Sahibkarlığın dəstəklənməsi qeyri-neft sektorunun davamlı inkişafına töhfələr verir

  • İndiyə qədər Azərbaycandakı sənaye zonalarında 11,1 milyard manatlıq məhsul istehsal edilib;
  • Sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir;
  • “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda sənaye sahəsinin inkişafı prioritet olaraq müəyyənləşdirilib.

Son illər ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş mühüm nailiyyətlər inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün əlverişli imkanlar yaradır. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft ixracının artırılması, keyfiyyətli məhsul və xidmətlər ixracı hesabına ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə inteqrasiyası davamlı və yüksək iqtisadi artıma xidmət edən əsas məqsədlər sırasında yer alır. Göstərilən hədəflərə çatmaq üçün aparılan islahatlar artıq öz müsbət nəticələrini büruzə verir. Bu baxımdan ölkəmizdə sənaye parklarının təşviqi istiqamətində reallaşdırılmış layihələrin əhəmiyyətini xüsusi vurğulamaq yerinə düşər.

Hazırda ölkəmizdə 7 sənaye parkı – Pirallahı, Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları (http://economiczones.gov.az/iqtisadi-zonalar/senaye-parklari), 5 sənaye məhəlləsi – Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri (http://economiczones.gov.az/iqtisadi-zonalar/senaye-mehelleleri) mövcuddur. Onların fəaliyyəti ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına töhfə verir. İndiyə qədər Azərbaycandakı sənaye zonalarında 11,1 milyard manatlıq məhsul istehsal edilib və bunun təqribən 32,4%-i ixrac edilib. Cari ilin birinci yarısında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,4 milyard manatlıq məhsul satılıb ki, bunun da 33,2%-i, yəni 470,6 milyon manatlıq hissəsi ixracın payına düşür. Bu ilin yanvar-sentyabr aylarında isə sənaye zonalarında fəaliyyət göstərən müəssisələr məhsul istehsalının dəyərini ötən ilin eyni dövrü ilə müqayisədə 7% artıraraq 2,3 milyard manata çatdırıb. Bunun da 31,2%-i ixrac olunub.

Ölkədə yeni məhsullar istehsal edən müəssisələr yaradılır

2023-cü ilin üç rübünün yekunlarına əsasən, sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9%, qeyri-neft sənaye məhsullarının ixracında xüsusi çəkisi isə 22,9% olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə ixrac edilib. Sahibkarların biznes fəaliyyətinin stimullaşdırılması yeni istehsal sahələrinin yaradılmasına imkan verib. İndiyədək dəyəri 1,8 milyard manatdan artıq olan texnika, texnoloji avadanlıq və qurğular güzəştli şərtlərlə ölkəyə idxal edilib və müasir istehsal sahələri qurulub.

Ağdam və Cəbrayıldakı sənaye parklarının fəaliyyətində də aktivlik təmin edilir. Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, 6 qeyri-rezidenti var. Bu investorlar Parka 176 milyon manatdan çox pul qoymağı, 1600-dən çox daimi iş yeri yaratmağı planlaşdırırlar. Bir neçə rezidentin fəaliyyətə başlamasına isə qısa zaman qalıb.

Ağdam Sənaye Parkında əsas üstünlük təmir-tikinti materiallarının istehsalına verilir. Burada fəaliyyət göstərəcək rezidentlər müxtəlif imtiyazlardan yararlana biləcəklər və ərazidə çalışan inşaat şirkətləri üçün də əlverişli mühit yaranmış olacaq.

200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına isə 10 milyon manata yaxın investisiya yatırılıb. Parkın 5 rezidenti, 1 qeyri-rezidenti var. Bu investorlar Parka 33 milyon manata yaxın sərmayə yatırmaq, 420-dən çox daimi iş yeri yaratmaq istəyirlər. Rezidentlərdən biri – “Avto Lizinq Azərbaycan” MMC artıq fəaliyyətə başlayıb.

Vergi qanunvericiliyində sənaye parkları üçün əhəmiyyətli güzəştlər tətbiq edilir

Sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisi, torpaq vergisi və mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. İşğaldan azad edilmiş ərazidə fəaliyyət göstərən sahibkarın istehsal prosesində istifadə edəcəyi bir sıra xammal və materialların idxalı da 10 il müddətinə ƏDV-dən azad olunur. Həmçinin istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20%-i qədər dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilir. Cari il ərzində sənaye texnologiyaları parkının 102 rezidentinə 196 milyon manat məbləğində vergi güzəşti tətbiq edilib. Ümumilikdə isə indiyədək rezidentlər 380 milyon manata yaxın vergi güzəştindən faydalanıblar. Sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər indiyə qədər 456,7 milyon manat vəsaitə qənaət ediblər.

Sənaye sahəsinin inkişafı prioritetdir

“Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda (https://e-qanun.az/framework/50013) sənaye sahəsinin inkişafı prioritet olaraq müəyyənləşdirilib. Dövlət sənaye sahəsinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, müxtəlif sənaye parkları və məhəllələri yaradılacaq, istehsal olunan məhsul və xidmətlərin xarici bazarlara ixracı stimullaşdırılacaq. Sənədə əsasən, qeyri-neft/qaz sənayesi hər il orta hesabla 8,3% artacaq, sənaye zonalarının qeyri-neft/qaz sənaye istehsalında payı 15%, qeyri-neft/qaz sənaye ixracında payı isə 25% olacaq. Dövlətin stimullaşdırıcı dəstəyi ilə bu sahənin qlobal dəyər zəncirinə dayanıqlı inteqrasiyası təmin olunacaq. Bu isə öz növbəsində qeyri-neft sektorunun iqtisadiyyatımızın aparıcı artım mənbəyi kimi mövqeyinin möhkəmlənməsinə təkan verəcək.

Gülay Nəbiyeva

Əlaqədar məqalələr
Book Cafe

“İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması” xidməti

“İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna…
►►►
Book Cafe

Marketlərin keçirdiyi kampaniyalar zamanı satışın hesablanması

Marketlərin keçirdiyi kampaniyalar zamanı satışın hesablanması Mövzunu sərbəst auditor…
►►►
Book Cafe

Fərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi?

Fərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola…
►►►