YÜKSƏK MƏHSULDARLIĞIN SİRRİ

Əkin sahələrində yüksək məhsuldarlığın əldə edilməsi yalnız bitki sortlarından asılı deyil. Məhsuldarlığı artıran ən əsas amillərdən biri suvarılmanın düzgün qaydada aparılmasıdır. Aqrotexniki göstəricilərə uyğun olaraq, seçilən suvarma üsulu fermerlərə planlaşdırdıqları qədər məhsul əldə etməyə imkan verir. Bugün “Yağmur-2” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Azərbaycanın iqlim, relyef xüsusiyyətlərini nəzərə alaraq, quraşdırdığı suvarma sistemləri yerli fermerlərimizin təsərrüfatlarının inkişafında çox mühüm rol oynayır. “Yağmur-2” MMC-nin təsisçisi və direktoru Namiq Hacıyev suvarma sistemləri ilə bağlı daha detallı məlumat verir.

Namiq Hacıyev
  • Namiq müəllim, “Yağmur-2” MMC müştərilərinə hansı xidmətləri təqdim edir? Son illər ərzində xidmətlərinizdən hansı sektorlarda daha çox istifadə edilir?

2006-cı ildə yaradılan “Yağmur-2” MMC Azərbaycanın bütün ərazisi üzrə suvarma sistemlərini – çoxillik əkin sahələri, tərəvəz sahələri üçün damla suvarma sistemləri, landşaft, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və böyüdülməsi üçün yağmurlama sulama sistemləri, həmçinin idman meydançalarının sulanması üçün nəzərdə tutulmuş suvarma sistemlərini təklif edən şirkətdir. Şirkət istixanalarda suvarma sistemlərinin tətbiqi üzrə böyük təcrübəyə malikdir. Bura duman yaratma, damla suvarma və mikroyağmurlama suvarma sistemləri daxildir. Suvarma sistemi həm damlama, həm də yağmurlama üsulları ilə işləyir ki, bizim şirkət müştərilərinə bunların hər ikisi üzrə xidmətlərini təklif edə bilir. Şirkətimiz təxminən 2013-cü ilədək daha çox tikinti, şəhərsalma sahəsi üzrə layihələrdə iştirak edib. Həmin dövrdə həm dövlət, həm də sahibkarlar tərəfindən bu sahəyə üstünlük verildiyindən belə layihələrimizin sayı daha çox idi. 2013-cü ildən Azərbaycanda kənd təsərrüfatına göstərilən diqqətin artırılması bizim fəaliyyətimizin də daha çox bu sahəyə yönəlməsinə səbəb oldu. Bunun nəticəsi olaraq, damlama suvarma üsulundan daha çox istifadə olunmağa başlanıldı. Bu gün fəaliyyətimizin 65-70 faizini kənd təsərrüfatına aid olan layihələr təşkil edir. Respublikanın demək olar ki, bütün rayonlarındakı əkin sahələrində, meyvə bağlarında suvarma sistemləri quraşdırmışıq. Ancaq ölkədə tikinti işləri davam etdiyinə görə inşaat, eləcə də şəhərsalma üzrə də müxtəlif layihələr həyata keçiririk.

  • Suvarma avadanlıqlarınız haradan idxal edilir?

Biz suvarma avadanlıqlarımızı əsasən, Türkiyədən idxal edirik. Ümumi idxalımızın demək olar ki, 95 faizi Türkiyənin payına düşür. Amma müştərilərin istəyinə uyğun olaraq, İtaliyadan da mal idxal etmişik. Bu gün artıq müştərilərimiz çox məlumatlıdırlar. Onların əksəriyyəti bizə müraciət etdikləri zaman artıq hansı növ məhsulu seçəcəklərini özləri üçün müəyyən etmiş olurlar. Müştərilər daha ucuz suvarma avadanlıqları istədikdə biz onların seçiminə müdaxilə etmirik, amma bahalı boru ilə ucuz boruların arasında nə kimi fərqlərin olduğunu onlara izah edirik. Keyfiyyətə gəldikdə isə deyə bilərəm ki, təklif etdiyimiz suvarma sistemləri dünyanın tanınmış brendlərinin məhsuludur. Damlama sistemi İsraildə yaranıb inkişaf etdiyindən bu sistem üzrə məşhur brendlər də bu ölkəyə məxsusdur. Həmin şirkətlərin Türkiyədə zavodları olduğundan biz malları oradan idxal edirik. Ancaq istifadə etdiyimiz polietilen ana xətt boruları yerli istehsal olur. Artıq Azərbaycanda istehsal edilən polietilen boruları keyfiyyətinə görə xaricdə istehsal edilənlərdən geri qalmır. Qiymət baxımından da onlar münasib olur. Ona görə də müştəri razılığını verərsə, suvarma sisteminin qurulması zamanı yerli istehsal olan polietilen borulardan istifadə edirik.

  • Suvarma sistemləriniz hansı üsullarla işləyir?

Konsepsiyadan tutmuş tamamlanmaya qədər bütün hermetik suvarma sistemlərinin layihələndirilməsi üçün ən müasir proqram təminatı olan IRRICAD™-dən istifadə edirik. Suvarma yağmurlama (suyu səpmə üsulu) və damcılama (damcı vasitəsilə suyun birbaşa kökə ötürülməsi) tipli olur. Müştərilərimizə həm avtomatik, həm də mexaniki yolla olan suvarma sistemlərini təklif edə bilirik. Avtomatik üsulla işləyən suvarma sistemi insanın iştirakı olmadan, proqramlaşdırmadan asılı olaraq, günün müəyyən edilmiş vaxtında işə düşə və dayana bilir. Təbii ki, hər bir əkin sahəsində ağacların inkişafına nəzarət edən, onların inkişafı üçün tövsiyələrini verən aqronomlar olur. Biz həmin aqronomların tövsiyələri ilə sistemin işə düşmə və dayanma vaxtını müəyyən edirik. Aqronomun verdiyi məlumatları taymerlərə yerləşdiririk və sistem də ona uyğun olaraq, seçilən vaxtda işə düşür, müəyyən vaxtdan sonra isə suvarmanı dayandırır. Ancaq elə müştərilərimiz olur ki, onlar avtomatik deyil, daha ucuz başa gələn mexaniki yolla olan suvarma sistemlərini istəyirlər. Bəzən fermerlərin bir deyil, bir neçə bağbanı olur. Belə halda onun avtomatik sistemə də ehtiyacı olmur, çünki ehtiyac olduğu zaman bağban özü sistemi açıb bağlaya bilir.

  • “Yağmur-2”nin təqdim etdiyi xidmətləri digərlərindən fərqləndirən cəhətlər nələrdir?

Bizi fərqləndirən yanaşmamızdır. Biz müştərilərimizə hazırkı duruma görə deyil, 5 il sonrakı vəziyyətə görə suvarma sistemi təklif etməyə çalışırıq. Təcrübə göstərir ki, zaman keçdikcə sahələrdə quraşdırılan suvarma sistemlərinin modernizasiyasına ehtiyac yaranır. Bizə də bununla bağlı vaxtaşırı müraciətlər edilir. Təbii ki, ağac böyüdükcə onun suya olan tələbatı artır. Su tələbatının çoxalması nəticədə nasosun su ötürmə qabiliyyətinə təsir edir. Eyni zamanda, boruların diametrlərinin artırılması zərurətini yaradır. Ona görə də biz sistemi əvvəlcədən həmin göstəriciləri nəzərə almaqla, quraşdırırıq. Bununla müştərilərmizi onlar üçün sonralar yarana biləcək problemlərdən xilas edir, işlərini asanlaşdırırıq.

  • Müştəriləriniz daha çox hansı suvarma üsulundan istifadə edir?

Yağmurlama sistemi əsasən, tikinti sektorunda istifadə edilir. Çəmənliklərdə, parklarda quraşdırılan suvarma sistemləri yağmurlamadır. Son illərdə rayonlarda əkin sahələri genişləndiyindən damlama suvarma sisteminə tələbat artıb. Buna görə də damlama suvarma sistemindən daha çox istifadə edilir. Ancaq elə əkin sahələri var ki, məsələn, yonca, qarğıdalı, buğda sahələrinin suvarılması üçün yağmurlama tələb edilir. Keçən il Goranboyda 40 hektar yonca sahəsində yağmurlama tipli suvarma sistemi quraşdırmışıq.

  • “Yağmur-2” MMC xidmətlərinin göstərilməsi zamanı hansı yeniliklərdən istifadə edir?

Artıq bir neçə ildir ki, suvarma sistemlərinin işlədilməsi üçün günəş enerjisindən istifadə edilir. Biz də hələ bir neçə il əvvəldən günəş enerjisindən faydalanmağa başlamışıq. Bu yaxınlarda Ağdam rayonundakı əkin sahələrinin suvarılması üçün quraşdırdığımız sistemlərin işləməsi günəş enerjisinin hesabına təmin edilib. Hazırda da həmin sistemi tətbiq etməkdə davam edirik və ehtiyac olduğu zaman müştərilərimizə də sistemin bu enerjidən istifadə edilməklə quraşdırılmasını tövsiyə edirik. Bizim öz anbarımızın fəaliyyəti üçün günəş enerjisindən istifadə edilir.

  • Xidmətlərinizi hazırda yalnız ölkə daxilində göstərirsiniz?

Bəli. Hazırda xidmətlərimizi ölkə xaricinə çıxarmaq fikrimiz yoxdur. Şirkətimiz son illərdə Gürcüstan və Qazaxıstandakı müəyyən layihələr üzrə məsləhətləşmələrdə iştirak edib. Ancaq konkret olaraq, xaricdə hansısa layihələri hələ ki, icra etməmişik.

  • İşğaldan azad edilmiş ərazilərimizin yenidənqurulması işlərində iştirak edirsiniz?

İşğaldan azad edilmiş Zəngilan və Ağdam rayonlarında aparılan yenidənqurma işlərində iştirak edirik. Zəngilan rayonunda qurulan “Ağıllı kənd”də Qarabağ Dirçəliş Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsində icraçı kimi iştirak edirik. Zəngilan rayonunda əsas işimiz şəhərin girişində meşə massivlərinin bərpası layihəsi üçün suvarma sistemlərinin qurulmasıdır. Bu layihənin demək olar ki, 70-80 faizi icra edilib. Təbii ki, suvarma sistemlərinin qurulması ilə
bağlı tender elan edilən kimi biz orada mütləq şəkildə iştirak edəcəyik. Azad edilmiş ərazilərdə subpodrat müqaviləsi əsasında süni göllərin izolyasiyası işlərini icra etmişik. Bir neçə irihəcmli – 500-3000 ton su tutumu olan göllərin yaradılmasında iştirak etmişik. Tikinti şirkətləri həmin göllərdən su depoları məqsədilə istifadə edir.

  • Gələcək planlarınız nələrdən ibarətdir?

Əsas planımız şirkətimizin iş həcmini genişləndirmək, xidmətlərimizi daha geniş kütləyə təqdim etməkdir. Biz indiyədək pərakəndə ticarətlə məşğul deyildik, yalnız topdansatışla məşğul idik . Sırf “açar təhvili” layihələri üzərində işləyirdik. Yaxın aylar ərzində pərakəndə satışın aparılması üçün 1-2 mağaza açmaq niyyətindəyik.

Xəyyam GÜNƏŞLİ