AQTİ sentyabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.

Laboratoriyalar sentyabr ayında keçirilməsi planlaşdırılan bərk pendir məhsulunda zülal, yağlılıq və quru maddə parametrləri üzrə səriştəlilik sınağına qatılmaq üçün 21 sentyabr 2023-cü il tarixinədək İnstituta müraciət edə bilərlər. Növbəti səriştəlilik sınağı və sınağın proqramı ilə AQTİ-nin rəsmi saytı (afsi.gov.az) vasitəsilə tanış olmaq mümkündür. Saytda yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədə bu səriştəlilik sınağı barədə məlumat və laboratoriyaların həmin sınaqda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Proqram”) yerləşdirilib. Sınaqda iştirak etmək istəyən laboratoriya saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az elektron poçtuna göndərməlidir. Müraciətlər qəbul edildikdən sonra müqavilə və digər məlumatlar elektron poçt vasitəsilə individual olaraq iştirakçılara göndərilir.

Səriştəlilik sınaqlarının nəticələri sınaqlar yekunlaşdıqdan sonra 1 ay müddətində İnstitutun saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfidensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.

Qeyd edək ki, səriştəlilik sınaqlarında iştirakçıların fəaliyyəti laboratoriyalararası müqayisə yolu ilə əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq qiymətləndirilir. Sınaqlar “ISO/IEC 17043 Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər” standartı əsasında təşkil edilir və qiymətləndirmələr bu standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır.

Onu da bildirək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təşkil olunan sınaqların məqsədi özəl laboratoriyalar üçün səriştəliliklərini müstəqil şəkildə qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir. Həmçinin qanuna əsasən, dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə bu qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır.