Əkinləri və heyvanları sərfəli şərtlərlə sığortalamaq mümkündür – Salyan rayonunda fermerlərlə görüşlər keçirilib

Salyanda 1000 manatlıq buğda məhsulunun sığortalanması fermerə cəmi 7,4 manata, 1000 manatlıq pambıq məhsulunun sığortası isə 7,1 manata başa gəlir

Əkinləri və heyvanları sərfəli şərtlərlə sığortalamaq mümkündür – Salyan rayonunda fermerlərlə görüşlər keçirilib.

Dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi barədə fermerlərin məlumatlandırılması məqsədilə Salyan rayonunun kəndlərində fermerlərlə görüşlər keçirilib.

Rayonun Həsənli, Şəkərli, Varlı, Qarabağlar və Qaraçala kəndlərində keçirilən görüşlərdə aqrar sığorta mexanizminin iş prinsipi, sığorta şərtləri, fermerlər üçün faydaları barədə ətraflı məlumat verilib.

Bildirilib ki, prezident İlham Əliyevin fərmanı ilə 2019-cu ildə yaradılan Aqrar Sığorta Fondunun fəaliyyəti artıq qısa müddət ərzində ölkənin bütün ərazisini əhatə edib. Hazırda Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq, bitkiçilik və balıqçılıq təsərrüfatları sığortalanır.

Görüşlərdə fermerlərə bildirilib ki, aqrar sığorta təsərrüfatı çoxsaylı risklərdən, o cümlədən təbii fəlakət – sel-subasma, dolu, leysan, yoluxucu xəstəliklər və zəhərlənmələr, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri nəticəsində təsərrüfatlara dəyən zərərlərdən qoruyur. Sığorta haqları isə olduqca sərfəlidir – belə ki, Salyanda 1000 manatlıq buğda məhsulunun sığortalanması fermerə cəmi 7,4 manata, 1000 manatlıq pambıq məhsulunun sığortası isə 7,1 manata başa gəlir. Qeyd edilib ki, aqrar sığorta son vaxtlar Salyanda sürətlə artan meyvə bağları və pomidor əkinlərinin qorunması üçün də sərfəlidir.

Fermerlərə bildirilib ki, aqrar sığorta vasitəsilə kənd təsərrüfatı heyvanlarının sığortalanması da mümkündür. Belə ki, qiyməti 1000 manat olan mal-qaranın sığortalanması üçün 26 manat, qiyməti 300 manat olan qoyunun sığortası üçün isə cəmi 7,8 manat tələb olunur. Bunun üçün heyvanların qeydiyyatı və EKTİS sistemində bəyan edilməsi tələb olunur.

Görüşdə iştirak edən Azərğaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri heyvanların birkalanması və qeydiyyatı barədə fermerləri məlumatlandırıblar.

Qeyd edilib ki, fermerlərə dəstək məqsədilə aqrar sığorta haqlarının 50%-ni dövlət özü ödəyir, nəticədə təsərrüfatı sığortalamaq üçün fermerlərdən olduqca kiçik məbləğ tələb olunur.

Görüşdə sığorta haqlarının hesablanması, sığorta ödənişi prosesi, ayrı-ayrı bitkilər və məşsullar üzrə sığorta ödənişlərinin verilməsi misallarla izah edilib.

Aqrar sığorta tariflərinin sərfəli olduğunu qeyd edən fermerlər bir sıra hadisələrin təsərrüfatlara zərər vurduğunu bildirərək ödəniş şərtləri, o cümlədən meyvə bağları və pomidor əkinlərinin sığortası şənrtləri ilə maraqlaınıblar. Qaldırılan bütün məsələlər ətraflı cavablandırılıb.

Qeyd edilib ki, fermerlər artıq aqrar sığortadan faydalanmağa başlayıblar. Belə ki, 2022-ci ildə zərər görən təsərrüfatlara Aqrar Sığorta Fondu tərəfindən 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ilin ilk yarısında isə 2,9 milyon manata yaxın ödəniş edilib.