Çinin “Xi’an Free Trade Port Construction and Operation” şirkətinin rəsmiləri Bakı Limanına səfər edib
Azərbaycan, Qazaxıstan və Çinin birgə inşa edəcəyi İntermodal Yük Terminalında aparılacaq işlərlə tanışlıq məqsədi ilə “Xi’an Chanba Beynəlxalq Liman”-ın İdarəetmə komitəsinin baş katibi və “Xi’an Free Trade Port Construction and Operation Co Ltd”-nin Baş direktoru Yuan Xiaojunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Limanına səfər edib.
Səfər çərçivəsində Bakı Limanının Baş direktorunun müavini Söhrab İsmayılov qonaqları limanın yükaşırma potensialı və həyata keçirilən infrasturktur layihələri haqqında məlumatlandırıb.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq üçün perspektiv hədəflərin müəyyən edilməsi məqsədilə müzakirələr həyata keçirilib, Orta Dəhlizin yük həcmlərinin artırılması istiqamətində tərəflər arasında əməkdaşlıq əlaqələrinin artırılmasının vacibliyi vurğulanıb. Tərəflər regionda logistikasının inkişafında böyük rol oynayacaq, ölkəmizdən keçməklə Çin -Avropa və əks isqamətdə daşınan yük həcminin artımına təsir edəcək yeni layihələr haqqında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, 12 noyabr 2024-cü ildə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Qazaxıstan Dəmir Yolları” SC və Çinin “Xi’an Free Trade Port Construction and Operation Co Ltd” arasında Bakı Limanının ərazisində yeni İntermodal Yük Terminalının inşası üçün müəssisənin yaradılmasına dair Saziş imzalayıblar.