“Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.

Təşkilat tərəfindən şəhid və qazi övladları üçün Xocavənd rayonunun Hadrut qəsəbəsində və Füzuli şəhərində 4 gün müddətində “Xarıbülbül” düşərgəsi, Vətən müharibəsi qazilərinin Qayıdış Könüllüləri və üzv gənclərlə görüşləri, Azərbaycan Dövlət Pedaqoji Universitetində “Qarabağ: Qəhrəmanların Dastanı” adlı panel müzakirə və rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olunub. Təşkilat nümayəndələrinin, qazilərin, üzv və könüllü gənclərin iştirakı ilə İkinci Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən anım tədbirlərində millət vəkilləri, tərəfdaş qurumların nümayəndələri, təşkilatın idarə heyətinin üzvləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, Qayıdış Könüllüləri və tələbə gənclər iştirak ediblər.

Tədbirlərin keçirilməsində əsas məqsəd Vətən uğrunda öz şirin canlarından keçən şəhidlərimizin əziz xatirəsini anmaq, gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin gənclər arasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfəri təbliğ etmək, Vətən müharibəsi şəhidlərini və qazilərini cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq olub.

Tədbirlərdə çıxışlar zamanı bildirilib ki, bu Qələbə xalqımızın və Ordumuzun gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, əziz xatirəsini uca tutur. Zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsindən az sonra ölkəmizdə Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Həmçinin Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirlərinin ölkəmiz və region üçün əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşlərdə qəhrəman qazilərimiz 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun döyüş meydanında rəşadətindən, Azərbaycanın uğurla keçirdiyi lokal antiterror tədbirlərindən, xalq-ordu birliyindən, müharibə ilə bağlı xatirələrindən, şəhid olmuş döyüşçü yoldaşlarının qəhrəmanlıqlarından və göstərdikləri igidliklərdən bəhs edib, gəncləri maraqlandıran sualları cavablandırıblar.