Sizin Təhlükəsizliyin Qarantı

2009-cu ildə “ITALLIFT” şirkəti kimi fəaliyyətə başlayan “Xəzər Lift Servis” MMC şirkəti, hər növ lift, eskalator və travolator, eləcə də digər şaquli mexanizmlərin dizayn, tədarük, quraşdırılma və texniki xidmətinin göstərilməsi sayəsində təkmilləşir. Müsahibimiz bu sahədə uzun illik təcrübəyə malik şirkətin təsisçilərindən biri Məmməd Nəsirovdur.

Məmməd Nəsirov
  • “Xəzər Lift Servis” MMC-nin xidmət sahələrinə hansı istiqamətlər daxildir?

“Xəzər Lift Servis” MMC-nin liftlərin, eskalatorların və digər qaldırıcı qurğuların, mətbəx liftlərin, hərəkət məhdudiyyəti olan insanların hərəkətini təmin etmək üçün xüsusi lift və qaldırıcı qurğuların satışı, quraşdırılması, texniki xidməti və gələcəkdə də texniki xidmət ilə paralel lazımi ehtiyat hissələrinin tədarüküdür.

  • Liftlərdə əsas göstərici olan etibarlılıq ilə gözoxşayan dizayn da müasir dövr tələbləri sırasına daxil olub. Quraşdırdığınız liftlərdə dizayn məsələsini necə həll edirsiniz?

Əslində bu məsələnin həlli yolu müştəri seçimi və faktiki tərəfdaşlıq etdiyimiz şirkətlərin boynuna düşən bir hissədir. Ona görə ki, onlar öz sözünü demiş şirkətlərdir. Məsələn, biz 2013-cü ildən Yaponiyanın nəhəngi olan və dünyanın 2004-ci ildən 2016-cı ilə qədər ən sürətli liftini istehsal edən “Toshiba” şirkətinin Azərbaycanda və digər MDB dövlətlərində rəsmi distributoruyuq. Demək olar ki, bu çözümlərin çoxunu belə şirkətlər təmin edir. Liftin dizaynı, estetik görünüşü hansı bazarda təmsil olduğundan çox şey asılıdır. Belə ki, Avropa bazarında insanların istəyi daha fərqlidir, nəinki Asiya bazarında.

  • Çox kəskin fərqlənir?

Bəli, mən deyərdim ki, çox. Avropa tərəfi daha soyuq və sakit rəngləri istəyir. Asiya tərəfi və Azərbaycan da bu tərəfə daha çox meyilli olduğundan bir qədər təmtəraqlı və qızılı rənglərə üstünlük verilir. Amma liftin təhlükəsizlik ilə əlaqədar ayrı bir termini var, insan həyatına potensial təhlükə olan avadanlıq kimi dəyərləndirilir. Yəni ki, insan daşınırsa, orada təhlükə yarana bilər. Liftin işləməməsi problem deyil, əsl problem onun təhlükəli halda işləməsidir. Keçmişdə də, bu günlərdə də texniki personalın bəzən səriştəsizliyindən və ya biganəliyindən, bəzən liftin təhlükəsizlik zəncirləri pozulduğu halda liftlərin işləməsinə imkan verilir bu isə heç bir halda yolverilməzdir. Ümumiyyətlə liftin işləmə sistemi kənardan nə qədər sadə görünsə də, bir o qədər də mürəkkəbdir. Spesifik avadanlıqdır. Sadəcə o təhlükəsizlik zənciri tam olaraq liftin qapılarından tutmuş, kabinənin üstündə və ya altında olan mexaniki qoruyucularına, maşın şöbəsində və maşın şöbəsiz liftlərdə – quyu dibində bütün sistem başdan-ayağa təmin edilməlidir. Zəncirə körpü qoyaraq bağlayırlar ki, təki lift işləsin, o da öz növbəsində fəsadlara gətirə bilir ki, bu da insan həyatı üçün təhlükə yaradır.

  • Liftlərin istismar müddəti nə qədərdir? Ən uzun müddət hansı növ liftlərə qoyulur?

Əslində liftlərin istismar müddəti 20-25 ildir. Amma bu o demək deyil ki, ayda bir dəfə gəlib texniki xidmət göstərib getmək lazımdır. Belə deyək, liftlərin xırda və əsaslı təmir müddətləri var ki, bu müddət ərzində təmin edilməlidir və bu həmin aylıq texniki xidmətdən kənar olan bir şeydir. Mən 2007-ci ildə bu sahədə işə başlayanda Azərbaycanda 60-70-ci illərdə qurulmuş sovet tipli liftlər var idi.

  • Bu nə dərəcədə doğru idi?

O zaman dövlətin imkanları çox az idi və periodik olaraq çox az sayda dəyişdirilirdi. Amma son zamanlar respublika başçısı tərəfindən ölkəmizdə sosial inkişafa yönəlmiş işlər çərçivəsində liftlərin mütəmadi olaraq dəyişdirilməsi təmin edilir. 2008 ci ildən sonra bu sahəyə dövlət tərəfindən 250 mln manat ayrılaraq 2000 lift də əlavə olaraq dəyişdirilib. Bundan başqa hazırda dəyişdirilməsi lazım olan 3000 lift də mövcuddur. Bu dövlət sahəsinə aiddir. Amma şəxsi binalarda əvvəldən olan seçimlərdə səhvlər olub, marka və ya şirkət seçimləri fərqli olub. 2000-ci illərdə xaotik tikinti var idi, həmin dövrdə Türkiyə istehsalı olan və ya Çinin ən pis səviyyədə olan liftlərini gətirib quraşdırırdılar və onların hamısının hal-hazırda dəyişdirilməsi lazımdır.

  • Standart liftlərin istehsalı ilə yanaşı müştərinin iş profilinə uyğun nə kimi liftlərin istehsalı mövcuddur?

Azərbaycanda “SOCAR Tower” binasında Almaniyanın “Tyssen Krupp” şirkətinin unikal “Twins” modelli liftləri quraşdırıb. Bir lift şaxta quyusunda iki lift təmas olmadan hərəkət edir. Bu xüsusi tipli liftdir. Bundan başqa “Double Deck” binanın trafikini azaltmaq üçün istifadə edilir. İki kabinə bir-biri ilə bağlıdır, bu liftlər ilə Port Baku binalarında rastlaşa bilərsiniz. Burada sürət məsələsi çox vacibdir. 2004-2016-cı ilə qədər 16.1 m/s göstəricisi ilə liderlik “Toshiba” da idi, ondan sonra “Mitsubishi” önə çıxdı. Bu gün üçün dünyanın ən sürətli liftinin göstəricisi 21 m/s-dir.

  • Hazırda ölkə gündəmində ən önəmli məsələ işğaldan azad edilmiş ərazilərdə aparılacaq abadlıq işləridir. Bu istiqamətdə planlarınız haqqında danışardınız?

Əslində bu məsələ ilə əlaqədar “Xəzər Lift Servis” MMC olaraq böyük bir biznes plan hazırlamışdıq. Bu sadəcə işğaldan azad edilmiş torpaqlar üçün deyil, ümumilikdə Azərbaycanda bütövlükdə nəzərdə tutulmuşdu. Dövlət faktiki olaraq bu sahəyə, sosial infrastrukturun dəyişdirilməsinə külli miqdarda vəsait sərf edir, lakin yerli istehsalatın olmaması və yerli kadrların yetişməməsi bu sahəni çox geridə qoyur. Bununla əlaqədar 14 ilin şirkəti olaraq bu işdə öz töhfəmizi verəcəyik. Bu iş əməkdaşlarımızın Vətən müharibəsində iştirakı ilə başlayan bir işdir. Bundan başqa biz həmin ərazilərdə spesifik istifadə edilən kanat yolu, xüsusi qaldırıcı qurğuların quraşıdırlması və istifadəsini də planlaşdırırıq.

Səbinə SƏMIDXAN

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

İxracatçılarla görüş keçirilib

İxracatçılarla görüş keçirilib Görüşdə cari ilin iqtisadi-ticarət nəticələri…
►►►
İqtisadiyyat / Biznes

"Unibank Kommersiya Bankı" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac

“Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac…
►►►
İqtisadiyyat / Biznes

“Açıq bankçılıq” üzrə təsdiq olunan tələblərə dair açıqlama

“Açıq bankçılıq” üzrə təsdiq olunan tələblərə dair açıqlama Mərkəzi Bankın…
►►►