“Bu ilin sonuna turizmdə 2019-cu ilin göstəricilərinə yaxınlaşacağıq”
Hazırda Azərbaycan üçün əsas hədəf 2026-cı ildə Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyona çatdırmaqdır. Məqsəd turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ümumi daxili məhsulun istehsalının həcmini 2019-cu illə müqayisədə 1,5 dəfə artırmaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artıma nail olmaqdır. Sözsüz ki, bu prioritet hədəflərə nail olmaq üçün turizm sahəsinin aparıcı qüvvələrindən olan şirkətlər də öz fəaliyyətlərini düzgün təşkil etməlidir.
“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov verdiyi müsahibəsində turizm şirkətlərinin fəaliyyətləri ilə bağlı bir çox məsələlərə toxunub.
- Azərbaycanda daxili turizm ilə bağlı mövcud vəziyyəti, turizm biznesini necə qiymətləndirirsiniz?
Hazırda ölkəmizdə daxili turizmin inkişafı getdikcə artır. Bunun əsas səbəblərindən biri postpandemiya dövrüdür. Pandemiya dövründə bu seqment demək olar ki, donmuş vəziyyətdə idi. Amma hazırda burada bir canlanma, xoş dinamika görünür. Assosiasiya üzvləri tərəfindən mütəmadi olaraq yeni marşrutlar hazırlanır, həm öz vətəndaşlarımıza, həm də xaricdən gələn turistlərə regionlar üzrə yeni istiqamətlər təqdim edilir. Burada söhbət həm qış, həm də yay turizmindən gedir. Bildiyimiz kimi, qış aylarında xizək turizmi Azərbaycanda get-gedə populyarlaşır, bu turizm növü bir neçə istiqamətdə çox inkişaf edib. Məsələn, Tufan dağ, Şahdağ istiqamətləri üzrə xizək turizmi çox populyardır, Naxçıvanda da xizək turizmi artıq populyarlaşır. Yay turizmi mövsümündə turistlər arasında Qəbələ, İsmayıllı, Şəki, Qusar, Quba, Lənkəran istiqamətləri çox populyardır. Gəncə istiqaməti də öz liderliyini qoruyub saxlayır. Bu istiqamət üzrə sürətli qatarların açılması həmin istiqamətin populyarlaşmasında böyük rol oynayır. Əlavə olaraq bildirmək istəyirəm ki, artıq Şuşa istiqamətinə də mütəmadi səfərlər təşkil olunur və bizim yerli turistlərimiz bu istiqamətdən istifadə edərək Şuşanın mədəni, tarixi yerləri ilə tanış olurlar.
- Azərbaycanda hazırda nə qədər turizm şirkəti var? Onların hamısı haqqında dövlət reyestrində məlumatlar var?
Hazırda respublika üzrə 1000-dən çox turizm şirkəti fəaliyyət göstərir. Onların arasında paytaxtda yerləşənlərin sayı daha çoxdur. Assosiasiyamıza üzv olan şirkətlərin sayı isə 125-dir. Bunlar bazarda sözünü demiş turizm şirkətləridir və onların arasında həm getmə, həm gəlmə turizmi, eyni zamanda daxili turizmlə məşğul olan şirkətlər var. Biz bu şirkətlərlə mütəmadi olaraq görüşlər keçirir, bazarda olan mövcud vəziyyəti araşdırır və bundan sonra lazımi qurumlarla əlaqə saxlayaraq bu məsələlərin hamısını onların diqqətinə çatdırır, məsələləri birgə həll etməyə çalışırıq. Bildiyiniz kimi, “Turizm haqqında” yeni qanun qüvvəyə minib və qanunun tələbinə uyğun olaraq şirkətlərin reyestrdən keçirilməsinə start verilib. Demək olar ki, hər gün yeni-yeni şirkətlər qeydiyyatdan keçirlər. Bu, əslində çox yaxşı haldır, çünki şirkətlər həm öz məsuliyyətlərini dərk etməlidirlər, həm də müştərilər bu şirkətlər haqqında məlumat almalıdırlar. Təəssüflər olsun ki, biz hər il xoşagəlməz hallarla üzləşirik. Məsələn, müştərilərlə şirkətlər arasında narazılıq yaranır, şirkətlərin yox olması, itməsi, hansısa öhdəlikləri həyata keçirməməsi kimi hallar ortaya çıxır. Belə halların olması yaxşı deyil, reyetsrin qurulması bunun qarşısını almaq baxımından çox zəruridir.
- Son dövrlərdə daxili turlar təklif edən şirkətlərin sayı getdikcə artır. Azərbaycanda daxili turların təşkilini tənzimləyən hər hansı normativ sənəd varmı? Şirkətlər daxili turları hansı qaydada və standartlarla təşkil etməlidirlər? Bu sahədə hansı çatışmazlıqlar var?
Əslində, çox yaxşı məsələyə toxundunuz. Hazırda daxili turizm inkişaf edir, bu, yaxşı haldır. Amma təəssüflər olsun ki, bundan sui-istifadə edənlər var, heç bir qeydiyyatı olmayan şirkətlər, “şəxslər” boş vaxtları olanda daxili turlarla məşğul olurlar. Bu, turizmdə sağlam rəqabətin aparılmasına mane olur. Həmin şəxslər dempinqlə məşğuldurlar. Belə şirkətlərin fəaliyyəti necədir, servisləri güclüdürmü? Bütün bunlar sual altındadır. Bugün turizm bazarında həqiqətən ciddi, vergi ödəyiciləri olan şirkətlər var ki, onlar bəlli bir xərc müqabilində reklam kampaniyaları keçirirlər. Lakin onların həmin şirkətlərlə sağlam rəqabət aparması qeyri-mümkündür, burada çətinliklər ortaya çıxır. Sosial şəbəkələrdə həmin şəxslər və ya şirkətlərdən şikayətlər edilir, deyilir ki, turları dedikləri kimi etmirlər, ödədikləri pula uyğun xidmət ala bilməyiblər. Bütün bu şikayətlər öz növbəsində turizmin imicinə, daxili turizmin inkişafına mane olur. Bu da yaxşı hal deyil. Əslində, bizim niyyətimiz kimi isə bazardan sıxışdırıb çıxarmaq deyil. Amma biz eyni zamanda üzvlərimizin mənafeyini qorumağa çalışırıq və hamını sağlam rəqabətə, işlərinə daha ciddi yanaşmağa dəvət edirik.
- Sizcə turizm şirkətləri , bu gün ölkəyə xaricdən turistlərin cəlb edilməsində ciddi rol oynaya bilirlər?
Turizm şirkətləri ölkəyə turistlərin gəlməsində əsas aparıcı qüvvələrdən biridir. Bizim üzvlərimiz, demək olar ki, ölkəyə turist cəlb etmək üçün bütün sərgilərdə iştirak edir, öz məhsullarını təqdim edirlər. Xarici partnyorlarla müqavilələr bağlanılır, öhdəliklər imzalanır və əsas yükü də daşıyıcı olaraq şirkətlər həyata keçirirlər. Turistlərin Azərbaycanda qarşılanmasına, hotellərdə yerləşdirilməsinə, transfer məsələlərinə-bunların hamısına cavabdeh olanlar sırf trizm şirkətləridir. Üzvlərimiz bu sahədə böyük işlər görürlər və Azərbaycana turistlərin gətirilməsində onların ciddi rolu var. Düzdür, bu istiqamət üzrə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu da böyük işlər görür. Sərgilərdə yerlərin götürülməsi, reklam kampaniyalarının aparılması məhz onlar tərəfindən həyata keçirilir.
- Hazırda turizm paketlərinin qiymətlərinin formalaşmasında turizm şirkətlərinin hotellərlə əməkdaşlığının hansı formada qurulması da mühüm rol oynayır. Bu baxımdan iki tərəfin əməkdaşlığını necə dəyərləndirmək olar və bu əməkdaşlığın inkişaf etdirilməsi, stimullaşdırılması üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?
Turizm şirkətlərinin hotellərlə iş birliyi qurması bir-birindən ayrılmaz olan prosesin yekunudur. Şirkətlər müştərilərini hotellərdə yerləşdirir, nəqliyyat şirkətləri, restoranlar və kafelərlə çalışırlar. Bunlar hamısı zəncirvari bir prosesdir. Bu zəncir haradasa qırılırsa, o, artıq işləmir. Ona görə də bu əməkdaşlıq daha da güclənməlidir. Biz bu istiqamətdə mütəmadi olaraq, işlər həyata keçiririk. Assosiasiyanın tərkibində fəaliyyət göstərən komissiyalarımız var. Daxili turizmlə məşğul olan komissiyamız mütəmadi olaraq, bazarı izləyir, üzvlərimizlə görüşlər keçirir, mövcud vəziyyəti araşdırır. Düzdür, bəzi sahələrdə müəyyən boşluqlar müşahidə olunur, amma biz çalışırıq ki, bu iş birlikləri pozulmasın, eyni zamanda biznes də inkişaf etsin. Təəssüf olsun ki, bəzi hotellər hələ də şirkətlərlə iş birliyini normal şəkildə həyata keçirmirlər. Bu məsələ öz həllini tapmalıdır. Hotellər anlamalıdır ki, turistləri Azərbaycana şirkətlər gətirirlər, ona görə də hotellər yerli turizm şirkətləri ilə işləməyə üstünlük verməlidirlər. Bəzi hallarda hotellər xarici turizm şirkətlərinə qiymətləri yerli şirkətlərlə müqayisədə daha ucuz təklif edirlər. Bu məsələdə biz hotellərdən dəstək istəyirik, əgər əsas hədəfimiz turistlərin sayının artırılmasıdırsa, onda yerli şirkətləri gücləndirməliyik, güclü yerli tur operatorlarımız formalaşmalıdır.
- Digər ölkələrin turizm şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi üçün hansı işlər görülür? Hədəflər nələrdən ibarətdir?
Mütəmadi olaraq, xaricdəki partnyorlarımızla, turizm qurumları ilə görüşlər keçirir, səfərlər təşkil edirik. Bu məqsədlə Türkiyəyə, Gürcüstana, İordaniyaya, Yaponiyaya və s. səfərimiz oldu, səfər zamanı birgə işlərin həyata keçirilməsini müzakirə etdik. Amma, belə görüşlərlə yanaşı həyata keçirilməli digər işlər də çoxdur.
- Turizm şirkətləri turistlərin cəlbindən əldə etdikləri gəlir göstəricilərinə görə pandemiyadan əvvəlki nəticələrə çata biliblər?
Postpandemiya dövründə turizmdə yaxşı dinamika müşahidə edilir. Ancaq hələ də göstəricilər 2019-cu ildəki, yəni pandemiyadan əvvəlki rəqəmlərin səviyyəsinə çatmayıb. Düşünürəm ki, bu ilin sonuna bu rəqəmlərə yaxınlaşacağıq. Növbəti ildə göstəricilərimizin 2019-cu ildəkindən də yüksək olma şansı var. Amma, təəssüf hissi ilə demək istəyirəm ki, pandemiyadan sonra dünyada aviabiletlərin qiymətlərində kəskin artım müşahidə olunur. Bu, əslində turizmin inkişafına, turistlərin gəliş-gedişinə maneə yaradır. Əgər biz turistlərin sayını artırmaq niyyətindəyiksə, regionlardakı hava limanlarının fəaliyyətinin gücləndirilməsini, yeni aviaşirkətlərin Azərbaycana gətirilməsi, uçuşların sayının artırılması, büdcəli hava yolları şirkətlərinin fəaliyyəti kimi məsələləri diqqətdə saxlamalıyıq. Digər ölkələrə birbaşa reyslərin sayı nə qədər çox olarsa, o qədər çox sayda turisti ölkəmizə gətirə və ya öz vətəndaşlarımızı xaricə göndərə bilərik. Çünki görürük ki, turistlər tranzit deyil, birbaşa uçuşlara daha çox üstünlük verirlər. Həm rahatlıq, həm də qiymət baxımından birbaşa uçuşlar əlverişli olur. Ona görə də bu məsələni daim diqqətdə saxlamalıyıq.