“AzerGold” QSC və Dövlət Məşğulluq Agentliyi Daşkəsəndə qadınların məşğulluğunun artırılması layihəsinin icrasına başlayıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsinin icrasına başlayıb.

Layihə QSC-nin “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən Çovdar, Quşçu kəndləri və “Şadax” adlanan ərazidə yaşayan qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsi, aztəminatlı evdar qadınların məşğulluq məsələləri, qadınlar arasında mikro və kiçik sahibkarlığın inkişaf etdirilməsi məqsədi daşıyır. Bu məqsədlə “AzerGold” QSC və Dövlət Məşğulluq Agentliyinin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə qadınlara əmək bazarındakı aktual peşə-ixtisas sahələri, məşğulluq mərkəzlərində qeydiyyata durmaq qaydası, mövcud olan vakansiyalar, peşə təhsili müəssisələrinə qəbul qaydaları, özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilib.

Həmçinin təlim iştirakçılarının düzgün iş seçimində karyera planlaması, potensialın kəşf edilməsi, bazar imkanlarının araşdırılması, məqsədlərin təyini və fəaliyyət planının qurulması, eləcə də Dövlət Məşğulluq Agentliyinin “Alo karyera” dəstək xidməti, iş axtarışı alətləri və müsahibəyə hazırlıq mövzularında maarifləndirilməsi təmin edilib.

Təlim zamanı iştirakçıların çoxsaylı sualları cavablandırılıb, onlara “AzerGold” QSC-nin yerli və beynəlxalq təcrübəyə uyğunlaşdırılmış elektron işə qəbul sistemi, vakant yerlər üzrə namizədlərin imtahan üsuli ilə əmək fəaliyyətinə cəlb edilməsi, eyni zamanda Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi xidmətlərdən istifadə imkanları barədə geniş bəhs olunub, qadınların bu xidmətlərdən yararlanmaları üçün zəruri məsləhətlər verilib.

Layihənin növbəti mərhələsində bilik və bacarıqları məqbul hesab edilən qadınların “AzerGold” QSC-nin dəstəyi ilə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq istiqamətlər üzrə peşə fəaliyyətinə cəlb edilməsi üçün zəruri addımların atılması nəzərdə tutulub. Xatırladaq ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgələrdə ətraf mühitin qorunması, məşğulluğun artırılması, mikro sahibkarlığın inkişafı, təhsil, idman, sağlamlıq, yeniyetmə və gənclərin təlim-tərbiyəsi, sosial rifahın yüksəldilməsi, mədəni irsin qorunması və digər istiqamətlər üzrə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirir. İcra edilən layihələr regionun spesifik xüsusiyyətləri, yerli icmaların ehtiyac meyarları, sosial-iqtisadi tələbatları nəzərə alınaraq hazırlanır və realizə edilir.