Azərbaycan ilk dəfə “Big 5 Global UAE” sərgisində iştirak edir
Azərbaycan şirkətlərinin məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Big 5 Global UAE 2025” tikinti və inşaat sənayesi sərgisi keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 9 şirkəti ilk dəfə olaraq məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində sözügedən sərgidə nümayiş etdirir.

Stenddə tikinti materialları, qoruyucu işçi ayaqqabıları, lak və boyalar, tikinti kimyəviləri, metal məmulatları və digər məhsullar nümayiş olunur. Sərgi ziyarətçilərinə şirkətlərin təqdim etdiyi xidmətləri, Azərbaycan məhsullarının keyfiyyətini, istehsal texnologiyalarını və ixrac imkanlarını əks etdirən tanıtım videoçarxları və məlumatlar təqdim edilir. Sərgi çərçivəsində yerli şirkət nümayəndələri ilə xarici tərəfdaşlar arasında işgüzar müzakirələr keçirilir, mümkün əməkdaşlıq istiqamətləri və ixrac perspektivlərinə dair danışıqlar aparılır.
Həmçinin xidmət ixracının dəstəklənməsi məqsədilə Xəzəryanı regionda tikinti sənayesi iştirakçılarının ən əsas görüş yerlərindən birinə çevrilən Xəzər İnşaat Həftəsi haqqında məlumat verilir və xarici şirkətlərin sözügedən həftə çərçivəsində keçiriləcək sərgilərdə təmsil olunması təşviq edilir.








