“Tedaruk.az” portalında təkliflərin yerləşdirilməsi prosesi davam edir

Ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcıların elektron portalda təkliflərini yerləşdirməsi prosesi davam edir.

Ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcılar tedaruk.az saytına daxil olaraq 1 sentyabr tarixinədək dövlət satınalan təşkilatların 2024-cü il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər. İstehsalçı və satıcılar tedaruk.az saytında növbəti il üzrə tələbata uyğun olaraq ərzaq məhsullarının siyahısı, həmin məhsulların növü, qiyməti, miqdarı və satınalma şərtləri ilə tanış ola bilərlər.  

“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı olan tedaruk.az dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır.

Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir.