Naşirim yanıma gəldi və dedi: “Sten, başqa bir superqəhrəman yaratmağını istəyirəm!”. “Yaxşı!” – dedim və evə getdim. “Haradan başlamaq lazımdır?” – deyə düşündüm.
Superqəhrəman obrazının ən vacib hissəsi onun super gücüdür. Bir dəfə onu fikirləşib tapsan, qalan hər şey öz-özünə gəlir. Xarakterimə hansı güc verəcəyimi düşünərkən divarda sürünən bir milçək gördüm və düşündüm: “Mən xarakterimə divarlardan yapışmaq və onlara dırmaşmaq bacarığı verə bilərəm. Bu çox gözəl olardı!” İndi bir ad qərar verməli idim və buna görə fərqli variantları sınamağa başladım: “Uçan adam”, “Ağcaqanad adamı”. Və birdən mənə ilham olur: “Hörümçək adam”. Bu hətta dramatik səslənir. Deməli, mənim qəhrəmanım, onun super gücü və adı var. Sonra sırf əyləncəli olsun deyə ona şəxsi problemlər vermək istədim, daha sonra isə onu tamamilə yeniyetmə etmək qərarına gəldim. Çünki o vaxt yeniyetmə super qəhrəmanlar yox idi.
Bu gözəl materialla, bu möhtəşəm ideyalarla silahlanıb redaksiyaya qaçıb danışdım. Bu da redaktorumun reaksiyası: “Sten, bu, indiyə qədər eşitdiyim ən pis fikirdir. Əvvəla, insanlar hörümçəklərə nifrət edirlər, bəs superqəhrəmanı necə “Hörümçək adam” adlandırmaq olar? Onun yeniyetmə olmasını istəyirsən? Bir yeniyetmə yalnız super qəhrəmanın köməkçisi ola bilər və hələ sən onun şəxsi problemlərinin olmasını istəyirsən? Sten, məgər sən super qəhrəmanın kim olduğunu bilmirsən? Onun şəxsi problemi yoxdur”.
Ofisdən məyus halda çıxdım. Düşünməli olduğum şeylər var idi. “Hörümçək adam”ı başımdan çıxara bilmirdim.
Bizim jurnal ölməkdə olan bir jurnal idi, məncə, o, Amazing Fantasy adlanırdı. Çox pis satılırdı. Biz isə son nömrəni çapa göndərmək istədik. Jurnalın son nömrəsini hazırlayanda orada nə çap etdiyiniz heç kəsin vecinə deyil, çünki jurnal ölüm ayağındadır. “Hörümçək adam” düşüncələrimə son qoymaq üçün onu Amazing Fantasy-də dərc etdim, üz qabığına qoydum və onu unutdum. Bir ay sonra satış rəqəmləri gələndə naşirim ofisimə girib dedi: “Sten, Sten, ikimizin də çox sevdiyimiz qəhrəmanı xatırlayırsan? Hörümçək Adam! Onunla ayrıca silsilə edək!”.
Xülasə, mən bütün bunları sizə niyə danışıram? Əgər sizin həqiqətən də yaxşı olduğunu düşündüyünüz ideyanız varsa, hansısa axmağın sizi ondan uzaqlaşdırmasına imkan verməyin.