Aqrar Sığorta Fondu Balakən və Qaxda Aqrar Biznes Festivalında
İndiyədək Şəki-Zaqatala regionu regiondakı hadisələr üzrə təsərrüfat və fermerlərə 1,7 milyon manata yaxın sığorta ödənişi edilib
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Balakən və Qax rayonlarında keçirilib.
Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkalarında Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edən Balakən, Qax, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarından toxumçular və bu sahədə fəaliyyət göstərən özəl şirkətlər iştirak ediblər.
Balakən “ASAN xidmət” mərkəzi və Qax rayonu Nizami parkının qarşısında keçirilən festivallarda Kənd Təsərrüfatı Nazirliyinin qurumları və digər dövlət qurumları öz xidmətləri barədə fermerləri məlumatlandırıblar.
Aqrar Biznes Festivalı və toxum sərgi satış yarmarkasında Azərbaycanda təsərrüfatların çoxsaylı risklərdən sığortalanmasını həyata keçirən Aqrar Sığorta Fondu da iştirak edib.
Fondun Şəki Regional Filialının əməkdaşları fermerlərə aqrar sığorta, onun imkanları barədə geniş məlumat veriblər.
Bildirilib ki, aqrar sığorta vasitəsilə 48 növ bitki məhsulunu, o cümlədən tarla bitkiləri, meyvə bağları, tərəvəz, bostan və texniki bitkiləri sığortalamaq mümkündür. Eyni zamada aqrar sığorta ilə südlük və ətlik mal-qara, xırdabuynuzlu heyvanaları da sığortalamaq olar.
Sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsi nəticəsində fermerlər cüzi ödənişlə təsərrüfatlarını sığortalaya bilərlər.
Aqrar Sığorta Fondunun stendində fermerlərə bildirilib ki, Şəki-Zaqatala regionu Azərbaycanda aqrar sığortadan ən çox faydalanan bölgələrdən biridir. İndiyədək bu regiondakı hadisələr üzrə təsərrüfat və fermerlərə 1,7 milyon manata yaxın sığorta məbləğdə ödənişi edilib.
Regiondakı sığorta ödənişlərinin 1,2 milyon manatı Şəki rayonu, 253 min manatı Balakən rayonu, 126 min manatı Qax və sair rayonlarda həyata keçirilib. Böldgədə sığorta ödənişləri əsasən buğda, arpa, qarğıdalı, fınlıq, pambıq, qoz, ərik və sair bitkilər üzrə həyata keçirilib.
Eləcə də heyvandarlıq sığortası üzrə bölgədə 91 min manat sığorta ödənişi həyata keçirilib.
Aqrar sığorta barədə məlumatlar fermerlərin böyük marağına səbəb olub, onlar aqrar sığorta haqlarının hesablanması, ödəniş prosesi, sığortanın əhatə etdiyi risklərlə bağlı çoxsaylı suallar ünvanlayıblar, bütün suallar ətraflı cavablandırılıb.
Aqrar Sığorta Fondunun əməkdaşları qarşıdan sığorta mövsümünün gəldiyini xatırladaraq fermerləri dövlətin yaratdığı güzəştli sığorta imkanından istifadə etməyə və təsərrüfatlarını sığortalayaraq risklərdən qorumağa çağırıblar.
Aqrar Biznes Festivalı və toxum sərgi satış yarmarkasında toxum və toxuma qulluq vasitələri, müasir suvarma sistemləri, müxtəlif kənd təsərrüfatı texnika və aqreqatları, pilotsuz uçuş aparatları, bitki mühafizə vasitələri sərgilənib.
Kənd təsərrüfatı məhsullarının nümayişi ilə yanaşı, festival çərçivəsində kredit yarmarkası keçirilib. Yarmarkada fermerlərə müxtəlif kredit məhsulları, aqrar təyinatlı kreditlərin verilmə şərtləri ilə bağlı məlumat verilib, fermerləri maraqlandıran suallar cavablandırılıb.
Festival çərçivəsində Balakən rayonunda “Şəki-Zaqatala iqtisadi rayonunun aqrar sektorunun gələcək inkişaf perspektivləri” mövzusunda panel müzakirə keçirilib.
Festivalda COP29 tədbirinin prioritetlərinə uyğun olaraq alternativ enerji qurğuları, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları və ekoloji məhsullar nümayiş olunub.
Qeyd edək ki, cari il ərzində ölkənin 10 müxtəlif rayonunda toxum sərgi-satış yarmarkası təşkil edilib və Cəlilabad, Şabran, Beyləqan rayonlarında da keçirilməsi nəzərdə tutulur.