Qida subyektlərinin sağlamlaşdırılması işləri davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətlərinin qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsinə, həmçinin əlverişli və sağlam biznes mühitinin formalaşdırılmasına dəstək məqsədilə tədbirləri davam etdirir.

Bu tədbirlər çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində (Motodrom 156) fəaliyyət göstərən qablaşdırılmış içməli su  emalı müəssisəsi də sağlamlaşdırılan obyektlərin sırasına daxil edilib. Belə ki, Agentliyin müfəttişləri tərəfindən həmin müəssisədə daha əvvəl planlı yoxlama həyata keçirilib. Aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görülüb. Habelə pozuntuların aradan qaldırılması istiqamətində sahibkarlıq subyektinə dəstək göstərilib, maarifləndirmə işləri aparılıb, məcburi tələblərin pozulmasının qarşısının alınması ilə bağlı peşəkar metodiki tövsiyələr verilib.

Daha sonra sözügedən müəssisəyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxış keçirilib. Baxış zamanı pozuntuların tam aradan qaldırıldığı müşahidə edilib. Görülmüş sağlamlaşdırıcı tədbirlər nəticəsində həmin müəssisənin fəaliyyətinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verdiyi müəyyənləşib. Bununla da içməli su emalı müəssisəsinin fəaliyyəti ilə bağlı qəbul olunan məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qüvvədən düşüb.

Qeyd edək ki, AQTA əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin olunması və müəssisələrin sağlamlaşdırılması istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək.