Nərə balığını naqqadan necə fərqləndirmək olar?

Naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüş alır. Buna görə də, naqqanı nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Bu səbəbdən sözügedən balıq növlərini fərqləndirmək üçün bəzi məqamlara diqqət etmək lazımdır.

Belə ki, nərə balığının bədəni boyunca 5 uzanan özünəməxsus tikanabənzər sümüklü pulcuqları var və onlar təmizlənsə belə, dəridə kobud şəkildə izləri qalır. Lakin naqqa balığının dərisində heç bir çıxıntı və ya pulcuğa rast gəlinmir. Həmçinin dəri tamamilə təmizlənib əzələ hissə qalarsa, nərə balığında əzələlər arasında növbəli şəkildə sarı yağ kütləsinin olduğu müşahidə edilir. Naqqa balığında isə bu yağ ağ rəngdə olur. Bu hallara əsasən, daha iri kütləyə malik balıqlarda təsadüf edilir. Bununla yanaşı, tam bişmiş olduqda və heç bir halda fərqləndirici xüsusiyyət müəyyən edilmədikdə, təqdim olunan məhsulun dadı ilə bu balıqları fərqləndirmək mümkündür. Çünki naqqa nərəyə nisbətən daha spesifik dada malikdir.

Ümumiyyətlə nərələr, adətən, uzunsov bədən formasına, nisbətən uzun buruna, dişsiz və hərəkətli ağıza, başın altında yerləşən ətli dodaqlara malik olur. Nərəkimilər dəstəsinə aid olan bu balıqlar qığırdaqlı skeleti, akulaya bənzər quyruq üzgəci, bədən boyu paralel uzanan 5 özünəməxsus sümüklü pulcuqları, çox yaxşı inkişaf etmiş ağız aparatı və həssas bığcıqları ilə digər balıqlardan fərqlənir. Araşdırmalara əsasən, nərə balıqlarının uzunluğu yetkin dişi və erkək fərdlərdən asılı olaraq, 1-2 metrə, çəkiləri isə 100-1500 kq-a qədər ola bilir. Dünyanın ən böyük şirin su balıq növlərindən hesab edilən naqqanın uzunluğu 3 metr, çəkisi 150 kq-a qədər ola bilir. Bu balıq uzun, üzəri həlməşik maye (mukus) ilə örtülmüş, pulcuğu az olan bədən örtüyünə və düz quyruğa malikdir. Üçbucaq formalı başı bədəninin uzunluğunun təxminən 20%-ni təşkil edir. Yumru və düz buruna sahibdir. Burnun deşikləri iri və bir-birindən aralıdır. Böyük ağzı, çox kiçik uclu dişləri və balaca gözləri var. Üst çənənin hər tərəfində iki böyük, alt çənədə dörd qısa bığa malikdir. Balığın uzunluğunun təxminən 60%-ni təşkil edən böyük üzgəci var. Bədəninin üst tərəfi tünd yaşımtıl qara, qarın hissəsi isə boz-ağ rəngdədir.

Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, istehlakçıların malların keyfiyyəti barədə dolğun və düzgün məlumat əldə etmək hüququ var. İstehlakçılar ictimai iaşə müəssisələrində təqdim edilən balıq məhsullarının təhlükəsizliyini və mənşəyini təsdiq edən sənədləri tələb edə bilərlər.

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Vətəndaş qəbulu

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Şəkidə vətəndaşları qəbul…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək

“AzerGold” QSC tərəfindən icra edilən “Daşkəsən rayonunda kartofçuluq…
►►►
Book Cafe

Yanlış işçi qəbulunun fəsadları

Yanlış işçi qəbulunun fəsadları Hər bir şirkət daha yaxşı işə qəbul siyasəti…
►►►