Yenidən salınan Horadiz- Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin tərkib hissəsidir
Azərbaycanın Vətən müharibəsində Ermənistan üzərində qazandığı tarixi qələbə Cənubi Qafqaz regionunun geosiyasi, geoiqtisadi mühitini əsaslı sürətdə dəyişməklə, burada yeni əməkdaşlıq mühiti üçün də əlverişli şərait yaradıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü bərpa etdikdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bir sıra mühüm infrastruktur layihələrinin icrasına başlanıldı. Bu gün ölkəmiz 30 illik işğal ərzində Ermənistanın darmadağın etdiyi şəhərlərimizi, kənd və qəsəbələri bərpa etməklə yanaşı, bütün regionun mənzərəsini dəyişəcək nəqliyyat layihələrini həyata keçirir. Belə layihələrdən biri Horadiz-Ağbənd dəmir yolu xəttinin yenidən qurulmasıdır. Hazırda Füzuli rayonunun Horadiz şəhərindən başlayaraq Zəngilan rayonunun Ağbənd qəsəbəsinədək uzanan dəmir yolu xətti yenidən tikilir.

Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Horadiz-Ağbənd dəmir yolu Ermənistan silahlı birləşmələrinin torpaqlarımızı işğal etməsindən sonra dağıdılmış və fəaliyyətini dayandırmışdı. Uzun illər qatarlarımızın son dayanacağı Füzuli rayonunun Horadiz stansiyası idi. Lakin düşmən üzərində qazandığımız Qələbə ilə bu yol aydınlığa çıxır.
Ölkəmiz üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolu xətti Azərbaycanı Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin tərkib hissəsidir. Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb. Bundan əlavə, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi təsbit edilib.
Layihənin icrası nəticəsində Azərbaycanın əsas hissəsinin Naxçıvan MR və Türkiyə ilə birbaşa nəqliyyat əlaqələri yaranacaq, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Dəmir yolu işğaldan azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Nəzərə almaq lazımdır ki, yeni dəhliz ölkənin ən zəif inkişaf etmiş, 30 ilə yaxın işğal altında olan və talançılığa məruz qalan bölgəsindən keçir. Hazırda bu ərazilərdə, o cümlədən Şərqi Zəngəzur iqtisadi rayonunda irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bu xüsusda, dəhlizin istifadəyə verilməsi həmin bölgənin bərpası və ölkəyə reinteqrasiyası üçün çox vacib faktordur.



Bu dəmir yolu xəttinin qurulması ilə Bakı-Tbilisi-Qarsdan sonra Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaranacaq. Regional müstəvidə Zəngəzur dəhlizi ən qısa və təhlükəsiz tranzit keçidi olmaqla Çin və Mərkəzi Asiya ölkələrinin Avropa istiqamətində nəqliyyat əlaqələrinin diversifikasiyasını təmin etmiş olacaq və bu da, öz növbəsində, Orta Dəhlizin tranzit potensialının genişləndirilməsinə əhəmiyyətli təsir göstərərək regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq.
Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək. Zəngəzur dəhlizinin açılması bölgənin və eləcə də türkdilli ölkələrin iqtisadiyyatına da öz təsirini göstərəcək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artıracaq.
Hazırda Şərq-Qərb dəhlizi çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə və Qara Dəniz üzərindən yüklər daşınmaqdadır. Yeni dəhlizin qlobal müstəvidəki önəmi, qeyd olunan istiqamətlərə alternativlik təşkil etməsi və qısa yolun təmin etməsidir. Bu da, öz növbəsində, Şərq-Qərb və Şimal-Qərb dəhlizləri çərçivəsində daşımaların artmasına önəmli töhfə verəcək.
Horadiz- Ağbənd dəmir yolu xəttinin təməlini ölkə Prezidenti İlham Əliyev 2021-ci il fevral ayının 14-də qoyub. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km-dir. Dəmir yolu xəttinin trassında 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) yerləşir. Həmçinin, layihə çərçivəsində 3 ədəd tunelin, 41 ədəd körpünün, 3 ədəd qalereyanın, 7 ədəd yolötürücünün və ümumilikdə isə 450-ə yaxın suni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Dəmir yolu xəttinin tikintisi minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 105 km ərazi ermənilərin basdırdığı minalardan təmizlənib. Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir və hal-hazırda dəmir yolu xəttinin ox üzrə 55 km hissəsi tamamlanıb. I mərhələ: Horadiz, Mərcanlı, Mahmudlu və Soltanlı stansiyalarını əhatə edən 30 km-lik ərazidə: Torpaq işləri 97%, suni qurğular 93%, dəmir yolunun üstquruluş elementləri isə 90% həcmində tamamlanıb. II mərhələ: Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edən 30-85 km-lik arası ərazidə: Torpaq işləri 33%, süni qurğular 62%, dəmir yolunun üst quruluşu elementləri isə 31% həcmində tamamlanıb. III mərhələ: Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 km-lik ərazini əhatə edir. Hazırda həmin ərazidə minalardan təmizləmə işləri yerinə yetirilir.Layihənin 2023-cü ilin sonunda yekunlaşdırılması nəzərdə tutulub.


