Pandemiyanın səngiməsi ilə metropolitençilərin mədəni istirahəti və asudə vaxtlarının səmərəli təşkili istiqamətində sosial layihələr də genişləndirilir. Qurban bayramı günlərində metropoliten kollektivinin bir qrup üzvü qədim Gəncəyə 4 günlük turist səfərinə göndərilib.
“Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) birgə təşkilatçılığı ilə əməkdə fərqlənən 66 əməkdaş şəhərin tanınmış mehmanxanalarından birində yerləşib. Səfər xərclərini, əvvəlki qaydada, müəssisə və həmkarlar təşkilatı ödəyib və ekskursiya iştirakçılarının istirahətinin maraqlı keçməsi üçün hərtərəfli şərait yaradılıb.
Metropolitençilərin səfəri 44 günlük Vətən müharibəsi dövründə Gəncəyə atılmış dağıdıcı raket nəticəsində viran edilmiş yaşayış evlərinin  yerləşdiyi ərazini ziyarət etməklə başlayıb. Onlar hadisə qurbanlarının və şəhidlərimizin xatirəsini anıb, dağıntılar üzərinə gül dəstələri qoyublar.
Səfər çərçivəsində metropolitençilər Gəncə və ətraf bölgələrin tarixi-dünyəvi, milli-mədəni əhəmiyyətli abidələri, məkanları, gəzməli-görməli yerləri, Göygöl, Maralgöl, Hacıkənd, eləcə də Gədəbəyin Şırşır şəlaləsi və istirahət guşələrini gəzməkdən zövq alan metropoltençilər Gəncədə dahi Nizami Gəncəvinin məqbərəsi, İmamzadə kompleksini də ¬ziyarət edib, məşhur “Xan bağı” parkında olublar.
Pandemiya ilə əlaqədar ikiillik fasilədən sonra metropolitenin Bilgəh qəsəbəsində yerləşən sağlamlıq mərkəzində də istirahət edənlər üçün əyləncəli-mədəni proqram təşkil edilib. Qurban bayramına həsr edilmiş və bir neçə saat davam edən tədbirlər çərçivəsində sirk ustaları uşaqları əyləndirib, musiqi qrupunun və DJ-in ifasında musiqi parçaları sağlamlıq mərkəzinin sakinlərinə zəngin proqramlı maraqlı gün bəxş edib.