“Deneyap” texnologiya laboratoriyasının ilk modulu başa çatıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “Deneyap şənliyi” keçirilib.

“Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasının “Dizayn və istehsal” modulunun başa çatması münasibətilə gerçəkləşən tədbirdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, “ASELSAN-Bakü” şirkətinin direktoru Özgür Kürüm, laboratoriyanın şagirdləri və onların valideynləri iştirak ediblər.
20-yə yaxın komanda 12 həftə davam edən “Dizayn və İstehsal” dərsləri əsasında “Xəyalımdakı səyahət” layihəsinin prototiplərini təqdim ediblər. Komandalar “Bilim Bakı” mərkəzinin müəllimləri və mütəxəssislərdən ibarət 4 nəfərlik münsiflər heyəti qiymətləndirilib. Nəticəyə əsasən hər sinif üzrə (5, 6, 7 və 8-ci siniflər) 1-ci, 2-ci və 3-cü yerlər üzrə qaliblər mükafatlandırılıblar.
Sonda “Bilim Bakı” mərkəzində təcrübəçi kimi fəaliyyət göstərən könüllülərə və şagirdlərə “Dizayn və istehsal” modulunu uğurla başa vurduqlarına görə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.
“Deneyap” texnologiya laboratoriyasının ilk modulu olan “Dizayn və istehsal” dərsləri çərçivəsində şagirdlər metodları mənimsəyərək istehsalatda istifadə edilən müxtəlif avadanlıqlarla işləməyi, 3D modelləşdirməyə aid “Fusion360” proqramını və 3D printerlərin iş prinsiplərini öyrəniblər. Eyni zamanda dizayn əsaslı düşüncə və layihə əsaslı öyrənmə metodologiyası əsasında dərslər alıblar.





“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı 2 mərhələdən ibarət olub. 1-ci mərhələ olan yazılı imtahanda iştirak edən Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 4, 5, 6, 7-ci sinfini bitirən 1200-ə yaxın şagird arasından ən çox bal toplayan 334 şagird 2-ci mərhələ olan praktiki imtahanda iştirak edib. Hər iki mərhələdə ümumi olaraq ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq hüququ qazanıb.