“İşsizlikdən məşğulluğa” mövzusunda konfrans keçirildi

Rockvell-in verdiyi xəbərə əsasən Kulane Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Hilton otelində “İşsizlikdən məşğulluğa” adlı konfrans keçirildi. Dövlət Məşğulluq Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmilərinin, şirkət təmsilçilərinin, təhsil ekspertlərinin iştirak etdiyi konfransı giriş sözü ilə Kulane Peşə Təhsil Mərkəzinin rəhbəri Emin Ağayev açdı. Bildirdi ki, bu gün əhalinin məşğulluq məsələləri dövlətimizin və cəmiyyətimizin qarşısında dayanan ən aktual problemlərdəndir. E. Ağayev məşğulluq məsələlərinin həllində peşə təhsil mərkəzlərinin rolunu qeyd edərək rəhbəri olduğu təhsil ocağının bu məsləyə verdiyi töhfədən danışdı.

“Kulane Peşə Təhsil Mərkəzi olaraq ölkəmizə innovativ təhsil sistemini, beynəlxalq akkreditasiyaları gətirməkdən məmnunuq. Bizim başlıca məqsədimiz ölkəmizdə fəaliyyət göstərən şirkətlərin kadr təminatını yerli və yüksək dərəcəli mütəxəssislərdən formalasdırmağa kömək etməkdir. Hesab edirəm ki, Kulane Peşə Təhsil Mərkəzi üzərinə düşən missiyanı layiqincə yerinə yetirir və gələcəkdə fəaliyyətini daha da genişləndirmək niyyətindədir. Rəsmi məlumatlara görə ölkəmizdə bu gün 315 min nəfər işsiz var. Hesab edirəm ki, bu insanların əksəriyyəti hər hansı peşəyə sahib olmadıqları üçün əmək bazarında iş tapa bilmirlər. Kulane Peşə Təhsil Mərkəzi olaraq bu məsələdə öz töhfəmizi verməyə hazırıq”-deyə Emin Ağayev bildirdi. Qeyd etdi ki, bu gün peşə məktəblərinin tədris etdiyi sahələrlə iş vakansiyaları arasında ciddi fərqlər var. Hesab edirəm ki, peşə təhsil mərkəzləri bu faktı nəzərə alacaq və fəaliyyətlərini əmək bazarının tələblərinə uyğun quracaqlar.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Samirə Quliyeva təmsil etdiyi qurumun fəaliyyəti haqda məlumat verdi. Bildirdi ki, TKTA-nın fəaliyyət istiqamətlərindən biri işəgötürənlərlə işaxtaranlar arasında körpü rolunu oynamaqdır. “Biz çalışırıq ki, körpü rolunu oynamaqla iş tapmaq imkanlarını asanlaşdıraq”.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev işəgötürənlərin üzərinə düşən məsuliyyətdən danışdı. “Bu gün təəssüf hissi ilə qeyd edirəm ki, işəgötürənlər öz tələblərini sistemləşdirə bilmirlər. Peşə hazırlığına gəldikdə isə deyə bilərəm ki, bu işdə bütün tərəflər iştirak etməlidilər. Bu zaman işəgötürənlərin tələbləri aydınlaşar və peşə hazırlığının səmərəliliyi artar. Peşə təhsil mərkəzləri öz fəaliyyətlərini əmək bazarının tələblərinə uyğun qurmalıdır. Dövlət Məşğulluq Agentliyi olaraq biz insanların peşə hazırlığına cəlb olunmasında maraqlıyıq. Gələn il üçün hədəfimiz 12 min insanı peşə təhsilinə cəlb etməkdir”.
Cəmaləddin Quliyev özəl sektorun təmsilçilərində çağırış da etdi. “Əhalinin məşğulluq probleminin həllində özəl sektorun dəstəyinə böyük ehtiyac var. Hesab edirəm ki, özəl sahələr bu məsələdə dövlətimizin yanında olacaq və bu işə öz töhfələrini verəcəklər”.

Sonra Kulane Peşə Təhsil Mərkəzinin rəhbəri Emin Ağayev diqqəti şirkətlərin kadr potensiallarının formalaşdırılmasına və bundan qaynaqlanan problemlərə yönəltdi. Qeyd etdi ki, bu gün bir çox şirkətlər işçi oğurlamaqla məşğuldur. “Bəzi şirkətlər bu gün özünə yüksək səviyyəli mütəxəssis hazırlamaqda, işçilərə investisiya qoymaqda maraqlı deyillər. Onlar bu məsələni daha qısa yolla həll etməyi qarşılarına məqsəd qoyublar. Belə ki, bəzi şirkətlər özünə lazım olan işçini qismən yüksək əmək haqqı ilə şirikləndirərək onu işdən çıxartdırıb öz şirkətinə işə götürür. Bu həm şirkətlər arasında xoş olmayan bir mənzərə yaradır həm də sonda istehsal olunan məhsulun maya dəyərinin artmasına gətirib çıxarır. Belə olan halda itirən cəmiyyətimiz olur. Fikrimcə peşə hazırlığı mərkəzləri öz fəaliyyətlərini stimullaşdırmaqla həm də bu problemin həllinə nail ola bilərlər”.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Camaləddin Quliyev qeyd etdi ki, bu gün işəgötürənlərin 62 faizi işçidən yumuşaq bacarıqların olmasını tələb edir. “Fikrimcə peşə təhsil mərkəzləri bu məsələni də diqqətdə saxlamalıdırlar”-deyə Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədr müavini bildirdi.
Sonda konfrans öz işini müzakirə formasında davam etdirdi və hər kəs məşğulluq probleminin həlli ilə bağlı konkret təkliflərlə çıxış etdi. Şirkət təmsilçiləri konfransda səslənən fikirləri gələcəkdə nəzərə alacaqlarını bildirdilər.

Əlaqədar məqalələr
İqtisadiyyat / BiznesMade in Azerbaijan

KOBİA-nın sahibkarların sualları cavablandırılıb

KOBİA-nın biznes subyektlərinə göstərdiyi dəstək və xidmətlərə dair sahibkarların…
►►►
VACANCY

Polis orqanlarına xidmətə qəbul müsabiqəsi

Polis orqanlarına orta rəis heyəti vəzifələrinə xidmətə qəbul müsabiqəsi Azərbaycan…
►►►
Made in AzerbaijanQida sənayesi / Kənd təsərrüfatıROCKVELL BOSS

“Azərbaycan şərabı Mişlen ulduzlu restoranlarda tanınır”

“Azərbaycan şərabı Mişlen ulduzlu restoranlarda tanınır” – “EY İlin İş Adamı”…
►►►