“Azərbaycan şərabı Mişlen ulduzlu restoranlarda tanınır” – “EY İlin İş Adamı” müsabiqəsinin “Regional inkişaf” nominasiyası üzrə mükafatçısı Fuad Seyidəliyev

“EY Azərbaycan” şirkətinin ölkəmizdə “EY İlin İş Adamı” müsabiqəsini təşkil etməsində məqsəd əzm və dayanıqlılıq nümayiş etdirən sahibkarları qiymətləndirməkdir. Bu sahibkarlar yaşadıqları və fəaliyyət göstərdikləri cəmiyyətdə dəyər yaradan və maraqlı uğur hekayəsi olan insanlardır. Müsahibimiz 2023-cü ildə keçirilən “EY İlin İş Adamı” müsabiqəsinin “Regional inkişaf” nominasiyası üzrə mükafatçısı“Savalan ASPI Winery”nin rəhbəri Fuad Seyidəliyev öz uğurlu biznes hekayəsini bölüşür.

  • Fuad bəy, siz “EY İlin İş Adamı” müsabiqəsinin “Regional inkişaf” nominasiyasında qalib elan olundunuz. Ümumiyyətlə, “Savalan” şərabçılıq biznesi sizin yerləşdiyiniz Qəbələyə, orada yaşayan icmaya və yerli sosial-iqtisadi inkişafa necə təsir edir?

Qəbələnin əsrarəngiz məkan olduğu hamımıza bəllidir. Amma biz bu gözəl şəhəri dünyaya şərab vasitəsilə tanıtdıq. Yeni iş yerlərini açmaqla yerli icmalara təsir göstərə bildik. Bizim müəssisədə təxminən 150-yə yaxın əməkdaş çalışır və mövsüm zamanı daha 300 nəfər işə cəlb olunur. Biz biznesə başlayanda İtaliyadan 2 mütəxəssis dəvət etdik. Şərablarımız Daniel D’Andrea və Eliza Vaqnoni kimi yüksəkixtisaslı italiyalı texnoloqların rəhbərliyi altında istehsal olunur. Biz həm xaricdən mütəxəssisləri gətirirdik, eyni zamanda İtaliyanın özündən bizim zavoda yay təcrübəsinə mütəxəssislər gəlirdi. İtaliyalı mütəxəssislərin azərbaycanlılarla birgə çalışması, sözsüz ki, ümumi işə də öz təsirini göstərdi. Azərbaycan şərabçılıq biznesinə müasir qərb texnologiyasını gətirməklə yanaşı, biz həm də yerli texnoloqlarımıza rəqəmsal avadanlıqlarla işləyə bilmələri üçün təlimlər keçirdik. Bu da başqa bir təsir idi. Beləliklə, yerli sosial-iqtisadi inkişafa öz töhfəmizi verməyə başladıq.

  • Burada Qərb işçilik mədəniyyətinin gəlişi də yəqin ki, öz təsirini göstərdi…

Tamamilə doğrudur. Sovet dönəmində də Azərbaycanda üzümçülük inkişaf etmişdi və şərab istehsalı geniş yayılmışdı. Amma o zaman istehsalatda tamamilə başqa texnologiyadan istifadə edilirdi. İndi isə biz bu şərabçılıq ənənəsini daha fərqli və Qərbin qabaqcıl texnologiyaları sayəsində inkişaf etdiririk. Bizim şərabçılar komandası özlüyündə bir növ məsləkdaşların beynəlmiləl kollektivinə bənzəyir, işlərinə sadiqdirlər və əsl şərabın və üzümün keyfiyyətini çox gözəl bilirlər. Bir maraqlı məqamı da qeyd edim. Biz şərabçılıq biznesi əsasında həm də turizmi inkişaf etdirməyə başladıq. Turizm həm ölkəmiz, həm də yerli icma üçün inkişafda olan çox böyük potensialdır. Gündən-günə ölkəmizə turist axını artır. Təxminən iki ay bundan əvvəl Azərbaycanda qonaq olan 40 nəfər fransız Bakıdan Qəbələyə və bizimzavodumuza gəlmişdi, şərablarımızın dequstasiyasını edirdi. Ağızdolusu Azərbaycanın qonaqpərvərliyindən və şərabından danışırdılar.

  • Fuad bəy, bildiyimə görə, “Savalan” şərablarının dadına baxmaq məqsədilə zavodlarınıza bir neçə növ tur təşkil olunur. Gəlin səmimi etiraf edək. Qonaqlar və turistlər doğrudan da bu turlara gəlirlərmi?

Yerli camaat da gəlir, qonaqlar da. Elə olur ki, 15-20 turist birdəfəyə sifariş edir. Onu da deyim ki, Azərbaycan Dövlət Turizm Agentliyi ilə sıx əməkdaşlıq etdikdən sonra bizim zavodlarımıza turistlərin gəlişi daha da artdı. Turistlərin gəlişi də biznesin bir hissəsidir. Biz bu məsələni inkişaf etdiririk.

  • Gələn turistlər əsasən azərbaycanlılardır, yoxsa əcnəbilər?

Əcnəbilər daha çox gəlirlər. Azərbaycanda qonaq olanlar vaxtaşırı zavodlarımızı da ziyarət edirlər.

  • Fuad bəy, ölkəmizdə hazırda şərabçılıqla səmimi maraqlanan icma yaranırmı? Burada mən təkcə şərabın istehsalını deyil, istehlakını da nəzərdə tuturam.

Əslində bu mədəni fəlsəfədir. Bizim çox gözəl və zəngin mətbəximiz var. O da bizim mədəniyyətimizin böyük bir hissəsidir. Bu gün “Savalan” şərabları ilə həm də mətbəximizi təbliğ edirik. Məsələn, ağ balığımızla həm qırmızı, həm də ağ şərab içmək olar. Bu, mədəniyyətə, şərab icmasına və şərab sevənlərə öz təsirini göstərir. Get-gedə biz bu sahədə dünya mədəniyyətinə də yiyələnirik.

  • Fuad bəy, “Savalan” şərabları Azərbaycandan kənarda tanınırmı və ən çox hansı bazarda satılır?

Bəli, tanınır. Biz Türkiyə, Rusiya, Avropa, Yaponiya, Çin, Koreya və digər ölkələrə şərab ixrac edirik. Hollandiyada bizim şərabların distribusiyası vardır. Hollandiya, Fransa və Belçikanın bir sıra Mişlen ulduzlu restoranlarında şərablarımız süfrəyə təqdim olunur. Bu ölkələrin yüksək səviyyəli restoranlarında “Savalan” şərablarını tanıyırlar və qiymət verirlər. Satışa gəldikdə, şərablarımıza daha çox yerli bazarda, xaricdə isə Rusiyada tələbat var.

  • Siz “Savalan” şərablarının Mişlen ulduzlu restoranlarda təklif olunmasına necə nail olmusunuz?

Buna nail olmaq heç də asan olmayıb. Çox çalışmışıq. Hər il dünyanın ən nüfuzlu sərgilərində iştirak edərək ölkəmizə medallar gətirmişik. Hazırda təxminən 60-a yaxın medalımız var. Uğura nail olmaq istəyirsənsə, gərək daima çalışasan. Burada ən önəmli məqam da keyfiyyət məsələsidir. Məhsul istehsal edərkən ilk növbədə keyfiyyəti qoruyub saxlamalısan. Çünki keyfiyyət sənin brendinin adıdır. “Savalan” şərablarının çeşidləri müxtəlifdir. İtaliyadan gələn texnoloqlar və bizim yerli əməkdaşlarımızın zəhməti sayəsində keyfiyyəti qoruyub saxlaya bilirik.

  • Fuad bəy, sizin fikrinizcə, Azərbaycanda nə vaxt yalnız öz şərabçı-texnoloqlarımız sayəsində dünya səviyyəsində və yüksək keyfiyyətdə şərab istehsal edə biləcəyik?

Hər şeydən əvvəl biz gərək bu mədəniyyəti qavrayaq və mənimsəyək. İtaliyada yüzlərcə növ şərab istehsal edilir və onlarda bu ənənə artıq yaranıb. Bizdə də bu ənənənin formalaşması üçün daima öz texnoloqlarımızı öyrədirik ki, onlar sərbəst şəkildə peşəkarcasına işləyə bilsinlər. Digər tərəfdən isə italiyalı mütəxəssislərin zavodlarımızda çalışması istər-istəməz brendimizə nüfuz gətirir.

  • Nüfuzlu hotel və restoranlarda hansısa bir şərabın təmsil olunması üçün istehsalçı müəyyən sərgilərdə və tədbirlərdə çıxış edib orada müəyyən mənada tanınmalıdır. “Savalan” şərabları dünyada necə tanınıb? Hansı yoldan və çətinliklərdən keçmisiniz ki, bu səviyyəyə və keyfiyyətə gəlib çata bilmisiniz?

Maraqlı sualdır. İlk növbədə çətinlik nədə idi? Heç kəs inanmırdı ki, Azərbaycanda yüksək keyfiyyətli və dünya səviyyəsində rəqabət apara biləcək bir şərab istehsal etmək olar. Düzdür, əvvəllər da ölkəmizdə tanınan şərab brendləri var idi. Amma indiki dövrdə rəqabət daha kəskindir. Bizi nə ilhamlandırdı? 30-40 il bundan əvvəl Cənubi Afrika, Argentina, Çili şərabları dünyada tanınmırdı, hamı fransız, ispan, italyan şərabından danışırdı. Biz fikirləşdik ki, 10 ilə olmasa da, 15-20 ilə biz gərək yeni üsulla Azərbaycan şərabını istehsal edib dünyaya tanıdaq. Bu missiya ilə yola çıxdıq. Bizim üçün ən çətin ölkə Türkiyə oldu. Bu ölkə dünyada həm üzüm, həm də şərab istehsalına görə qabaqcıl yerlərdən birini tutduğuna görə burada rəqabət aparmaq çox çətin idi. Amma çalışırdıq, ölkələri gəzirdik, yerli icmalarla danışırdıq, sərgilərdə iştirak edirdik, camaatı cəlb edib dequstasiyaya aparırdıq. Son vaxtlar biz nə etdik? Öz hesabımıza Türkiyədən, Rusiyadan və Hollandiyadan hər biri 10-12 nəfərdən ibarət bir neçə qrup mütəxəssisi “Savalan” şərablarını dadmaq üçün dequstasiyaya dəvət etdik. Bu addımın özü də satışa böyük təsir etdi. Bundan başqa, Hollandiyadan Mişlen ulduzlu aşpazları gətirdik və onlar bizim aşpazlarla birgə çalışdılar, təcrübə və fikir mübadilələri apardılar. Bir sözlə, şərabın dünyaya tanıdılmasında olan bütün mümkün üsulları sınaqdan keçirdik və bu, hər gün davam edir. Dediklərim özü-özlüyündə gözəl yaradıcılıq prosesidir.

  • “Savalan” şərabı sizin yaratdığınız məhsuldur və sizin üçün önəmli bir layihədir. Demək olar ki, həyatınızın vacib bir hissəsidir. Avropanın səriştəli şərab biliciləri – somelyelərlə söhbət edəndə səmimi olaraq, onlar Savalan şərabına hansı qiyməti verirlər?

Məşhur şərab markaları olan İtaliyadan bizə qonaq gələnlər şərabımızdan içir və ölkələrinə qayıdanda özləri ilə bir neçə şərab şüşəsi də alıb aparırlarsa, bu, sizin sualınıza ən doğru cavabdır deyə düşünürəm. İtaliyalılar bizim şərabı tərifləyəndə çox xoşuma gəlir. Gürcülər də bizim şərabı içir və çox xoşlarına gəlir. Bu, mənim üçün böyük nüfuzdur.

  • Fuad bəy, sizin fikrinizcə, Azərbaycanda “Barolo” və ya “Amarone” kimi dünya səviyyəsində tanınan şərab növləri nə zaman istehsal olunacaq?

Artıq bizdə də bu səviyyədə şərablar istehsal olunur. Məsələn, “Kaberne-Sovinyon” şərabımız “Amarone” texnologiyası ilə yaradılıb. Nüfuzlu sərgilərdən bir neçə qızıl medalı da var. Eləcə də “Nobel” və “Kanyon” şərabları yüksək keyfiyyətlidir. Burada ən önəmli məqam odur ki, şəraba gərək qulluq edilsin, yəni düzgün şəraitdə saxlanılsın.

  • Deməli, siz Bakıda olan şərab evinizdə “Savalan” şərablarını lazımi şəraitdə və lazımi tələbatlara uyğun şəkildə saxlayıb təqdim edirsiniz?

Əlbəttə. Biz hətta Azərbaycanda bir sıra restoranlara soyuducu da almışıq ki, şərabları düzgün temperaturda saxlaya bilsinlər. Vaxtaşırı ofisiantlar üçün təlimlər təşkil edirik, onları təlimatlandırırıq ki, müştərilərə şərab seçimi etmələrində köməklik göstərə bilsinlər.

  • Azərbaycanda şərab içmək mədəniyyəti inkişaf edirmi və restoran sahibləri menyuya şərab daxil edəndə öz heyətləri üçün məlumatlandırıcı təlimlər təşkil edirmi?

Bu, inkişafda olan bir prosesdir. Bunun üçün sosial tələb də olmalıdır. Məsələn, restorana gələn qonaqlar şərab sifariş edəndə bununla bağlı ofisianta müəyyən suallar verməlidirlər. O zaman restoran heyəti də başa düşəcək ki, insanların şərabla bağlı məlumatlara tələbatı və marağı var. Bu mədəniyyət tədricən yaranacaq və inkişaf edəcək. “Savalan ASPI Winery” olaraq, xüsusi bacarıqların öyrədilməsi üçün vaxtaşırı restoran heyətlərini kurslara cəlb edirik. Bu məqsədlə Bakıda somelye evi yaratmışıq. Somelye şərab xəritəsini tərtib edir, şərabın dequstasiyası ilə məşğul olur və müştərilərə seçimlərində kömək etmək üçün rəy bildirir.

“EY İlin İş Adamı” müsabiqəsi haqqında

“EY” şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri olan “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, “EY İlin İş Adamı” 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır.