AQTİ-də HACCP mövzusunda məlumatlandırma təlimləri keçiriləcək.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “HACCP-Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri” mövzusunda ödənişsiz məlumatlandırma təlimləri təşkil olunacaq. Təlimlər 28.12.2023-29.12.2023-cü il tarixlərində saat 15:00-dan-18:00-dək AQTİ-də keçiriləcək. Təlimlərdə qida zəncirini əhatə edən bütün sahibkarlıq subyektləri və onların əməkdaşları, habelə qida sahəsində fəaliyyət göstərmək istəyən fərdi şəxslər iştirak edə bilərlər. Təlimlərlə bağlı daha ətraflı məlumat almaq istəyən şəxslər (012) 377 00 20 (daxili: 456) nömrəli telefona zəng edə bilərlər.
İnstitutun peşəkar mütəxəssisləri tərəfindən keçiriləcək təlimlərdə iştirakçılar HACCP prinsipləri əsasında müvafiq qrupun yaradılması və tərkibinin müəyyənləşdirilməsi, eyni zamanda emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin, eləcə də təyin edilmiş kritik nəzarət nöqtələrinin hər biri üçün kritik limitlərin və aparılan bütün təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyənləşdirilməsi barədə məlumatlandırılacaq. Həmçinin onlara məhsulun identifikasiyasının və aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin olunması, eləcə də kritik nəzarət nöqtələri üçün monitorinq və düzəldici fəaliyyətlərin tətbiq edilməsi haqqında məlumat veriləcək.