“Kanada vətəndaşının Vyetnam vizası üçün bizə müraciəti normal haldır” – “EY İlin İş Adamı” müsabiqəsinin “İnnovasiya” nominasiyası üzrə mükafatçısı Baba Ağayev
“EY Azərbaycan” şirkətinin ölkəmizdə təşkil etdiyi “EY İlin İş Adamı” müsabiqəsinin məqsədi əzm və dayanıqlılıq nümayiş etdirən sahibkarları qiymətləndirməkdir. Bu sahibkarlar yaşadıqları və fəaliyyət göstərdikləri cəmiyyət üçün dəyər yaradan, olduqca maraqlı uğur hekayəsi olan insanlardır. Müsahibimiz 2023-cü ildə keçirilən “EY İlin İş Adamı” müsabiqəsinin “İnnovasiya” nominasiyası üzrə mükafatçısı “Pickvisa” şirkətinin təsisçisi Baba Ağayev öz uğurlu biznes hekayəsini bölüşür.
- Baba bəy, ümumiyyətlə, sizi “EY İlin İş Adamı” müsabiqəsində iştirak etməyə nə vadar etdi? “İnnovasiya” nominasiyası üzrə qalib elan edilməyiniz sizin üçün hansı mənanı daşıyır?
Bu layihə haqqında əvvəlcədən məlumatlı idim. “EY Azərbaycan” şirkətinin keçmiş əməkdaşı olduğumdan bu müsabiqədə iştirak etməkdə bir az tərəddüd edirdim. Bu da məndə olan yanlış fikirlər səbəbindən idi. Çünki elə bilirdim ki, qalib və nominantları müəyyən edən komitədə “EY Azərbaycan” şirkətinin rəhbərliyi və əməkdaşları yer alır. Sadəcə bir təsadüf nəticəsində öyrəndim ki, əslində bu heyət şirkətimizə tamamilə aid olmayan və ölkənin ən nüfuzlu şirkətlərinin rəhbər vəzifələrində çalışan şəxslərdən ibarətdir. Yalnız bundan sonra özümə də maraqlı gəldi ki, niyə də bu müsabiqədə iştirak etməyim? Ötən illərin qaliblərinin və bu il müraciət edən namizədlərin tarixçəsini təhlil edəndə gördüm ki, onların hər biri güclü və nüfuzlu sahibkardır. Səmimi etiraf edim ki, hansısa nominasiya üzrə qalib olmaq üçün deyil, sadəcə iştirak etmək və müsahibə alan münsiflər heyəti ilə bircə saat da olsa, söhbət etmək üçün bu müsabiqəyə qoşuldum.
- Bəs bu müsabiqədə iştirak prosesi sizin üçün maraqlı və mənalı oldumu?
Mən səkkiz ildir ki, müsahibələrdə iştirak etmirdim. Qeyri-adi zövq aldım. Bu insanlarla eyni masanı bölüşmək və son səkkiz ildə çəkdiyim əziyyət, bu startapın qurulması və biznesə çevrilməsi – bütün bu yol haqqında münsiflər heyətinə danışmaq, onların suallarını cavablandırmaq mənim üçün çox gözəl hiss idi. Çünki qarşımda əyləşənlər bu çətin yolu bəlkə də dəfələrlə keçmiş insanlar idilər. Yəni bu müsabiqədə iştirakın özü belə maraqlı təcrübə idi.
- Baba bəy, sizin keçmişdə “EY Azərbaycan” şirkətində çalışdığınızı öyrənəndə oxucularımızda dərhal belə sual yarana bilər. Bir çox insanın işləmək arzusunda olduğu bu nüfuzlu beynəlxalq şirkətdə qalıb karyera qurmaq əvəzinə, siz kifayət qədər uğurlu və sanballı işdən ayrılıb öz biznesinizə sıfırdan başlamaq qərarına gəldiniz. Bu qərarın arxasında hansı motivasiya, hadisə və ya düşüncə dayanır?
Məncə, sahibkarlıq və ya startap sahəsinə daxil olma istəyi insanlarda fərqlidir. Gündəlik olaraq risk almaq və yeniliklərə başlamaq hər insana görə dəyişir. “EY Azərbaycan” şirkətində öyrəndiyim çox faktorlar olub. Həmin şirkətdən sonra xaricdə başqa bir şirkətdə də çalışdım. Həmin şirkətdə də bilik və təcrübəmi artırdım. Məqam gəldi, mən qərar verdim ki, elə bir şirkət yaradacağam ki, hər iki beynəlxalq şirkətdən öyrəndiyim ən gözəl dəyərləri bu şirkətə tətbiq edim. Bu şirkətdə öz komandamı quracağam, öz qaydalarımla oynayacağam, özümə ən maraqlı sfera olan səyahət sferasında yenilik yaradacağam və elə bir məhsul ortaya çıxardacağam ki, həqiqətən də hazırda cəmiyyətin hansısa problemini həll edir. Bütün bu fikirlər və qərarlar birləşdi və 2015-ci ildə mənə doğma və istifadəçi yanaşmasını daha yaxşı tanıdığım Azərbaycan bazarında https://vizam.az/az adlı layihə ilə reallaşdı. Çətin mərhələlərdən keçdik, Azərbaycan vətəndaşlarının xaricə səfərləri zamanı viza ilə bağlı ehtiyac duya biləcəkləri istənilən suallarda baza nöqtə olmaq üçün illərlə çalışdıq. Hazırda fikirləşirəm ki, həmin nöqtəyik. Yəni Azərbaycan vətəndaşının hara və hansı məqsədlə səyahət etməsindən asılı olmayaraq, yarana biləcək suallarını qarşılayacaq bir şirkət və komanda qurmuşuq.
- İnsanlarda startap yaratmaq və öz biznesinə sahib olmaq istəyi fərdi məsələdir. Sizin biznesinizin ideyası necə yarandı? Bu, şəxsi təcrübə idi, yoxsa necə?
Tamamilə şəxsi təcrübəyə əsaslanıb. 2013-2014-cü illərdə Braziliya və Cənubi Afrika Respublikasına səfərlərim zamanı müşahidə etdim ki, bizdə doğru informasiyanın tapılması çətinliyi var. Elə bir portal yoxdur ki, ora daxil olaq və qeyd edək ki, mən Azərbaycan vətəndaşıyam, Cənubi Afrika Respublikasına səyahət etmək istəyirəm, bunun üçün hara müraciət etməliyəm, nə qədər xərci var, hansı sənədlər təqdim olunmalıdır, vizanın alınması müddəti nə qədər çəkəcək? Cənubi Afrika Respublikası kimi dünyada 230 ölkə və ərazi var. Bütün bu məlumatların bir yerə toplanılması istəyi ilə startapımızı yaratdıq. Layihə ilk növbədə informasiya portalı kimi fəaliyyət göstərirdi. Beləliklə, viza almaq üçün müraciətçilərin əvəzinə, bütün viza prosedurunu həyata keçirməyə başladıq. Biz müraciətçidən tələb olunan məlumatları və başlıca sənədləri toplayır, sonra isə viza müraciəti prosedurunu onların yerinə həyata keçirirdik. Çünki Azərbaycanda dünyanın bütün ölkələrinin səfirlikləri və konsulluqları yoxdur. Məsələn, Cənubi Afrika Respublikasının Azərbaycanda konsulluğu yoxdur. Bu ölkəyə səyahət etmək istəyən vətəndaş hara müraciət etməyi barədə internetdə ciddi axtarış aparmalıdır. Bu axtarış detalları o qədər də rahat deyil. Mən özüm vaxtilə bu təcrübəni keçdiyim üçün və Cənubi Afrika Respublikasına səyahətimdən sonra qərara aldım ki, Azərbaycanda çalışan hansısa turizm agentliyi yaranan çətinliyi həll edə bilmirsə, mən özüm niyə həll etməyim? Beləliklə, ideyamız formalaşdı.
- İdeya yarandıqda onu nəzəriyyədən təcrübə səviyyəsinə çatdırmaq üçün zaman və müəyyən sərmayə tələb olunur. Bu isə müasir dünyada yatırım deməkdir. Siz bu yatırımı investorları inandırıb əldə edə bildiniz? Hazırkı və gələcək startapçılar nəsli üçün sizin tövsiyələriniz nə ola bilər? Hansı arqumentlərdən və bacarıqlardan istifadə etmək lazımdır ki, ciddi və sanballı investorları öz layihənizə cəlb edə biləsiniz?
İlk növbədə bu sahədə əsas yanlış yanaşmalara diqqətinizi çəkim. İstənilən startapa başlayan şəxs çalışır ki, ilk gündən ona sərmayə cəlb etsin. İndiki yanaşmama əsasən fikirləşirəm ki, ümumiyyətlə, startap təsisçiləri yalnız o anda startapa sərmayə cəlb etməlidirlər ki, onlar özlərinin gücü ilə startapın gələ biləcəyi nöqtəyə çatıblar, investordan istədikləri məbləğə həqiqətən də startapın ehtiyacı var. Bu məbləği hər qəpiyinə kimi hara xərcləyəcəklərini dəqiqliklə bilirlər və startapa nə qədər əlavə dəyər qatacağını hesablaya bilirlər. Bunlar çox önəmli faktorlardır. Yoxsa elə ideyalar olur ki, investor olmadan belə, həmin ideyanı beynəlxalq bazara çıxara bilirlər. Yəni pula həqiqətən də ehtiyac varsa, siz sərmayəsiz heç cür böyüyə bilmirsinizsə, o zaman investora çıxış etməlisiniz. Əks halda əbəs yerə şirkətdə olan payınızı niyə kənar şəxsə verəsiniz? Digər tərəfdən isə diqqət edilməli ən önəmli nüans potensial investorlarla yaxşı münasibətlərin qurulmasıdır. Bu münasibətlər startap ideyanız yarandığı andan başlamalıdır. Ola bilər ki, bu il yox, beş ildən sonra həmin investorlara yanaşacaqsınız və bildirəcəksiniz ki, sizin müəyyən sərmayəyə ehtiyacınız var və onları potensial investor kimi görürsünüz. Yəni bu münasibətləri qat-qat əvvəldən hesablayıb gözəl şəxsi münasibətlər qurmalıyıq. Çünki hazırda nəinki Azərbaycanda, eləcə də bütün dünyada startapların əksəriyyətinə ideyadan daha çox, həmin startapın təsisçilərinə görə yatırım olunur. Bir sözlə, ideyalara deyil, insanlara yatırım olunur. Ona görə də münasibətləri əvvəlcədən qurmaq lazımdır və zamanı gələndə siz həmin insanların gözündə inamlı bir şəxs və təsisçi obrazı yaradasınız ki, həmin insanlar da fikirləşsinlər ki, bu şəxs özünə çox inamlı bir tarixçə formalaşdırıb və mən onun startapına inana bilərəm.
- Baba bəy, belə bir qlobal trend var. Bəzi gənclər ali məktəbi bitirib hansısa şirkətdə maksimum üç il çalışdıqdan sonra startap qurmaq fikri ilə işdən ayrılırlar. Sizin fikrinizcə, həmin gənclərin bu düçüncə tərzi yanlışdır, yoxsa bu addım tərəqqinin bir yoludur? Yəni əsaslı biliyə və təcrübəyə malik olmayan gənc doğrudan da maraqlı və dəyərli bir startap yarada bilərmi?
Qlobal trendlər göstərir ki, yarada bilər. Yerli trendlər haqqında isə belə demək olmaz. Yəni Azərbaycandan qlobal bazara çıxmış, yaxşı startaplarımızın təsisçilərinin keçmişinə nəzər salanda əksəriyyətinin çox yaxşı iş təcrübəsinin olduğunu və korporativ mühitdən gəldiklərini görürük. Onlar startaplarını işlədikləri mühitdə gördükləri hansısa problem üzərindən yaradıblar və ortaya bir həll çıxarıblar. İndi mənim 20-25 yaşım olsaydı və hansısa startapın təməlini qoymaq istəsəydim, düşünürəm ki, burada çatışmayan detal mentorsuzluq olardı. Əgər hansısa şəxs müəyyən mövzuda startapa başlayırsa, özünə təcrübəli mentor seçib ona planlarını əvvəlcədən danışsa və ondan bu mövzuda fikirlərini, yanaşmasını soruşsa, məncə, daha yaxşı nəticə əldə edə bilər. Qlobal dünyada mentor yanaşması artıq var.
- Sizin fikrinizcə, Azərbaycan gəncləri doğrudan da dünyada məşhur ola biləcək startap yarada bilərlərmi?
Tamamilə mümkündür. Artıq belə faktlar var. Məsələn, sırf səyahət sahəsində fəaliyyət göstərən “WeTravel” şirkəti var. Fəxrlə deyə bilərik ki, təsisçilərindən biri olan Qərib bəy azərbaycanlıdır, nə Massaçusets Texnologiyalar İnstitutunda, nə də Stenford Universitetində təhsil alıb. Vaxtilə Azərbaycanda korporativ mühitdə çalışıb, daha sonra digər iki həmtəsisçi ilə barabər məhsul yaradıb. “WeTravel” şirkəti hazırda öz sferası üzrə ən öndə gedən şirkətlərdən biridir. Bundan əlavə, FinTech sahəsində bir neçə startapçımız var. Onların da əksəriyyəti Azərbaycanda təhsil almış gənclərdir. Sözüm ondadır ki, burada təhsilin təsirindən daha çox təcrübənin təsiri və xarakterin gücü önəmli rol oynayır.
- “Pickvisa” startap idimi? Siz onu necə səciyyələndirirsiniz?
Düşünürəm ki, “Pickvisa” hələ də startapdır. Çünki biz hələ də düzgün cığırı axtarırıq. Məhsulumuz formalaşıb və satış var. Təkcə ötən il ərzində dünyanın 142 ölkə vətəndaşına elektron viza satmışıq. ABŞ vətəndaşına Avstraliya vizası, İngiltərə vətəndaşına Cibuti vizası satmışıq. Startap sürətli böyüməlidir. Biz hələ də o sürətli böyümək yolunu kəşf etmək mərhələsindəyik. “Pickvisa”nın Azərbaycan versiyası olan https://vizam.az/az müəyyən qədər şirkət halına gəlib. Azərbaycanda demək olar ki, səyahətə marağı olan insanların əksəriyyəti şirkətimizi tanıyır və müraciətlər edir. Korporativ şirkətlərlə əməkdaşlıqda çalışırıq. Bununla belə, “Pickvisa” axtarışdadır və hələ də startapdır.
- “Pickvisa”nın xüsusiliyi nədədir? İnsanlar niyə “Pickvisa”nın xidmətlərindən istifadə etməlidirlər? İstehlakçılar üçün sizin yaratdığınız dəyər nədir?
Bir sözlə ifadə etsəm, bu, rahatlıqdır. Sırf dəyər qatmaq tərəfindən baxsaq, “Pickvisa” bir ərizə forması ilə dünyanın elektron viza təklif edən istənilən ölkəsinə müraciət şansıdır. Nə mənada? Ümumiyyətlə, viza müraciəti prosedurları qarışıq, vaxt aparandır, detallı izlənilmə və iştirak tələb edir. Bizim komandamız müştərilərimizə viza əldə etmək üçün hər şeyi edir və onların prosedurdakı iştirakını minimuma endirir. Məsələn, bu gün bir İngiltərə vətəndaşı Keniya vizası almaq üçün müraciət edir və bir ərizə formasını doldurur və üç aydan sonra Yeni Zelandiyaya gedir. Yeni bir ərizə forması açmalı və onu doldurmalıdır. Amma biz nə edirik? Keniya vizasında olan məlumatlara əsasən həmin şəxs artıq Yeni Zelandiyaya viza üçün də müraciət edə bilir. Sadəcə həmin informasiyanı yenidən yoxlayır və təsdiq edir ki, bu, ən son məlumatlardır və bir kliklə müraciətini edə bilir. Beləliklə, bir dəfə müraciət etdikdə artıq portalda sizin məlumat bazanız formalaşır. Orada bütün vizalarınız və səyahət tarixçəniz haqqında məlumatlar yaddaşda qalır. İstənilən vaxt hesabınıza daxil ola və sizə aid bütün detalları görə bilərsiniz. “Pickvisa” bir növ sizin elektron pasportunuzdur.
- Baba bəy, deməli, burada əsas fəlsəfə insanın təcrübəsini rahatlaşdırmaq və sadələşdirməkdir?
Tamamilə doğrudur. İndiyə qədər aldığımız rəylər də onu göstərir. Əksər müştərilərin yazdıqlarına görə, bizim portalda proses çox sadə və rahatdır.
- Bəzi ölkələrə səfər etmək üçün viza almaq prosesi o qədər də mürəkkəb deyil. Elə ölkələr də var ki, ora viza almaq çox çətindir. “Pickvisa” burada yardımçı ola bilirmi?
Hazırda xeyr, amma bunun üzərində işləyirik. Necə işləyirik? Müraciətçiyə tərəfimizdən mümkün ola biləcək hər köməkliyi edirik, qalan hissəsini müraciətçiyə ötürməyi planlaşdırırıq. Bu, bizim növbəti mərhələdə inkişaf modelimizdir. Bu modelin tətbiqi ilə nə baş verəcək? Biz bütün elektron vizalarla bağlı fəaliyyət göstəririk. Növbəti addımımız odur ki, kağız üzərində olan vizalarla bağlı müəyyən şablon nümunələr yaradaq. Bu nümunələr vətəndaşa imkan verəcək ki, lazımi məlumatları rahatlıqla kağız üzərində daxil edə bilsin. Ondan əlavə, biz müraciətçi üçün səfirliklərdə görüş günü əldə edəcəyik, bütün məlumat paketini hazırlayıb bir düymə ilə öz hesabına yükləmələri üçün şərait yaradacağıq. Təkcə həmin sənədi səfirliyə şəxsin özü təqdim edəcək.
- “Pickvisa” Azərbaycan şirkəti olsa da, qlobal biznesdir. Bu qloballığı siz necə təsvir edə bilərsiniz?
Bizim portal istifadəçilərinin 90%-dən çoxu xarici vətəndaşdır. Müxtəlif ölkələrdən portalımızdan birbaşa və real istifadə edən insanlardan gələn 1100-dən artıq rəyimiz var. Bu rəylərin 99%-i xarici dildədir. Bunun özü də qlobal göstəricidir. Gün ərzində fasiləsiz işləyən Çağrı Mərkəzimiz, Filippində çalışan kiçik komandamız artıq qlobal oyunçu olduğumuzu göstərir. Rəqiblərin də bizi hiss etməsi önəmlidir. Ən ciddi iki rəqibimizlə hazırda müəyyən xidmətlər üzrə partnyor olmağa çalışırıq.
- Baba bəy, deməli, Kanadada Asiyaya səyahət etmək istəyən insan sizin şirkət vasitəsilə Vyetnam vizası əldə edə bilər?
Tamamilə doğrudur. Kanada vətəndaşının Vyetnam vizası üçün müraciəti bizdə normal haldır.
- Siz müəyyən mənada bazara beynəlxalq məhsul çıxartmısınız. Bəs “Pickvisa”nın gələcəyi haradadır?
Səmimi etiraf edim ki, 2015-ci ildə https://vizam.az/az ideyası yarananda elə də böyük ideya deyil və bəlkə tələb yoxdur deyə, iki dəfə dayanmaq fikrinə gəlmişdim. İndi isə tamamilə əks fikirdəyəm. Viza sahəsi elə dərin sahədir və burada o qədər fərqli problemlər var ki… Həmin problemləri ayrı-ayrılıqda həll edib birləşdirməklə bazarda çox böyük oyunçuya çevrilmək olar. Rəqiblərimizin də fərqli həlləri var, fərqli xidmətlər üzərində işləyirlər. Bizim özümüzə məxsus həllərimiz var. Məsələn, qlobal dünyada viza ilə bağlı problemlərdən biri də səfirliklərdə yerin götürülməsi məsələsidir. Bunun üzərində həll düşünürük. Biz viza xidməti göstərməyə də bilərik, amma müraciətçilərə viza üçün səfirlikdə yer götürməyimiz elə böyük problemin həlli deməkdir.
- “Pickvisa”nın təkmilləşməsi texniki həllərdən, yoxsa marketinq və müştəri xidmətlərinin səviyyəsindən asılıdır?
Hər ikisindən. Bizim texniki, marketinq və əməliyyatlar komandamız var. Əməliyyatlar komandamız oturuşmuş komandadır. Digər ikisi isə daima axtarışdadır. Dayanmadan yeni testlər edirik, yeni marketinq məhsulları üzərində çalışırıq və texniki addımlarımız marketinq addımlarımızı izləyir. İndi üzərində çalışdığımız ən ciddi həllərdən biri də dünyanın böyük mehmanxana və uçuş bileti təklif edən iri onlayn şirkətlərinin veb-saytlarının içərisində viza qutularının yerləşdirilməsidir. Artıq texniki olaraq, məhsulumuz hazırdır. Bunun üzərində böyük marketinq addımları atırıq.
- Azərbaycandan müraciət edənlərin böyük hissəsi Qərbi Avropa ölkələrinə viza ilə maraqlanır. Bəs təcrübənizdə ən ekzotik insanların müraciət etdikləri istiqamətlər olubmu?
2015-ci ildən etibarən https://vizam.az/az vasitəsilə 130-a yaxın ölkənin vizasını həyata keçirmişik. Çox maraqlı və qeyri-adi ölkələr olub. Böyük əksəriyyəti Cənubi Afrika Respublikası, Braziliya, Argentina, Peru, Kosta-Rika, Avstraliya, Yeni Zelandiya, Filippin, İndoneziya, Papua-Yeni Qvineyaya səfər müraciətləri olub. Daima bizi təəccübləndirəcək ölkələrə müraciətlərlə qarşılaşırıq.
“EY İlin İş Adamı” müsabiqəsi haqqında
“EY” şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri olan “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, “EY İlin İş Adamı” 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır.