Bələdiyyə gəlirləri: mənfəət vergisi, reklam, parklanma
Bələdiyyələrin gəlirlərinin formalaşması və yerli vergilərin toplanması ilə bağlı araşdırmamız davam edir.
![](https://rockvell.com/wp-content/uploads/2025/02/bldiyy_glirlri_mnft_vergisi_reklam_parklanma-1024x576.png)
Vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır:
– Bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;
– Bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi;
– Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.
Torpaq və əmlak vergisinin hesablanması və toplanması qaydaları əvvəlki məqalələrdə izah edilib. Sərbəst auditor Altay Cəfərov bu dəfə “vergiler.az”a bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisinin, eləcə də bələdiyyə büdcəsini formalaşdıran digər gəlirlərin yerli büdcəyə toplanması yollarını şərh edir.
Kimlər mənfəət vergisini bələdiyyəyə ödəməlidir?
Qanunvericiliyin müddəasından aydın olur ki, burada iki nüans vardır. Birincisi, müəssisə, təşkilat (hüquqi şəxs) bələdiyyənin mülkiyyətində olmalıdır. İkincisi, həmin hüquqi şəxs mənfəətlə işləməlidir ki, mənfəət vergisi formalaşsın və bələdiyyəyə ödənilsin.
Adətən, mülkiyyət hüququ dedikdə, daşınan və daşınmaz əmlaklara mülkiyyət hüququ başa düşülür. Ancaq hüquqi şəxsin təsisçisinin, səhmdarının həmin hüquqi şəxsin mülkiyyətiçisi kimi qəbul edilməsi düzgün deyil. Hətta Mülki Məcəllənin, Vergi Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə görə, təsisçilər, səhmdarlar təsis etdiyi, səhmdarı olduğu hüquqi şəxslərin öhdəliklərinə və eyni zamanda həmin hüquqi şəxslər də təsisçilərin, səhmdarların öhdəliklərinə görə cavabdehlik daşımır.
Ancaq hər hansı bir daşınan və ya daşınmaz əmlakın mülkiyyətçisinın hərəkətlərinin nəticəsi birbaşa mülkiyyətçisi olduğu əmlakın varlığına təsir edir. Odur ki, qeyd etdiyimiz maddədə olan mülkiyyət məsələsi dedikdə, bələdiyyələr tərəfindən yaradılmış hüquqi şəxslər nəzərdə tutulur. Başqa sözlə, Vergi Məcəlləsinin 8.1.4-cü maddəsi təsisçiləri bələdiyyələr olan hüquqi şəxslərə tətbiq edilir. Yəni, bələdiyyələr hüquqi şəxslər təsis edirlər və həmin hüquqi şəxslər öz ərazilərində və ya başqa ərazilərdə də fəaliyyət göstərə bilərlər. Adətən, təcrübədə bələdiyyələrin təsisçisi olduğu, yaratdığı hüquqi şəxslər öz ərazilərində fəaliyyətlərini formalaşdırırlar. Yəni, qanunun həmin maddəsinin də mahiyyəti ondan ibarətdir ki, bələdiyyələr yeni strukturlar yaratsınlar, yeni istehsalat, xidmət, ticarət, iaşə obyektlərini öz ərazilərində qursunlar, bələdiyyə ərazisində olan vətəndaşlara yeni iş yerləri açsınlar. Nəticə olaraq, yaranmış mənfəət vergisi də bələdiyyə büdcəsinə ödənilsin.
Bəs bələdiyyələrin yaratdığı müəssisələr əlavə dəyər vergisi və digər vergiləri hara ödənilməlidir? Əgər bələdiyyələrin yaratdığı hüquqi şəxlər ƏDV ödəyicisi olarsa, onda ƏDV-ni dövlət büdcəsinə ödəyəcəklər. Digər vergilər də Vergi Məcəlləsinin tələblərinə görə ödəniləcək. Qeyd etdiyimiz kimi, ancaq mənfəət vergisi bələdiyyəyə ödəniləcək.
Bələdiyyələrin gəlirlərinin formalaşması
Bələdiyyələrin gəlirlərinin formalaşması mənbələri müxtəlifdir. Bunun üçün “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununa baxmalıyıq. Qanunun 9-cu maddəsinə əsasən, yerli ödənişlərə aşağıdakılar aiddir:
– Bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş;
– Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş;
– Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş;
– Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş (bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir);
– Bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş (bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir).
Qanunun 9.2-ci maddəsində göstərilib ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən birdəfəlik könüllü ödənişlər tətbiq edə bilər. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır.
Göründüyü kimi, bələdiyyələrin gəlirləri təkcə vergilərdən yox, yerli ödənişlərdən də formalaşır. Hətta hər il dövlət büdcəsi təsdiq edildikdə bələdiyyələrin dayanıqlı olması, inkişaf etməsi, tamlığının saxlanması üçün onlara büdcədən dotasiyalar da ayrılır.
Reklam pulunu kim almalıdır?
Yerli (bələdiyyə) ödənişlərin əldə edilməsi zamanı bələdiyyələrlə yerli icra hakimiyyəti, nəzarət orqanları ilə müxtəlif fikir ayrılıqlarının, mübahisələrin yaranmasının şahidi oluruq. Bələdiyyələrin əsas narazı qaldığı məsələlərdən biri küçə (açıq məkanda) reklamlarından və parklanmalardan əldə edilən gəlirlərin onlara ödənilməməsidir.
Qeyd etdiyimiz məsələyə uyğun gəlir mənbələri “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 9-cu maddəsindəki 9.1.1.-ci və 9.1.5.-ci bəndləridir. Bildiyimiz kimi, açıq məkanda (küçə) reklamlara görə xidmət haqları Azərbaycan Respublikası Reklam Agentliyi (ADRA) tərəfindən toplanılır. Bəs ADRA-nın belə bir səlahiyyətləri haradan yaranıb?
Azərbaycan Respublikası Reklam Agentliyi ölkə Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 №-li fərmanı ilə yaradılıb və onun nizamnaməsi 2017-ci il 31 iyul tarixli fərmanla təsdiq edilib.
Nizamnamədə bildirilir:
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (bundan sonra – Agentlik) avtomobil yollarının torpaq sahəsində, şəhər, qəsəbə, kənd və digər (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla) yaşayış məntəqələrində (bundan sonra – açıq məkanda) reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində (bundan sonra – müvafiq sahə) vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.
2. Agentliyin fəaliyyətinin məqsədi, vəzifə və hüquqları
2.1. Agentliyin fəaliyyətinin əsas məqsədi açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləmənin və nəzarətin həyata keçirilməsini təmin etməkdir.
2.2.9. Dövlət və bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı Agentliyə edilmiş müraciət əsasında həmin əmlakın mülkiyyətçisi ilə (və ya onun barəsində sərəncam vermək hüququ olan şəxslə) müraciət edən şəxs arasında müvafiq müqavilənin bağlanmasını təşkil edir.
Beləliklə, nizamnamədən də aydın olur ki, ADRA Azərbaycan Respublikasının bütün ərazisində digər (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla) reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirmək üçün yaradılmış bir hüquqi şəxsdir. Yəni, sadə formada desək, ADRA açıq məkanda yerləşdirilən bütün reklamlara nəzarət edir.
Bəs bələdiyyələrin “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 9.1.1-ci maddəsindəki gəliri kimi təsnifləndirilmiş “bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş” dedikdə nə başa düşülür?
Bələdiyyələrin torpaqları var və həmin torpaqlar bələdiyyə mülkiyyəti sayılır. Fiziki və ya hüquqi şəxslər bələdiyyə mülkiyyətində olan torpaqlarda reklamlarını da yerləşdirə bilərlər. Əlbəttə ki, açıq məkanda həmin reklamları yerləşdirmək üçün ilkin olaraq xüsusi konstuksiyalara malik reklam saxlayıcılarını, reklam daşıyıcılarını quraşdırmaq və ya bərkitmək lazımdır.
Bu reklam daşıyıcılarının quraşdırılması üçün həmin şəxslər bələdiyyələrlə müqavilələr bağlamalıdırlar. Daha doğrusu, icarə müqavilələri bağlanmalıdır ki, bələdiyyələrə ödənilən icarə haqqının müqabilində reklan daşıyıcılarını orada quraşdıra və ya bərkidə bilsinlər. Ancaq həmin reklam daşıyıcılarında reklamların yerləşdirilməsi, reklam haqlarının hesablanması və yığılması səlahiyyətləri ADRA-ya verilib. Nəticə olaraq, görünür ki, heç bir tələb və ya qaydalar pozulmayıb.
Parklanmaya görə ödənişlər
Bəs bələdiyyələr parklanmaya görə haqları əldə edə bilərmi? İlkin olaraq, görürük ki, Bakı şəhərində parklanmaların yerləşdiyi ərazilər müvafiq bələdiyyələrin ərazilərinə düşür və məntiqlə parklanmalara görə haqlar da bələdiyyələrə ödənilməlidir. Məsələyə tam aydınlıq gətirmək üçün müvafiq normativ aktlara baxmalıyıq.
“Avtomobil yolları haqqında” Qanunun 6-cı maddəsinə əsasən, ölkə ərazisində dövlət mülkiyyətinə aid edilən, bütün yaşayış məntəqələri, dövlət müəssisələri və ictimai infrastruktur obyektləri arasında yük və sərnişin daşınmasına, habelə ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin güclənməsinə təminat yaradan respublika və yerli əhəmiyyətli, şəhər və sahə avtomobil yolları dövlət avtomobil yollarının tərkibinə daxil edilir. Dövlət avtomobil yollarının təsnifatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tərtib və təsdiq edilir. Həmin Qanunun 7-ci maddəsində isə göstərilib ki, bələdiyyə avtomobil yollarına şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrin ərazisində yerləşən və onların mülkiyyətində olan küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, digər yollar və yol qurğuları aiddir. Bələdiyyə yolları bələdiyyə qurumlarının ərazisi hüdudlarında avtomobil və başqa nəqliyyat əlaqələrini təmin edir.
Zəruri hallarda bələdiyyə yolları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən ümumi istifadə üçün açıla bilər. Bələdiyyə yollarından istifadə qaydalarını bələdiyyələr yuxarıda qeyd olunan qanunun tələblərinə uyğun müəyyənləşdirirlər. Bələdiyyə avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir.
Avtomobil yollarının təsnifatı Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarı ilə tənzimlənir. Həmin Qərara əsasən, dövlət avtomobil yollarının təsnifat göstəriciləri belə müəyyən olunub:
1. Yaşayış məntəqələri və dövlət müəssisələrini birləşdirən avtomobil yolları;
2. Respublika, yerli əhəmiyyətli və şəhər avtomobil yolları.
Bələdiyyə avtomobil yollarının təsnifat göstəriciləri isə belədir:
1. Bələdiyyə qurumlarının ərazisi hüdudlarında (beynəlxalq, respublika və yerli əhəmiyyətli avtomobil yolları, şəhər, sahə və özəl avtomobil yolları istisna olmaqla) avtomobil yolları;
2. Şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrin ərazisində yerləşən və bələdiyyə qurumlarının mülkiyyətində olan küçələr, keçidlər, digər yollar və yol qurğuları.
Nazirlər Kabinetinin qərarından da aydın olur ki, respublika, yerli əhəmiyyətli və şəhər avtomobil yolları dövlət avtomobil yollarına aiddir. Nəticə olaraq, şəhərlərdə olan bütün avtomobil yolları dövlətə aid olduğundan, həmin yollarda da parklanmaların yaradılması və parklanmalara görə ödənişlərin əldə edilməsi dövlətin səlahiyyətindədir. Müvafiq olaraq, bu səlahiyyətlər dövlət qurumu olan AYNA-ya verilib. Ona görə də bələdiyyələrin belə parklanmalardan ödənişlər tələb etməsi düzgün deyil. Bələdiyyələrin ancaq özlərinin yaratdığı və öz ərazilərində sahibkarlar tərəfindən qurulmuş parklanmalardan ödənişləri tələb etməsi qanunauyğundur.