Müasir dövrün qadınları: daha gözəl, daha baxımlı
Bugün artıq tibbin plastik-estetik cərrahiyyə bölməsinin sürətli inkişafı nəticəsində belə əməliyyatlardan istifadə edərək xarici görünüşündəki problemləri aradan qaldıran insanların sayı getdikcə artır. Azərbaycanda belə əməliyyatları uğurla həyata keçirən həkimlərdən biri də “Medera” hospitalın plastik-estetik cərrahı Günel Bayramlıdır. Azərbaycan Tibb Universitetinin məzunu olan G.Bayramlı təhsilini bitirdikdən sonra iki il Türkiyənin Qazi Universitetinin plastik-estetik rekonstruktiv cərrahiyyə bölümündə həkim kimi çalışıb. “Liposaksiya əməliyyatından sonrakı qüsurların aradan qaldırılması” mövzusunda dissertasiya işi üzərində çalışan G.Bayramlı hazırda həm də akademik fəaliyyətini uğurla davam etdirir. G.Bayramlı müsahibəsində plastik-estetik cərrahiyyə ilə bağlı bir çox suallara cavab verib.
- Təkcə Azərbaycanda deyil, bütün dünyada plastikestetik əməliyyat etdirənlərin çoxu qadınlardır. Sizcə, müasir dövrdə plastik-estetik əməliyyatlar qadınların həyatında nə kimi rol oynayır?
Müasir dövrün qadınları daha gözəl görünmək, özlərini daha sərbəst, daha güvənli hiss etmək istəyirlər. Bugün dünya sürətlə inkişaf edir. İnkişafın olduğu yerdə də tələb artır. Artıq iş karyerasını qurmağa başlayan qadınlar təkcə bacarıqları ilə deyil, həm də gözəllikləri ilə fərqlənməyə çalışırlar. Xarici görünüş artıq təkcə işləyən qadınlar üçün deyil, evdar qadınlar üçün də önəmlidir. Həyat yoldaşları evdə baxımlı bir xanım, övladları baxımlı bir ana görmək istəyir. Buna görə də müasir dövrün qadınları gözəl görünməyə, baxımlı görünməyə məcburdurlar. Bu baxımdan bugün plastik əməliyyatların xüsusi rolu var. Belə bir məsəl var: hər gözəlin bir eybi var. Hər bir qadının da xarici görünüş baxımından mütləq bir qüsuru, çatışmazlığı olur. Bu qüsur genetik ötürülmə nəticəsində və ya sonradan yarana bilər. Ola bilər ki, qadının anadangəlmə burnu əyridir, donqardır, yaxud qadın 2-3 doğuş keçirib, doğuşdan sonra onun qarnı böyük və sallaq olub. Donqar burun üzdə xarici görünüşü pozur, görünüşün, makiyajın gözəl görünməməsinə səbəb olur. Donqar burun kimi böyük, sallaq qarın da qadının özünü narahat hiss etməsinə səbəb olur. Hər bir qadın məclislərə getdikdə istədiyi paltarı geyinməyi istəyir, amma məcburdur ki, qarnı olduğu üçün bu eybini örtən bir paltar forması seçsin. Yaxud elə bir geyim rəngi seçsin ki, o rəng onu daha arıq göstərsin.
- Qadınlar daha çox hansı növ əməliyyatlara görə müraciət edirlər?
Plastik-estetik cərrahi əməliyyatlara bir çox əməliyyatlar daxildir. Bu əməliyyatlara həm rekonstruktiv, anadan gəlmə qüsurlar, qəzalardan sonra qalan travmalar və s. daxildir. Amma rekonstruktiv əməliyyatların estetik qismi üçün daha çox müraciətlər edilir. Bu əməliyyatlara da burun əməliyyatı, qarnın kiçildilməsi, liposaksiya, bədənin şəkilləndirilməsi, yəni artıq piylərin götürülüb onun daha az olduğu yerlərə doldurulması və s. daxildir. Kök olub arıqlayan qadınlarda qolların, ayaqların boşalması baş verir ki, belə qadınlar üçün də göstərişə uyğun olaraq, qolların gərilməsi və ya budların iç tərəfindən bud gərilmə əməliyyatını edirik.
- Bugün bir çox hallarda kök qadınlar dietoloqların köməyi ilə təbii yolla arıqlamaqdan imtina edərək birbaşa əməliyyata üz tuturlar. Sizcə, qadınlar hansı göstərişlər olduqda əməliyyat üçün cərrahlara müraciət etməlidirlər?
Kök insan əlbəttə ki, birinci növbədə arıqlamalıdır. Tibbi protokola uyğun olaraq da müraciət edən insan əvvəlcə sağlam şəkildə bədən çəkisini azaltmalıdır. Sağlam arıqlamanın yolu düzgün qidalanmadan və idmandan keçir. Sağlam arıqlama nəticəsində istədiyi çəkiyə çatdıqdan sonra estetik əməliyyatla qalan artıq dərilər yığdırıla bilər. İnsan bədəninin bəzi yerlərində lokal, başqa sözlə dieta və idmana dayanıqlı piylər var. Belə piylər nə qədər arıqlasan da heç cür getmir. Estetik əməliyyatlar belə piylərin götürülməsi üçündür. Bəzən xanımlar tənbəllik edərək dieta və idmanla arıqlamaq istəməyərək estetik əməliyyat üçün üz tuturlar. Estetik əməliyyat da müəyyən miqdarda piyi çıxarmaqla bədənə şəkil verə bilir. Məsələn, bədəndən maksimum 8-10 kq piy çıxararaq onu şəkilləndirə bilirsən. Artıq çəki bu miqdardırsa, onu əməliyyatla götürmək olar. Amma çəki 20-40 kq-dan artıqdırsa, cərrahiyyə burada gücsüz olur. Ancaq doğuş keçirdikdən sonra böyük, sallaq qarnı qalan xanımlar nə qədər dieta saxlasa, idman etsə də bu nöqsanını aradan qaldıra bilməyəcək. Yaxud qadına genetik xüsusiyyətlər nəticəsində ata və ya anadan donqar burun keçibsə, o, bunu da dieta ilə normal görünüşə sala bilməz. Qadının göz qapaqları yaşla əlaqədar sallanıbsa, həmin sallaq dərini nə idman, nə də dieta ilə əvvəlki vəziyyətə qaytarmaq olmaz. Bu halda yeganə yol əməliyyatdır.
- Əməliyyatdan sonra orqanimzdə hansı fəsadlar yarana bilər?
Bunu unutmamaq lazımdır ki, estetik əməliyyat adi bir kosmetik prosedur deyil, o da bir əməliyyatdır. Əməliyyatdan öncə mütləq analizlər verilərək qanın göstəriciləri yoxlanılmalıdır ki, əməliyyat nəticəsində heç bir fəsad ortaya çıxmasın. Əməliyyatı planlaşdırıb etdirmək lazımdır. Evdəki şərait də əməliyyatdan sonrakı əks-göstərişlərə uyğun olmalıdır. Məsələn, xəstə əməliyyatdan sonra evə yazıldıqda evdə mütləq qaydada ona qulluq edə bilən kimsə olmalıdır. Xəstə ağır yük qaldırmamalıdır, qucağına uşaq almamalıdır, ağır ev işləri görməməlidir. Bunlara əməl etmədikdə tikişlər aralana, əməliyyatın yeri kobudlaşa bilər. Xəstə yarasına düzgün baxmayıb dərmanlarını vaxtlı-vaxtında içməsə, yarada infeksiya yarana bilər.
- Plastik əməliyyatdan sonra orqanizmin özünü bərpa müddəti nə qədər olur?
Tam sağalma bir aydır. Amma əgər iş ofis şəraitindədirsə, əməliyyatdan bir həftə sonra işə çıxmaq mümkündür. İş ağır olduqda, xəstə yük qaldırmağa məcbur olduqda, əmək fəaliyyətinə bir aydan sonra başlanılmalıdır. Məsələn, xanım saç ustasıdırsa, o, əlinə fen götürürsə, bu halda yalnız bir aydan sonra işinə başlaya bilər. Bu göstərişlər bütün növ plastik əməliyyat etdirənlər üçün eynidir. Heç bir fəsad olmadıqda xəstələr əməliyyatdan sonra həftədə bir dəfə olmaqla, bir ay müayinə olunmalıdırlar. Bir aydan sonra isə 3 və 6-cı ayda təkrar həkim müayinəsinə gəlmək lazımdır.
- Plastik cərrahiyyə hazırda dünya tibbinin ən çox inkişaf edən istiqamətlərindəndir. Dünyadakı yeniliklər Azərbaycan tibbinin plastik-estetik cərrahiyyə sahəsinə gətirilir?
Bəli, estetik cərrahiyyə çox sürətlə inkişaf edir. Hər il yeni avadanlıqlar, yeni texnologiyalar ortaya çıxır. Biz bütün bu yenilikləri öz işimizdə tətbiq edirik. Bunun üçün mütəmadi olaraq, xarici ölkələrdə keçirilən seminarlarda, konfranslarda, təkmilləşdirmə kurslarında iştirak edirik. Burada həkimlər bütün yeni alətlərlə, texnologiyalarla bağlı məlumatları bir-birləri ilə bölüşürlər. Yenilik bizim Azərbaycan üçün uyğundursa (hər bir ölkənin qadınlarının bədən tipi fərqlidir), mütləq şəkildə onu tətbiq etməyə çalışırıq.
- Azərbaycan qadınlarının bədən tipinə görə, daha çox hansı növ əməliyyatların edilməsinə ehtiyac yaranır?
Qarın gərmə əməliyyatı çox ehtiyac duyulan əməliyyatlardandır. Çünki Azərbaycan xanımlarının qarnı çox tez boşalır. Bundan başqa, qadınlarımız passiv həyat tərzi daha çox keçirdiklərindən, idmana çox da meyilli olmadıqlarından bədən şəkilləndirmə əməliyyatlarına ehtiyac olur. Bununla yanaşı, qafqazlıların 90 faizinin burnu ya əyri, ya böyük olur. Buna görə də burun əməliyyatlarına çox ehtiyac yaranır.
- Sizcə, bugün plastik əməliyya üçün xaricə getməyə ehtiyac var?
Qəti şəkildə xeyr. Artıq Azərbaycanda kifayət qədər güclü cərrahlar var, onların peşəkarlığı kifayət qədər yüksəkdir. Bugün cərrahiyyə sahəsində ən yeni texnologiyalardan, avadanlıqlardan istifadə edilir. Bugün ABŞ-da icra edilən plastik əməliyyatların hamısını biz burada eyni alətlər, eyni texnologiya, eyni dərmanlarla icra edirik.
- Plastik əməliyyata ehtiyacı olan bəzi qadınlar bu əməliyyatdan sonra orqanizmlərində geriyə dönüşü, bərpası mümkün olmayan bir sıra dəyişikliklərin baş verə biləcəyindən narahat olaraq əməliyyatı etdirməyə risk etmirlər. Belə qadınlara bir həkim olaraq, nəyi məsləhət görərdiniz?
Onlar həkimlərini düzgün seçsinlər! Düzgün həkim seçildikdən sonra heç bir zaman major fəsadlar yaranmır. İlk növbədə, bu əməliyyatın lazım olub-olmaması ilə bağlı düzgün qərar verilməlidir. Sizin dediyiniz major fəsadlar düzgün diaqnoz qoymamaq, düzgün texnikanın istifadə edilməməsi nəticəsində yaranır. Buna görə də həkimin düzgün seçilməsi çox vacibdir.
İlhamə İsabalayeva