Zoonoz xəstəliklər necə yayılır?
Heyvanlardan insanlara və ya insanlardan heyvanlara keçə bilən və həm insanlarda, həm də heyvanlarda müşahidə edilən yoluxucu xəstəliklər var. Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən bu xəstəliklər zoonoz xəstəliklər adlandırılır. Hazırda insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxunun məhz zoonoz xəstəliklər olduğu bildirilir.
Etiologiyasından asılı olaraq bakteriya, virus, helmint, göbələk və ibtidai mənşəli zoonoz xəstəlik qrupları mövcuddur. Bakteriyalar tərəfindən törədilən qarayara, bruselyoz, tuberkulyoz, salmonelyoz, kampilobakterioz, listerioz, leptospiroz, tetanus, tulyaremiya və digər xəstəliklər bakteriya mənşəli zoonoz xəstəliklər (bakteriozlar) qrupuna aiddir. Viruslar tərəfindən törədilən COVID-19, quş qripi, quduzluq, çiçək, dabaq, Qərbi Nil qızdırması və digər xəstəliklər virus mənşəli zoonoz xəstəliklər (virozlar) qrupuna daxildir. Bu xəstəliklər epidemiya və pandemiyaların baş verməsinə səbəb ola bilər. Parazit mənşəli zoonoz xəstəliklər (helmintozlar) qrupuna helmintlər tərəfindən törədilən sistiserkoz, exinokokkoz, fassiolyoz, trixenellyoz, dioktofimoz, anizakidoz və digər xəstəliklər daxildir. Törədicisi göbələklər olan dermatomikoz, kandidoz və digər xəstəliklər göbələk (fungal) mənşəli zoonoz xəstəliklər (mikozlar) qrupuna aid edilir. Toksoplazmoz, sarkosistoz, leyşmanioz, lyamblioz və digər ibtidai (protozoal) mənşəli zoonoz xəstəliklər (protozoozlar) ibtidailər tərəfindən törədilir.
İnsanların zoonoz xəstəliklərə yoluxması xəstəlik törədicisinin mənşəyindən asılı olaraq, müxtəlif yollarla baş verir. Bunlara kontakt yolu (xəstə heyvan və ya insanla birbaşa təmas), alimentar (qidalanma), aerogen (respirator), travmalar, dişləmə və ya sancmalar daxildir. Zoonoz xəstəliklərin insanlara yoluxmasında həşərat və gəmiricilər də böyük rol oynayır. Müasir ədəbiyyatlarda “qida mənşəli zoonoz xəstəliklər” ifadəsinə də tez-tez rast gəlinir. Bu xəstəliklər adətən mikroorqanizmlərlə çirklənmiş qida məhsullarının insanlar tərəfindən istehlakı nəticəsində baş verir. Avropa Birliyi ölkələrində hər il 100 minlərlə insanın qida mənşəli zoonoz xəstəliklərə yoluxması qeydə alınır. Qida mənşəli zoonoz infeksiyalara Salmonella spp, E.coli, Shigella spp, Campylobacter spp, Listeria spp və digərlərini şamil etmək olar. Nəzərə almaq lazımdır ki, zoonoz infeksiyalar heyvan mənşəli qida məhsullarına qida zəncirinin heyvanların yetişdirilməsi, kəsim, emal və istehlak mərhələlərində sirayət edə bilər. Belə ki, heyvanların yetişdirilməsi dövründə yemlərin patogen mikroorqanizmlərlə çirklənməsi birbaşa olaraq heyvanların, dolayısilə isə insanların yoluxmasına gətirib çıxarır. Eləcə də helmintlərin və ya onların sürfələrinin heyvanların əzələ toxumasında və daxili orqanlarında lokalizasiya etməsi qida zəncirinin istehlak mərhələsində insanların yoluxmasına səbəb ola bilər. Kəsim zamanı sanitar-gigiyenik tələblərə riayət olunmadığı təqdirdə, kəsim prosesində ət və ət məhsullarının mədə-bağırsaq möhtəviyyatı, dəri və s. ilə təmasının mikrobioloji çirklənməyə şərait yaratması mümkündür. Emal prosesində çirklənmiş səthlər və ya xəstə insanlar vasitəsilə (tüpürcək, burun axıntısı və s.) qida məhsullarının çirklənməsi baş verə bilər. İstehlak zamanı hazır qida məhsulu müvafiq temperatur rejimində saxlanmadığı və ya termiki emal edilmədiyi (yaxşı qızdırılmadığı) halda, patogenlərlə çirklənmənin yaranması mümkündür.
Dünyada, eləcə də respublikamızda heyvan və insan sağlamlığı üçün potensial risk mənbəyi olan zoonoz xəstəliklər böyük iqtisadi itkilərə də səbəb olur. Odur ki, zoonoz xəstəliklərlə mübarizə məqsədilə ilk növbədə xəstəliyin mənbəyi və yayılma yolları müəyyən edilməli və bunun əsasında qabaqlayıcı zəruri tədbirlər həyata keçirilməlidir.
Qiyasəddin Cəlladov
Səbinə Məmmədova
Çiçək Süleymanova
Kəmalə Əliyeva