Azərbaycan Halal Biznes və Turizm Forumunun “yaşıl” hədəfləri açıqlanıb

Oktyabrın 8-də Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu işə başlayıb. Tədbirin təşkilatçıları İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyidir. Qeyd edək ki, Forum Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən dəstəklənir. Tədbirin məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, müvafiq sahədə fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.

Azərbaycan halal biznes və turizm forumu iştirakçılara bu sektorda mövcud potensialı və investisiya perspektivlərini dəyərləndirmək, ən yaxşı təcrübələri bölüşmək imkanı yaradır. Müasir dövrdə dünyada halal standartları əsasında ərzaq məhsullarının istehsalına maraq və tələb artır. Bu gün istehsalçı və ticarətçilər üçün qida məhsullarının təhlükəsizliyi və istehlakçılara sağlam ərzaq məhsullarının çatdırılması ən mühüm öhdəlikdir. Bu baxımdan, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, eləcə də ticarəti ilə məşğul olan şəxslərin üzərinə böyük məsuliyyət düşür.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Forumda bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. İqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələr ölkəmizin dinamik inkişafının nəticəsidir. Dövlət başçısının tapşırıqlarına əsasən son illərdə aqrar sahədə ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına səbəb olub, rəqabətqabiliyyətli məhsulların istehsalı artıb. Ölkəmizin təmiz hava, münbit torpaq, saf su resurslarına malik olması ekoloji təmiz ərzaq məhsulları istehsalı sahəsində çox böyük imkanlar yaradır. Əlverişli coğrafi mövqeyə malik Azərbaycanda beynəlxalq mötəbər tədbirlərin keçirilməsi, nəhəng transmilli nəqliyyat layihələrin icrası ölkəmizin turizm məkanı kimi cəlbediciliyini daha da artırır, turistlərin sayının artmasına səbəb olur. Son zamanlar müsəlman ölkələrindən çoxsaylı turist axını Azərbaycanda halal qida sektorunun inkişafını və halal turizm standartlarının tətbiqini zəruri edir. Bununla yanaşı, respublikamızda sahibkarlığın inkişafı və aqrar sahəyə geniş dövlət dəstəyi halal qida və turizm sektorunun inkişafına zəmin yaradır.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavesa Sengendonun sözlərinə əsasən bu ilin sonuna kimi qlobal halal biznesin həcminin 6,7 trilyon ABŞ dollarına çatacağı gözlənilir. Son altı ildə qlobal halal biznesi 47 faiz artıb: “Dünyada halal biznesə maraq getdikcə artır. Bu baxımdan, bizə müfəssəl bir yanaşma lazımdır. Geniş mənada halal sektor dedikdə yalnız qida sektoru anlaşılmamalıdır. Bura maliyyədən turizmə, əczaçılıqdan kosmetologiyaya kimi insanların ehtiyaclarını təmin edən bir çox sahələr daxildir. Təəssüflər olsun ki, halal sektorun əsas oyunçuları İƏT-i təmsil etmirlər. Biz bunu başa düşməliyik. Hesab edirəm ki, bu bizim üçün bir çağırış ola bilər. Bu yöndə effektiv strategiyalar və koordinasiya halal dəyər zəncirinin optimallaşdırılması üçün olduqca önəmlidir.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Halal standartlaşma: problemlər və çətinliklər” adlı sessiyada çıxışında vurğulayıb ki, ölkəmizdə qida təhlükəsizliyi sisteminin institusional olaraq formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Son illərdə bu istiqamətdə həyata keçirilən tədbirlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin edilməsində, kənd təsərrüfatı və qida məhsullarının ixrac potensialının artırılmasında mühüm rol oynayır. Görülən işlər qida sənayesi sektorunda müasir standartların tətbiqinə, yerli istehlakçıların hüquqlarının müdafiəsi və idxal-ixrac prosesi zamanı qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına müsbət təsirini göstərir. Eyni zamanda ötən dövrdə qida zənciri üzrə həyata keçirilən nəzarət və tənzimləmə tədbirlərinin nəticələri təhlil edilib, qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübədə mövcud olan yanaşmalar öyrənilib və tətbiqinə başlanılıb. Qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində hazırkı dövrdə prioritet kəsb edən məsələ yeni çağırışlar əsasında onun beynəlxalq tələblərə tam uyğunlaşdırılmasıdır. Bunların içərisində halal standartına cavab verən məhsullar da xüsusi yer tutur.

Məlumdur ki, hazırda qlobal halal sənaye böyüməkdə davam edir. Respublikamızda da bu istiqamətdə mühüm işlər görülür. Bu çərçivədə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli Sərəncamının icrasına əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi öz fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq işləri həyata keçirir.

Belə ki, artıq halal sertifikatlaşdırma prosesinin hansı formada həyata keçiriləcəyi müəyyənləşdirilib. Qeyd edim ki, sertifikatlaşdırma prosesi dörd kateqoriya üzrə aparılacaq. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, quşların kəsimi, süd və süd məhsulları, eyni zamanda emal edilmiş məhsullar üzrə təşkil ediləcək.

Həmçinin müraciət prosesinin asanlaşdırılması məqsədilə artıq müvafiq işlərə başlanılıb. İnnovativ həllərin tətbiq olunması ilə qida subyektlərinin daha asan və əlçatan formada müraciət etməsinə şərait yaradılacaq. Halal sertifikatlaşdırma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr də formalaşdırılıb. Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərindən ibarətdir.

Bununla yanaşı, Qida Təhlükəsizliyi İnstitutunun “HALAL” uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanınması üçün İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) müəyyənləşdirilmiş, beynəlxalq standarta uyğun olaraq Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumuna müraciət edib.

Dünyada qida təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin daha da genişləndirilməsi xarici investorların Azərbaycan iqtisadiyyatına marağını və istehsal olunan yerli məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını artırıb.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, Birinci AZHAB Forumu iqtisadiyyatlarımızı daha da gücləndirmək və Halal sənayesinin təqdim etdiyi imkanlardan yararlanmaq məqsədilə daha geniş regionda əməkdaşlığı təşviq etməyə yönəlmiş növbəti təşəbbüsdür.

AZHAB Forumu əməkdaşlığın gücləndirilməsi, bilik mübadiləsinin aparılması, məhsulların nümayişi və Halal sənayesində etik və dayanıqlı təcrübələrin təşviqi ilə yanaşı, regionda biznesin inkişafını və beynəlxalq əməkdaşlığı dəstəkləmək məqsədi daşıyır: “Biz bu tədbiri qürurla təşkil edirik, çünki xalqımız öz iradəsi, qətiyyəti və gücü ilə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarını işğaldan azad etmiş və ədaləti bərpa etmişdir. Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə işğaldan azad olunmuş ərazilərdə mədəniyyət və dini abidələrin bərpası sürətlə həyata keçirilir. Bu təşəbbüslər Qarabağ və Şərqi Zəngəzurda milli-mədəni irsin dirçəldilməsi, eləcə də tarixi abidələrin əvvəlki əzəmətinə qaytarılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu işlər Azərbaycanın tarixi və mədəni irsini qorumaq və gələcək nəsillərə çatdırmaq məqsədinə xidmət edir. Eyni zamanda son 30 il ərzində Azərbaycan regionun iqtisadi və ticarət potensialını əhəmiyyətli dərəcədə açan mühüm regional əməkdaşlıq və infrastruktur layihələrinə öncüllük etmişdir”.

Azərbaycan Halal Biznes Forumunun başlanğıcını qoymaq təşəbbüsü, ölkəmizin regionda sülh qurucusu və iqtisadi artımın əsas lokomotivi kimi sübut olunmuş tarixi roluna əsaslanır. Halal biznes təcrübələri ilə Azərbaycanın zəngin tarixi və mədəni irsi arasındakı bu sinerji ölkəni regional Halal sənayesi üçün potensial bir mərkəz kimi mövqeləndirir. Burada innovasiya, əməkdaşlıq və inkişaf bir araya gələrək bizim ortaq Halal yolumuzu daha yüksək səviyyəyə qaldıracaq.

Birinci AZHAB Forumunun açılış sessiyası üçün “Regionda Dayanıqlı Halal Ekosisteminin Formalaşdırılması” əsas mövzu seçilib. Bu, həm Azərbaycanın COP29 sədrliyinin prioritetlərini, həm də agentliyimizin “yaşıl iqtisadiyyat”ın vacib elementi kimi dayanıqlı KOB-ların inkişafı baxışını əks etdirir. Əlavə olaraq, bu həm də Halal sənayesinin gələcəyini necə gördüyümüzün bir əksidir.

“Yaşıl KOB-lara olan güclü inamımızın açıq göstəricisi kimi Agentliyimiz qlobal təşəbbüs olaraq, “KOB-ların Yaşıl Keçidi üzrə Bakı Qlobal Koalisiyası” adlı bir bəyannamə ilə çıxış etmişdir ki, bunu qürurla COP29 sədrliyimiz çərçivəsində irəli sürmüşük. Forumun ikigünlük tədbiri konfrans və sərgidən ibarətdir: Konfransda qida, turizm və İslam maliyyəsi kimi mühüm Halal sektorlarının inkişaf perspektivlərinə həsr olunmuş çoxsaylı sessiyalar keçiriləcək.

Sərgidən söz açan sədr bəyan edib ki, burada geniş çeşiddə Halal sertifikatlı məhsul və xidmətlər nümayiş olunur. Bu nümayişin yeni biznes əməkdaşlıqları və investisiya imkanları üçün bir başlanğıc nöqtəsi kimi xidmət edəcək, eləcə də Halal sənayesindəki ən son innovasiyaların araşdırılması üçün bir platforma olacaq.

Avstraliyanın “Globothink” şirkətinin Baş icraçı direktoru və Halal sənayesi üzrə konsultantı İrşad A.Kader bildirib ki, Dördüncü Sənaye İnqilabında KOB-ların iqtisadi və sosial dəyər yaratması üçün rəqəmsal texnologiyalara inteqrasiyası çox vacibdir. “İnnovasiya hər bir uğurlu biznesin əsasını təşkil edir. Bu baxımdan, zəruri İKT bacarıqları və infrastruktur olmadan KOB-lar həm yerli, həm də qlobal bazarlarda rəqabət aparmaqda çətinlik çəkirlər.

Bu il Azərbaycan halal turizm istiqaməti üzrə 145 ölkə arasında 20-ci yeri tutaraq, halal turizm sektorunda önəmli mövqedə qərarlaşıb. “Azərbaycanda sahibkarların 99 faizdən çoxu kiçik və orta müəssisələrdir (KOB), bunların təxminən 97,3 faizini mikro, 1,9 faizini kiçik, 0,8 faizi isə orta ölçülü müəssisələrdir. KOB-lar ticarət, kənd təsərrüfatı, tikinti, logistika, turizm və digər sahələrdə fəaliyyət göstərirlər. KOB-ların transformasiyası “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində nəzərdə tutulub”.

Ərəb-Braziliya Ticarət Palatasının İnstitusional əlaqələr üzrə direktoru Fernanda Baltazar vurğulayıb ki, Halal biznes yalnız qida sənayesi ilə məhdudlaşmır. O həm də kosmetika, əczaçılıq, geyim, turizm və bir çox digər sahələri əhatə edir. Bu sahələrdə Braziliya şirkətləri böyük təcrübəyə malikdir və biz Halal standartlarının tələblərinə cavab verən innovativ məhsul və xidmətlər təklif edirik. İslam ölkələri ilə bu istiqamətdə daha sıx əməkdaşlıq etmək, yeni bazarlara çıxış imkanlarını genişləndirmək bizim əsas prioritetlərimizdəndir.

İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zehra Zümrüt Selçukun sözlərinə görə, Azərbaycan Halal sənayenin aparıcı ölkələri sırasına daxil ola bilər. “Dünya üzrə halal sənayelərin 94 faizi 10 ölkənin payına düşür. Azərbaycanın geniş potensialı və fürsətləri nəzərə alaraq onun bu ölkələr sırasına daxil ola biləcəyini deyə bilərik. Məsələyə daha geniş prizmadan baxmış olsaq, bu halal sektorun yaxın gələcəkdə inkişafını təmin etmək üçün təlim kurslarına, vebinarlara, potensial artırma proqramlarına, müvafiq bilik infrastrukturunun yaradılmasına, nou-hauların ötürülməsinə xüsusi önəm verilməlidir. Eyni zamanda halal sənayeyə sadəcə iqtisadi faktor kimi baxmaq da düzgün olmazdı. Belə ki, o, bizim önəmli adət və ənənələrimizi, mədəni kimliyimizi təmsil və tərənnüm edir”.

Azərbaycanın halal sənayesinin inkişafı, ölkənin qlobal bazarlara daha güclü inteqrasiya olunmasına və İslam ölkələri ilə ticarət əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaradır. Azərbaycan strateji mövqeyi və iqtisadi artımı ilə İslam dünyasının önəmli iqtisadi aktorlarından birinə çevrilib. Xüsusilə halal sektoru geniş potensiala malikdir və bu sahədə atılan addımlar təkcə ölkə iqtisadiyyatı üçün deyil, həm də İslam dünyası ilə ticarət əlaqələrinin inkişafı üçün böyük əhəmiyyət daşıyır.

Aygün İbrahimova

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Azərbaycanın qeyri-neft ixracı 2 faizədək artıb

Azərbaycanın qeyri-neft ixracı 2 faizədək artıb Bu ilin yanvar-noyabr aylarında…
►►►
İqtisadiyyat / Biznes

"Silk Vey Vest Aviaşirkəti” MMC-nin istiqrazları BFB-də standart bazar seqmentində listinqdə

“Silk Vey Vest Aviaşirkəti” MMC-nin istiqrazları Bakı Fond Birjasında standart bazar…
►►►
İqtisadiyyat / Biznes

ABB və AZAL səyahət imkanları yaradankobrend kartını təqdim etdi!

ABB və AZAL səyahət imkanları yaradankobrend kartını təqdim etdi! ABB və AZAL…
►►►