BAKI MİLYONÇULARI

19-cu əsrdə Bakı şəhəri öz milyonçularının sayı etibarilə Rusiyanın şəhərləri içərisində görkəmli yerlərdən birini tuturdu. Neft bu şəhəri iri sərmayədarlar yurduna çevirmişdi. Lakin Bakı milyonçuları başqa şəhərlərin milyonçularından onunla fərqlənirdilər ki, onlar bu sərmayə və sərvəti irsi olaraq, öz ata və babalarından almamışdılar. Bir qayda olaraq, əksəriyyəti fəhləlikdən, yoxsulluqdan öz zəhmətləri ilə milyonçu dərəcəsinə yüksəlmişdilər. Əvvəllər öz zəhmətləri, kamal və səyləri onları irəli aparmış, sonralar isə güclü neft fantanları onları sərvətin yüksək dərəcəsinə qaldırmışdı. Biz Bakının bu milyonçularından bir neçə nəfəri haqqında danışacağıq.

İSA BƏY VƏ KAZIM BƏY HACINSKİ QARDAŞLARI

Hər ikisinin böyük kapitalı vardı. Neftdən gəlirləri sayəsində milyonçu dərəcəsinə yüksəlmişdilər. Xəzər dənizindəki Çələkən adası bu qardaşların ixtiyarında idi. Zəngin neft yataqları olan Çələkəndən böyük gəlir götürürdülər. İnqilabdan sonra İsa bəy Hacınskinin xaricə qaçmış övladları adanı əcnəbi kapitalistlərə satmışdılar. İsa bəyin Bibiheybətdə mədənləri vardı. Bakı şəhərinin bir neçə yerində onun və qardaşı Kazım bəyin imarətləri ucalırdı. İsa bəyin ən əzəmətli binası Sahil küçəsindəki Qız qalasının yanında Roma və qotik üslubunda tikilmiş əzəmətli bina idi. Bu imarət Sahil küçəsinə xüsusi yaraşıq verirdi. Bu binadan qabaq Balaxana (indiki Füzuli) və Mariya (indiki Rəsul Rza) küçəsində də üç mərtəbəli əzəmətli bir yaşayış binası tikdirmişdi. Onun kontoru da bu binanın birinci mərtəbəsində yerləşirdi.
1912-ci ildə İsa bəy Mərdəkanda dövrələmə hasar içərisinə alınmış saxta alman və modern üslubunda bir imarət tikdirmişdi. Əsas binadan başlayaraq, qərb tərəfə uzanan xiyaban bütün sahəni əhatə edirdi. Xiyabanların kəsişdiyi yerdə alçaq dairəvi bir hovuz vardı. Aşağı terrasdan şam ağaclarına tərəf gözəl bir mənzərə açılırdı. Kazım bəyin bağı isə Mərdəkan kəndinin içərisində idi. O da dörd hasar içərisində idi. İndi burada «Qərənfil» sanatoriyası yerləşir. Bina bağın ortasında iki mərtəbəli idi. İkinci mərtəbəyə — aynabəndli eyvana ortadan pilləkənlə qalxırdılar. Bağda hər cür meyvə və bəzək ağacları əkilmişdi. Darvazadan başlayaraq, uzanan xiyaban binanın pilləkənləri qabağında qurtarırdı. Bağın şimal-şərq hissəsi eniş yerdə idi. Burada üzüm tənəkləri basdırılmışdı.
Bakı varlılarından Sadıxov qardaşları da tanınmış kapitalistlərdən idi. Sadıxov qardaşlarının «Fid» adlı çəltiktəmizləyən dəyirmanları vardı. Teyyub və Mütəllib Sadıxov qardaşlarının bu dəyirmanından indi heç bir əsər qalmamışdır. A. Quliyev və Skobelevin dəyirmanları isə indi başqa məqsədlə istifadə olunur. Sadıxov qardaşlarının indiki İstiqlaliyyət küçəsi ilə Niyazi küçəsinin tinində gözəl yaşayış binası vardır. Onların bu evi milli üslubda memar E. A. Termikelov tərəfindən inşa edilmişdir.
Seyid Mirbabayev, Kəblə Abdulla Zərbəliyev, Binəqədili Səlimov, Teymur Qulubəyov, Nəcəfqulu Məmmədov da Bakının tanınmış varlılarındandır. Seyid Mirbabayev xanəndəlikdən milyonçu dərəcəsinə yüksəlmişdi. Milyonçu olandan sonra keçmiş sənətindən birdəfəlik üzülüşmək məqsədilə vaxtilə Polşada yazılmış bütün vallarını mağazalardan və ayrı-ayrı adamlardan alıb sındırırdı. Milyonçu olandan sonra erməni Aramyansın mülkünü (indiki Azneftin binasını) baha qiymətə almışdı. Kəblə Abdulla Zərbəliyev həm qoçu və həm də neft sahibkarı idi. Onun bir neçə neft mədəni və yalnız şəhərin bir yerində təkcə bir mülkü vardı. O atasından qalmış kerosin zavodu əsasında varlanmışdı. 1876-cı ildə Sabunçuda torpaq sahələri alaraq, şəriki ilə birlikdə neft istehsal etməyə başlayır. Nefti xam şəkildə mədəndə satırdı. Bir neçə il şəhər dumasının qlasnısı olub.
Binəqədili Səlimov uzun müddət əziyyət və həyəcan keçirəndən sonra nəhayət buruqları fantana düşmüş və pula pul deməmişdi.
Teymur bəy Qulubəyov və Nəcəfqulu Məmmədov 1909-cu ildə «T. Qulubəyovun və N. Məmmədovun ticarət evi»ni təşkil edirlər. Ticarət evinin Balaxanada və Sabunçuda neft mədənləri, kerosin və benzin zavodları olub. Neft mədənlərinin istismarına 1913-cü ildə başlayıblar. Ayda 30 min pud neft çıxarırdılar. Öz neftlərindən əlavə kerosin zavodları üçün bir il müddətində 10 milyon pud neft almışdılar. İldə iki milyon yarımadək benzin emal edirdilər. Ticarət evinin Xəzər dənizində gəmiləri, neft məhsullarını daşımaq üçün özlərinin xüsusi vaqon-sistemləri vardı. Bakıda, Petrovskda, Tiflisdə, Vladiqafqazda, Yekaterinadarda, Stavropol quberniyasında, Varşavada, Lodzda, Minskdə kontor və anbarları vardı.
Bakı milyonçularından İsrafil Hacıyev çox savadlı adamdı. Rus dilini mükəmməl  bilirdi.  Dumanın  iclaslarında  şəhər  təsərrüfatı  barədə  tez-tez  odlu çıxışlar edərdi. Şəhərin bir neçə yerində gözəl binaları və Mərdəkanda (indiki elektrik dəmir yolu stansiyasının arxasında) əzəmətli villası vardı.
Bakı varlıları içərisində İsmayıl bəy və Tağı bəy Səfərəliyev qardaşlarının da öz mövqeləri vardı. Onların Rəsul Rza küçəsi ilə Nizami küçəsinin tinindəki hündür və yaraşıqlı imarətləri indiyədək durur və Nizami küçəsinə xüsusi bəzək verir. Tağı bəyin Mərdəkanda “Qoşa Qalayçalı” adlandırılan böyük bir bağı vardı. Hazırki kolxoz bazarının yanında olan bu bağda indi Azərbaycan Səhiyyə Nazirliyi dördüncü idarəsinin sanatoriyası yerləşir. İsmayıl bəyin bağı isə Pirşağıda idi. O Pirşağıya şose yolu və telefon xətti çəkdirmişdi. Ruhulla Axundov bir müddət onun yanında telefonçu işləmişdi.
Bakıda elə varlılar yaşayırdı ki, Xəzər dənizində hərəsinin beş-altı, azı üç- dörd gəmisi vardı. Belə varlılar içərisində Ramazanovlar xüsusilə fərqlənirdi.

BAKI VƏ BAKILILAR
Qılman İlkin

Əlaqədar məqalələr
Book Cafe

Dəyərlini qeyd edirik: mastercard-in qlobal mirasindan Azərbaycanda yerli təcrübələrə uzanan səyahəti

Dəyərlini qeyd edirik: mastercard-in qlobal mirasindan Azərbaycanda yerli təcrübələrə uzanan…
►►►
Book Cafe

Vergi hüquqpozmaları ilə mübarizə tədbirləri davam etdirilir

Vergi hüquqpozmaları ilə mübarizə tədbirləri davam etdirilir 2025-ci ilin 6 ayı ərzində…
►►►
Book Cafe

Mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri göstərən şəxslərin güzəşt hüququ

Mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri göstərən şəxslərin güzəşt…
►►►