Pambıq sahələrinin sığortası iyunun 13-dək davam edəcək
Azərbaycanda pambıq əkini sahələrinin dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sığortalanması müddəti bir neçə gündən sonra başa çatacaq. Fermer və təsərrüfat sahibləri iyun ayının 13-dək Aqrar Sığorta Fonduna müraciət edərək pambıq sahələrini çoxsaylı risklərdən sığorta edə bilərlər.

Aqrar Sığorta Fondu pambıq sahələrini dolu, fırtına, qasırğa, sel və subasma, leysan yağışları, vəhşi heyvanların hücumları, 3-cü şəxsin hərəkətləri və sair risklərdən sığortalayır.
Sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər cüzi məbləğ ödəməklə sahələrinin sığorta edə bilərlər.
Ölkə ərazisində 1 hektar pambıq sahəsinin sığortalanması üçün sığorta haqqının məbləği məhsuldarlıq göstəricisindən asılı olaraq 15-30 manat arasında dəyişir.
Qeyd edək ki, pambıq əkən fermerlər artıq aqrar sığortadan faydalanırlar. Belə ki, 2023-cü ildə baş verən hadisələrə görə pambıqçılara 950 min manat sığorta ödənişi edilib. 2024-cü ildə baş vermiş hadisələrə görə isə pambıq əkən fermerlərə 1,2 milyon manat zərər ödənişinin edilməsi nəzərdə tutulur və hazırda bu ödənişlər davam edir.