“Avropa Şəhərciyi-2026” – Avropa İttifaqı Gəncədə

Avropa İttifaqının flaqman tədbiri olan “Avropa Şəhərciyi” 6 iyun Gəncədə keçirildi.
“Aİ-Azərbaycan: 30 illik tərəfdaşlıq” mövzusunda keçirilən “Avropa Şəhərciyi – 2026” tədbiri Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən Aİ-yə üzv dövlətlərin səfirlikləri ilə əməkdaşlıq çərçivəsində və Gəncə şəhər İcra Hakimiyyətinin dəyərli dəstəyi ilə təşkil olundu.

Tədbir ictimaiyyətə Avropa İttifaqı (Aİ), onun dəyərləri və fəaliyyəti, o cümlədən Azərbaycanla 30 illik əməkdaşlıq və tərəfdaşlığı haqqında daha çox məlumat əldə etmək baxımından maraqlı imkanlar təqdim etdi.

Bu tədbir Gəncədə ikinci dəfə keçirilir. İlk dəfə “Avropa Şəhərciyi” 2016-cı ildə Gəncənin “Avropa Gənclər Paytaxtı” elan edilməsi münasibətilə təşkil edilmişdir.

Gəncənin Heydər Əliyev adına Meydanında təşkil olunan açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Mariyana Kuyundziç, 16 üzv dövlətin diplomatları, eləcə də şəhər sakinləri iştirak ediblər.

Tədbir çərçivəsində əsas səhnədə “Avropa Şəhərciyi – 2026”nın rəsmi açılış mərasimi keçirilib. Mərasim Azərbaycan Respublikasının və Avropa İttifaqının himnlərinin səsləndirilməsi ilə başlayıb.

Xanım Mariyana Kuyundziç çıxışında şəhər sakinlərini salamlayıb və tədbirin təşkilinə göstərilən dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təşəkkürünü bildirib.

“Avropa Şəhərciyi Azərbaycan ictimaiyyətinə

Aİ-ni kəşf etmək üçün əvəzsiz bir fürsət bəxş edən, Avropaya açılan bir pəncərədir. Bu il Aİ ilə Azərbaycan arasında 30 illik tərəfdaşlığı qeyd etməkdən qürur duyuruq. 1996-cı ildən bəri çox şey əldə etmişik: kənd təsərrüfatından tutmuş biznesin inkişafına, səhiyyə, təhsil, ətraf mühit və bir çox digər sahələrdə Azərbaycan xalqına faydalı olan yüzlərlə layihə həyata keçirilib. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investoru olmaqdan qürur duyur. Biz tərəfdaşlığımızı daha da gücləndirmək öhdəliyimizə sadiq qalırıq”, Aİ-nin Azərbaycandakı səfiri bildirib.

Daha sonra tədbirdə iştirak edən diplomatlar öz ana dillərində Gəncə sakinlərini salamlayaraq onlara xoş arzularını çatdırıblar.
Ardınca Niyazi Bayramov xanım Mariyana Kuyundzicə hədiyyə təqdim edib, eləcə də rəsmilər arasında qarşılıqlı hədiyyə mübadiləsi həyata keçirilib.

Avropa İttifaqı Nümayəndəliyi ilə yanaşı, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveç öz stendlərni təqdim etdi.

Qonaqlar Avropa İttifaqına üzv dövlətlərin çadırlarına baxış keçirərək burada Aİ və üzv ölkələr barədə geniş məlumat əldə ediblər. Bununla yanaşı, onlar Gəncəyə həsr olunmuş pavilyonu da ziyarət ediblər. Pavilyonda şəhərə məxsus əl işləri, sənətkarlıq nümunələri və digər sərgi eksponatları nümayiş olunub.

“Avropa Şəhərciyi – 2026” tədbirində bütün yaş qrupları üçün zəngin və əhatəli proqram təqdim olunub. Tədbir çərçivəsində uşaqlar üçün üzboyama, kukla tamaşaları, stolüstü oyunlar və digər əyləncəli fəaliyyətlər təşkil edilib. Əsas səhnədə isə viktorinalar, mükafatlı mini yarışmalar keçirilib, Avropa və Azərbaycanın zəngin musiqi və rəqs proqramları nümayiş olunub.

“Avropa Şəhərciyi – 2026” tədbiri

möhtəşəm axşam konserti ilə yekunlaşdı. Konsertdə Çingiz Mustafayev və Dərviş qrupu çıxış etdi.

Günel Həsənova