul arvadı: Ümmülsəlmə və Yelizaveta Qriqoryevnaya mirasın altıdan bir hissəsi. 2. Nəvələri: Kübra xanım, Səriyyə xanım və Ümmülbəninə və qızı Gülsara Həsənovaya hər birinə otuz ikidən yeddi hissəsi.
BAKI VƏ BAKILILAR
Qılman İlkin