BAKI MİLYONÇULARI

19-cu əsrdə Bakı şəhəri öz milyonçularının sayı etibarilə Rusiyanın şəhərləri içərisində görkəmli yerlərdən birini tuturdu. Neft bu şəhəri iri sərmayədarlar yurduna çevirmişdi. Lakin Bakı milyonçuları başqa şəhərlərin milyonçularından onunla fərqlənirdilər ki, onlar bu sərmayə və sərvəti irsi olaraq, öz ata və babalarından almamışdılar. Bir qayda olaraq, əksəriyyəti fəhləlikdən, yoxsulluqdan öz zəhmətləri ilə milyonçu dərəcəsinə yüksəlmişdilər. Əvvəllər öz zəhmətləri, kamal və səyləri onları irəli aparmış, sonralar isə güclü neft fantanları onları sərvətin yüksək dərəcəsinə qaldırmışdı. Biz Bakının bu milyonçularından bir neçə nəfəri haqqında danışacağıq.

ŞƏMSİ ƏSƏDULLAYEV

Bakıda neft sənayesinin görkəmli nümayəndələrindən olub. Onun adı həmişə Nobel qardaşlarının adı ilə qoşa çəkilirdi. Neftin Rusiyaya daşınmasında buxar gəmisindən birinci istifadə edən neftxüdadır. Şəmsi  Əsədullayev  də  bir  çox  Bakı  milyonçuları  kimi  yoxsul  ailədən çıxmışdır. Nəslən bakılıdır. 1840-cı ildə Bakının Əmirhacıyan kəndində anadan olmuşdur. Cavanlıqda kənddə atasının əkin-biçininə kömək edir, araba ilə biçilmiş taxılı daşıyır, xırman salır, bir sözlə, hər şeydə atasına kömək edirdi. Bu illərdə əmirhacıyanlıların əsas taxıl yerləri Suraxana torpaqlarında idi. 19-cu əsrin əvvəllərində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanada neft çıxarılması və kerosin emalı ilə məşğul olan rus tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanada Atəşgahın yanında kerosin emal edən bir zavod tikdirmişdilər. Əvvəllər kerosini qırdan alırdılar. Sonralar quyular qazılmağa başladı. Tezliklə Suraxana ağ neftinin şöhrəti bütün Rusiyaya yayıldı. Torpaqsız qalan Suraxana və Əmirhacıyan kəndliləri neft mədənlərində işləməyə məcbur oldular. Bəzisi zavodda fəhlə işləyir, bəzisi də arabalarla quyulardan zavoda neft daşıyırdılar. Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq, neft işinə qurşanır. O, öz bacarığı sayəsində qısa müddətdə, yəni 1860-cı ildə Kokorevin yanında işlər müdiri (prikazşik) vəzifəsinə yüksələ bilir. Bir müddətdən sonra o neft və duz podratçılığı ilə məşğul olur. 15 il müddətində o xeyli qazanc əldə etdikdən sonra podratçılığı buraxaraq, kerosin zavodu açır. Rusiyanın bazarları ilə əlaqə saxlayaraq, onlara kerosin satmağa başlayır. Neftin Rusiyaya daşınması onu daha çox düşündürürdü. 1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfər ilə birlikdə şirkət təşkil edir. Əldə edilən neftin Rusiya bazarlarına çıxarılması onu daha çox düşündürürdü. Nəhayət, 1891-ci ildə neftin Xəzər vasitəsi ilə daşınması sahəsində Bakı neft kapitalistləri içərisində ilk dəfə olaraq, buxar şxunu (iki və üç dorlu yelkənli gəmi) sifariş verir. Neftin çıxarılması və emalı sahəsində də o Nobel qardaşları ilə ayaqlaşmağa çalışırdı. Volqada noviqasiya bağlananda xırda neft sahibkarlarından ucuz qiymətə neft alaraq anbarlara doldurur və noviqasiya açılan kimi onu baha qiymətə Rusiyanın şəhərlərində satdırırdı. Bu məqsədlə o çoxlu neft anbarları tikdirmişdi. Bundan əlavə Volqa boyu şəhərlərində də anbarları vardı. Bir çox şəhərlərdə onun anbarları Nobel qardaşlarının anbarları ilə yanaşı dururdu.
1895-ci ildə təzə aldığı torpaq sahələrindən birində böyük fantan vurur. Fantan 56 gün davam edir. Fantan hər gün 1 milyon altı yuz min pud neft verirdi. Bu Bakı neft sənayesi tarixində ən məşhur fantanlardan biri idi.
Əsədullayevin neft hasilatı artdıqca onun Volqa boyu şəhərlərində, Moskvada, Polşada, habelə Orta Asiyada, İranda neft anbarlarının sayı artırdı. Orta Asiya və İranda neft anbarlarının sayı 36-ya yaxın idi.
Şəmsi Əsədullayev ikinci dəfə Mariya Petrovna adlı bir rus qadınına evlənəndə arvadı Ümsəlmə, oğlanları Mirzə, Əli və qızları Sara, Xədicə və Ağabacı ilə onun arasında narazılıq baş verir və Şəmsi 1903-cü ildə Moskvaya köçməyə məcbur olur. Peterburqda və Moskvada bir neçə yerdə mülklər tikdirir, Xeyriyyə işləri ilə məşğul olur. Yoxsul uşaqlar üçün məktəb açdırır. Hazırda Moskvada Kiçik Tatar döngəsində olan 8 nömrəli evi də Əsədullayev tikdirib, o zaman təzə yaradılmış olan Tatar Mədəniyyət cəmiyyətinə bağışlamışdı. Vaxtilə bu binada tatar məktəbi, tatar kitabxanası, konsert salonu və yetimlər üçün uşaq evi olub.
Əsədullayev, demək olar ki, bütün qış aylarını Moskvada və Peterburqda keçirirdi. Bakıda onun neft işləri ilə böyük oğlu Mirzə Əsədullayev məşğul olurdu. Volqada noviqasiya açılan kimi Bakıya gələr və neçə ay müddətində anbarlarda toplanmış nefti Rusiyaya öz müştərilərinə göndərməyə başlardı.
Bakıda olan ailəsi onun Tolstoy və Qoqol küçələrinin tinində tikdirdiyi əzəmətli binada yaşayırdı. Şəmsi Mariya Petrovna ilə 20 il ömür sürür. Mariya xeyriyyə işlərində əri ilə birlikdə inam və energiya ilə işləyirdi. O, bu 20 il içərisində şəxsən özü 20 milyon pul toplamışdı. Mariya Petrovna əri Şəmsi  ilə birlikdə xarici ölkələrdə olmuş və Avropanın məşhur kurort şəhərlərində dincəlmişdilər. Şəmsi 1913-cü ildə Romanovlar xanədanının 300 illiyi ilə əlaqədar Tiflis Müəllimlər İnstitutunda öz adına iki təqaüd təyin etdirir.
Əsədullayev 1913-cü il 21 apreldə Yaltada günvurmadan 72 yaşında vəfat etmişdir. Onun meyiti Bakıya gətirilərək dəfn edilmişdir.
Əsədullayevin böyük oğlu Mirzə Musa Nağıyevin qızına, kiçik oğlu Əli isə H. Z. Tağıyevin  Leyla  qızına  evlənmişdilər.  Qızı  Sara  atasının  işlər  müdiri  Zal Həsənovun arvadı olu Bu yaxın zamanda Paris şəhərində vəfat etmiş azərbaycanlı yazıçı Ümmülbənin Mirzə Əsədullayevin qızıdır. Əsərlərini fransız dilində yazırdı. O iki milyonçu babanın — Şəmsi Əsədullayevlə Musa Nağıyevin nəvəsidir.
Şəmsi Əsədullayevin Mərdəkanda əzəmətli bir bağı vardı. Bu bağ özünün çox böyük sahəsi və əzəmətli arka qapısı ilə fərqlənirdi. Bağ 19-cu əsrin axırlarında salınmışdı. Sovet höküməti bu bağı müsadirə edib, sanatoriyaya çevirmişdi.

BAKI VƏ BAKILILAR
Qılman İlkin

Əlaqədar məqalələr
Book Cafe

“Üzrün günahından betər” keysi üzərindən Real-time müştəri məmnuniyyət(sizliy)i

“Üzrün günahından betər” keysi üzərindən Real-time müştəri…
►►►
Book Cafe

İcarə haqqında-fiziki şəxs

İcarə haqqında-fiziki şəxs “İcarə haqqında” Azərbaycan Respublikası…
►►►
Book Cafe

Pərakəndə ticarət fəaliyyəti zamanı vergi öhdəlikləri

Pərakəndə ticarət fəaliyyəti zamanı vergi öhdəlikləri Pərakəndə ticarət…
►►►