Kürdəmirdə “Aqrar Biznes” və “Bostan” festivalları keçirilib
Kürdəmir rayonunda növbəti “Aqrar Biznes” və “Bostan” festivalları təşkil olunub.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, “Bostan” Festivalında rayonda fəaliyyət göstərən fermerlər və ailə təsərrüfatları bostan məhsullarını nümayiş etdirib, birbaşa istehsalçıdan alıcıya satış həyata keçiriblər. “Aqrar Biznes” Festivalı çərçivəsində isə ölkənin aqrar sahəsində ixtisaslaşmış şirkətlər öz məhsullarını, dövlət qurumları isə göstərdikləri xidmətləri nümayiş etdiriblər. Ziyarətçilər müasir aqrotexniki vasitələrlə, bitki mühafizəsi preparatları, toxum nümunələri və innovativ texnologiyalarla yaxından tanış olmaq imkanı əldə ediblər.

Festival çərçivəsində banklar, bank olmayan kredit təşkilatları və dövlətin maliyyə qurumlarının iştirakı ilə kredit yarmarkası təşkil edilib. Fermerlər və sahibkarlar buradakı stendlərdə müxtəlif maliyyə qurumlarının təqdim etdiyi güzəştli kreditlər, lizinq imkanları və digər məhsullarla tanış olublar. Festival zamanı kredit yarmarkası ilə yanaşı, “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə iştirak edən dövlət qurumlarının nümayəndələri kənd təsərrüfatı subyektləri üçün mövcud maliyyə dəstək alətləri, subsidiya mexanizmləri, güzəştli kreditlər, aqrar sığorta və digər imkanlar barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Qeyd edək ki, ilə cari ildə ölkənin 9 iqtisadi rayonu üzrə 13 rayonda məhsul festivallarının keçirilməsi nəzərdə tutulur.