Gözəllik və rahatlığı özündə birləşdirən məhsullar

Dəri materialından hazırlanmış məhsullar təkcə dizaynlarının gözəlliyi ilə müştərini özünə cəlb etmir. Belə məhsullardan istifadə həm də insanın rahatlığını təmin edir. “Alison’s Leather Atelier”in hazırladığı məhsullar məhz bu iki xüsusiyyəti – gözəllik və rahatlığı özündə birləşdirir. Müş tərilərin istəyini nəzərə alaraq hazırlanmış “Alison’s Leather Atelier”in yumşaq materiallı, gözəl dizaynlı təkmil modelləri artıq Azərbaycanda bir brend olaraq tanınmaqdadır. “Alison’s Leather Atelier”in təsisçisi Xaliq Abuşov müsahibəsində təqdim etdikləri məhsullar barədə daha geniş məlumat verir.

  • Xaliq müəllim, “Alison’s Leather Atelier” nə zamandan fəaliyyət göstərir və onun əsas fəaliyyəti nədən ibarətdir? Hansı əl işlərini təqdim edirsiniz?

Atelyemiz 2020-ci ildən tam peşəkar şəkildə fəaliyyət göstərir. Müştərilərin tələblərini və dizayn istəklərini nəzərə alaraq, individual şəkildə tamamilə əl işləri olan məhsulları təqdim edirik. Müxtəlif dəri aksesuarlarını – saatlar, qolbaqlar, breloklar, cüzdanlar, kəmərlər, çantalar, longerlər, qulaqcıq “case”lər və s. istehsal edən yerli Azərbaycan brendiyik. Müştərilərimizin tələbləri daha çox cüzdanlara olduğundan onlar üçün bu məhsulların hazırlanmasına daha çox üstünlük veririk.

  • Korporativ şirkətlər üçün də məhsullar təqdim edirsiniz?

Bəli, biz böyük korporativ şirkətlərlə də əməkdaşlıq edib onlara xidmət sektorlarına uyğun məhsullar təqdim edirik.
“Gautier”, “Gaga Factory”, TTİB, “Cariolet” şirkətləri, “Xalq”bank, “MarkUp Agency”, ELAB satış mağazası və s. əməkdaşlıq etdiyimiz müştərilər arasındadır. Korporativ müştərilərimiz üçün təqdim etdiyimiz məhsullar dəri önlüklər, kataloqlar, restoranlar üçün menyular və s.-dir. Ümumilikdə korporativ müştərilərimizin sayı o qədər çox olmur. Müştərilər üçün daha çox fərdi qaydada satış həyata keçiririk.

  • Məhsullarınız üçün materialları haradan əldə edirsiniz?

Məhsullarımızın hazırlanması üçün Türkiyə, Fransa, İtaliya və Rusiya istehsalı olan birinci sinif premium dərilərdən istifadə edirik. Biz halal yolla kəsilmiş heyvanların dərilərindən istifadəyə üstünlük veririk. Müsəlman ölkəsi olduğundan Türkiyədə dərilərini istifadə etdiyimiz heyvanların kəsimi tam halal yolla aparılır və daha sonra dəriləri aşılanır. Buna görə də daha çox Türkiyə istehsalı olan dərilərdən istifadə edirik. Bizim müştərilərimiz də bu amilə, yəni heyvanların hansı mühitdə, necə kəsilməsinə çox böyük diqqət yetirirlər.

  • Əl işlərinizin satışını necə təşkil edirsiniz?

Əl işlərimizin satışını emalatxanalarımız və internet üzərindən təşkil edirik. Müştərilər emalatxanamıza yaxınlaşaraq istədiyi dərini, dizaynı, hətta sap rəngini belə seçirlər və həmin istək əsasında da biz məhsulları istehsal edirik.

  • Dəri məhsullarının istehsalı sahəsində kifayət qədər rəqabət mövcuddur. Belə bir şəraitdə fəaliyyət göstərmək, müştəri tapmaq çətindir?

Gördüyümüz iş bir qədər incəsənətə meyillidir. Bu baxımdan hər bir ustanın gördüyü iş bir-birindən fərqlənir. Ustaların hər birinin bu işə öz yanaşma tərzi var və buna əsasən də hər bir ustanın özünün müştərisi olur. Müştərilərimizin sayının artırılması üçün bizim özümüzün də marketoloji yanaşması var. Bizdə hər işi tam peşəkar insanlar görür. Buna görə də müştəri tapmaq bizim üçün bir o qədər də çətin deyil.

  • Məhsullarınızın dizaynını necə hazırlayırsınız? Dizaynın hazırlanması üçün kimlərə müraciət edirsiniz?

Komandamızda iki dizayner var. Onlar dizayn hazırladıqdan sonra layihələrini ustalara təqdim edirlər. Ustalarımız həmin dizaynın istifadəyə yararlılıq testini aparır. Müəyyən edirlər ki, həmin dizaynda olan məhsulu istifadə etmək nə dərəcədə rahatdır, uyğundur və s. Bundan sonra ustalar uyğun hesab edilən dizayn əsasında məhsul hazırlayaraq onu müştərilərimizə təqdim edirlər. Amma müştərilərimizdən də dizayner olanlar var. Belə müştərilərimiz bizə öz təkliflərini bildirirlər, biz də onların verdiyi dizaynla məhsul hazırlayıb onu təqdim edirik. Hətta müştərilərin verdiyi dizaynı bəyənən başqa müştərilər də olur.

+994554009400
info@alisonconcept.com
instagram: @alisonsatelier

Xəyyam GÜNƏŞLİ