“King’s Style”- kralların seçimi

Kişi geyimlərinin ən əsas aksesuarlarından biri olan qalstukdan istifadə klassik geyim həvəskarları üçün hər zaman aktual olub. Etiraf etmək lazımdır ki, qalstukun geyimdəki rolu onun yalnız adi bir geyim elementi olması ilə bitmir. Qalstuk xarici görünüşü tamamlayır, ona əlavə gözəllik verir. Yetər ki, bunun üçün düzgün qalstuk seçəsən.

“Made in Azerbaijan” brendi altında qalstuk istehsalı ilə məşğul olan “King’s Style” əslində bu aksesuarların həvəskarı olanların ən düzgün seçim ünvanıdır. “King’s Style”in təsisçisi və rəhbəri Nadir Rzayev müsahibəsində bu brend məhsulla bağlı daha geniş məlumat verir.

  • Nadir müəllim, şirkətiniz nə zamandan qalstuk istehsalına başlayıb?

Şirkət 2019-cu ildə yaranıb. “King’s Style” Azərbaycanın milli brendidir. Azərbaycandakı dərzilərimiz qalstukları idxal edilən xammaldan hazırlayırlar.

  • Xammalı haradan əldə edirsiniz?

Bizim qalstuklar mikrofiberdən hazırlanır. Bu materialın Azərbaycanda istehsalı olmadığından onu Türkiyədən idxal edirik.

  • Qalstuklarınızın dizaynı necə müəyyən olunur?

Qalstuk istehsalı üçün biz professional dizaynerlərlə işləyirik. Ancaq bəzən mən unikal rəsmləri və təsvirləri gördükdən sonra da dizaynerlərə müəyyən ideyalar verirəm. Biz bu dizaynları Türkiyəyə göndəririk, onlar bizim ideyaları parçanın üzərinə köçürürlər və parçaları bizə göndərirlər. Daha sonra biz Bakıda o parçalardan qalstuk hazırlayırıq.

  • Məhsullarınızın dizaynları bir-birindən çox fərqlənir?

Bəli, fərqlənir. “King’s Style” brendinin həm də özəl bir konsepsiyası var. Biz hər qalstukdan bir ədəd hazırlayırıq. Bu qalstukdan ikinci bir nəfərdə olmamalıdır, yəni eksklüziv olur. Ona görə də çalışırıq ki, daha çox kəmiyyətə deyil, keyfiyyətə, özəlliyə üstünlük verək. İstəyirik ki, hər bir qalstuk eksklüziv görünsün, maraqlı olsun.

  • Onda belə çıxır ki, bir qalstuk ikinci dəfə istehsal edilmir… Amma bəlkə kiminsə həmin qalstuk xoşuna gəlir, bu halda yenidən həmin dizayna müraciət edilir?

Bəli, bir dizaynda olan qalstuku ikinci nəfərdə görmək mümkün deyil. Biz müştərilərlə maksimum şəkildə loyal davranırıq. Əgər müştəri bizim dizaynda gördüyü qalstukun eynisini hazırlamağımızı rica etsə, onun sözünü yerə salmarıq.

  • Əsas alıcılarınız kimlərdir?

Bu suala cavab vermək üçün, məncə, birinci qiymətə nəzər yetirmək lazımdır. Bizim qalstuklar 30-60 manat civarındadır. Bizim müştərilərimiz orta təbəqənin nümayəndələri- həkimlər, bank işçiləri, məmurlar, hərbçilər, müəllimlər, iş adamları, sənət adamları və s.-dir.

  • Müştəriləriniz sizin qalstukları haradan əldə edə bilərlər?

Bizim özümüzün satış ünvanlarımız var. “King’s Style”nin şirkət və müəssisələrlə müqavilələri var.  Məsələn, dövlət müəssisəsi olan, mikro sahibkarlara və əl işi ilə məşğul olar sənətkarlara yardım göstərən ABAD-ı nümunə göstərə bilərəm. Bizim qalstuklarla ABAD-ın 10-a yaxın etno-butikində tanış olmaq olar. Məhsullarımız Azərbaycanın amazonu sayılan, böyük elektron bazar olan UMİCO marketdə də  satılır və məhz bu platforma üzərindən bölgələrimizə də çatdırılır. Bundan əlavə, instaqram səhifəmiz var. Bakının 10-a yaxın mağazasında da qalstuklarımız var. Bəzi müştərilər məhsulları onlayn almaqdan çəkinir, deyirlər ki, biz məhsulları baxıb sonra almaq istəyirik. Buna görə məhsullarımız oflayn da satılır. Bir çox şəxslər, xüsusilə Bakı sakinləri artıq bizim məhsullarla tanışdır. Məhsulu canlı görərək almaq istəyənlər isə Bakıdakı geyim mağazalarına yaxınlaşaraq oradan ala bilərlər. Məshullarımız Bakının demək olar ki, müxtəlif ərazilərində satılır. Amma daha çox satış instaqram səhifəsindəndir.

  • Azərbaycanda yəqin ki, sizdən başqa da qalstuk istehsal edənlər var? Sizin bu bazardakı rolunuzu necə qiymətləndirmək olar?

Məndə olan məlumata görə biz ilk sırf qalstuk brendiyik və  2019-cu ildə bu işə başlayanda brend şəklində qalstuku ilk olaraq, biz istehsal etmişik. Əlbəttə ki, hər hansı dərzi istəyərsə, öz atelyesində qalstuk hazırlaya bilər. Ancaq bunu brendləşmiş şəkildə,  müştərilərinə təqdim edən ilk istehsalçı bizik. Bazarda olan digər brendlərə də uğurlar arzu edirəm.

  • Müştərilərinizin istəyini necə reallaşdırırsınız?

Bizim bir özəlliyimiz budur ki, müştərilərlə çox yaxın təmasdayıq. Bir dəfə bizdən məhsul alan müştəri artıq bizim daimi müştərimizə çevrilir. İkinci özəlliyimiz məhsulun keyfiyyəti, bununla yanaşı heç də bahalı olmayan qiymətidir. Qalstuklarımızın qiymətləri çox münasibdir. Bir müştəri bizə müraciət edəndə nə istədiyini başa düşmək üçün onu çox diqqətlə dinləyirik. Məqsədimiz tək satış deyil, müştəriyə maksimum şəkildə keyfiyyətli məhsul təqdim etmək və onu vaxtlı-vaxtında qapısına çatdırmaqdır. Bizim əsəs kapitalımız razı müştərilər, daha sonra isə mənfəətdir. Bütün bu özəllikləri bizim güclü tərəfimiz saymaq olar.

  • Qalstuklarınız yalnız Azərbaycanda satılır? İxracla bağlı planlarınız var?

Bizə hələ ki, ixracla bağlı heç bir təklif gəlməyib. Amma biz istənilən təklifə açığıq. Bizim üçün böyük fəxr olar ki, Azərbaycan məhsulu xarici bazara da ixrac edilsin.

  • Məhsulunuzu artıq brendləşdirə bilmisiniz?

Brendləşdirmə və marketinq geniş sahədir. Mən elə düşünürəm ki, bu sahənin kriteriyalarının çoxunu böyük bir şəkildə əhatə edə bilmişik.  Ən əsası odur ki, biz dayanmırıq, daim düşünürük ki, məhsulumuzun daha keyfiyyətli, əlçatan olması, hər bir insan tərəfindən tanınması, satışımızın çoxalması üçün daha nələr edə bilərik.

  • Qalstuk almaq istəyən alıcılara nələri tövsiyə edərdiniz?

“King’s Style”nin bir şüarı var. Bu da “Bir SMS məsafəsində”dir. Qalstuk almaq istəyən kişilər, hər hansı kişiyə bunu hədiyyə almaq istəyən qadınlar bircə addım atmalı – bizə yalnız bir SMS yazmalı və deməlidir ki, salam, mənə qalstuk lazımdır. Gerisi artıq bizlikdir.  Müştərinin nə istədiyini biz birinci mərhələdən başa düşürük, müştərini çox yormadan onun üçün məhsul seçir, həmin məhsulu müştəri ilə razılaşdırır və onu müştəriyə çatdırırıq. Qısaca deyə bilərəm ki, biz müştərilər üçün bir SMS məsafəsindəyik.

Xəyyam Günəşli

Əlaqədar məqalələr
İncəsənət / Dəb

“Dilarənin  monoloqları” kitabın təqdimatı baş tutub

“Dilarənin  monoloqları” kitabın təqdimatı baş tutub Noyabrın 28-də Bakı Kitab…
►►►
İncəsənət / Dəb

"Bakı mənzərələri"

Azərbaycanın Əməkdar rəssamı İsa Məmmədovun xatirəsinə həsr olunmuş “Bakı…
►►►
İncəsənət / Dəb

Xalq artisti Tünzalə Ağayeva qırmızılara büründü

Xalq artisti Tünzalə Ağayeva qırmızılara büründü Xalq artisti Tünzalə Ağayeva yeni…
►►►