Mingəçevir Dövlət Dram Teatrı Azdramanın qonaqı oldu

Oktyabrın 29-dan etibarən Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinə başlayıb.

Layihənin məqsədi bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, bölgə teatrlarında hazırlanan səhnə əsərlərini paytaxt tamaşaçılarına təqdim etməkdir.

Layihənin növbəti qonağı Mingəçevir Dövlət Dram Teatrı olub. 3 fevral tarixində Əməkdar artist İntiqam Soltanın “Ağ-qara” adlı müəllif tamaşası nümayiş olunub.

Teatrın foye və zalında tullantıların döşəməyə səpilməsi hamımızı təəcübləndirdi, boz pərdənin üzərində nümayiş olunan kadrlarda isə Ağ dünyaya Qara yaxan insanların əməlləri hamını heyrətə gətirdi. İlk kadrlardan yanan meşələrdə, dəniz və okeanlarda toplanan sellofan torbalar və neft qalıqlarının altından nəfəs ala bilməyən, inildəyən, fəryad qoparan heyvanların səsi tamaşaçıya məsələnin məğzinin nədən ibarət olduğunu aydınlatdı: “Təbiətin bir düşməni var, o da insandır! İnsanın təbiətə qənim kəsilməsi, ona vurduğu ziyan Yer kürəsini fəlakətə sürükləyir”. Mingəçevir Teatrının direktori, Respublikanın Əməkdar artisti İntiqam Soltan müəllifi olduğu “Ağ-Qara” mono tamaşası ilə tamaşaçılara səslənirdi. Bu bir çağırış idi: “Dayanın! Törətdiyiniz pisliklərin içində özünüz boğulacaqsınız!”

Tullantılar içində görünən bir tısbağanın (gənc aktrisa Lalə Abuşova) yaşantılarını, çırpıntılarını izlədık. O, yumurtalarının və balalarının məhv edildiyini, çarəsiz durumda həyatını itirən saysız-hesabsız canlının ekoloji genosidin qurbanına çevrildiyini göz yaşları ilə çatdırdı. Bir saat davam edən tamaşa boyu aktrisa Lalə Abuşova yaratdığı obrazın fonunda insanlara mesajlarını verdi, bir çox ciddi ittihamlarını səsləndirdi: “Tezliklə ekoloji tarazlığın bərpası təmin olunmazsa, insanların özləri çirkabın içində boğulacaqlar. Cəmiyyətin normal olmaması təbiəti bu hala salır”.

Tamaşanın nümayişindən sonra Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə tamaşanın müəllifi və rejissoru İntiqam Soltana Akademik Milli Dram Teatrının diplomunu təqdim edib.

Günel Həsənova

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Xalq artisti Tünzalə Ağayeva rep oxudu

Xalq artisti Tünzalə Ağayeva rep oxudu Xalq artisti Tünzalə Ağayeva ard-arda yeni…
►►►
İncəsənət / Dəb

Xalq artisti Tünzalə Ağayeva yeni duetini təqdim etdi

Xalq artisti Tünzalə Ağayeva yeni duetini təqdim etdi Xalq artisti Tünzalə Ağayeva…
►►►