Xəzər İnşaat Həftəsinə həsr olunmuş mətbuat konfransı keçirildi

“Regionun tikinti sahəsindəki ən böyük tədbiri-  Xəzər İnşaat Həftəsi ilə payız sərgi mövsümünə start veriləcək. Xəzər İnşaat Həftəsi çərçivəsində oktyabrın 19-21-də 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh” sərgisi keçiriləcək”. Bunu Xəzər İnşaat Həftəsinin layihə meneceri Rəşad Qədimov sərgiyə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Xəzər İnşaat Həftəsi çərçivəsində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri təşkil ediləcək.

“Bu tədbirlərlə yanaşı eyni tarixdə 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi baş tutacaq. Beləliklə, ənənəvi sərgi məkanı olan Bakı Ekspo Mərkəzi 4 mühüm tədbirə eyni zamanda ev sahibliyi edəcək”.

R.Qədimov deyib ki, builki sərgilərin miqyası daha da genişlənərək, əvvəlki illərlə nisbətdə ekspozisiyada artım nümayiş etdirilir: “Ötən il tədbir Bakı Ekspo Mərkəzinin 2 zalını əhatə edirdisə, bu il artıq 3-cü zal istifadəyə verilib. Həmçinin açıq sahədə stendlər nümayiş olunacaq. Sərgilər əlamətdar bir ilə təsadüf edir. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu mühüm hadisə Xəzər İnşaat Həftəsinin proqramında da öz əksini tapacaqdır. Bakı Ekspo Mərkəzində Ulu Öndərin Qarabağla bağlı fəaliyyətini və bu bölgəyə səfərlərini əks etdirən stend nümayiş olunacaq”.

O bildirib ki, inşaat həftəsində iştirakçılar arasında ümumilikdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Finlandiya, Fransa, İran, İspaniya, İtaliya, Hindistan, Qazaxıstan, Litva, Macarıstan, Niderland, Özbəkistan, Rusiya, Sloveniya, Türkiyədən ümumilikdə 370-dən çox şirkət yer alacaq: “Sərgilərdə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Macarıstan, Özbəkistan və Rusiya milli və regional stendlərlə təmsil olunacaq. Türkiyə sərgidə ikinci böyük əraziyə sahibdir”.

R.Qədimov qeyd edib ki, çoxillik tarixə malik olan “BakuBuild” və “Aquatherm Baku” sərgiləri tikinti sənayesində innovativ məhsul və xidmətlərin ölkə bazarına çıxışı üçün şərait yaradır, qısa müddətdə hədəf auditoriyası ilə üzbəüz görüşlər keçirmək, yerində biznes qurmaq imkanı təqdim edir.

Onun sözlərinə görə, “BakuBuild” sərgisi şirkətlərin tikinti sahəsində ən son nailiyyətlərini nümayiş etdirən və ən son texnologiyaları təqdim etmək imkanı yaradan platformadır:”Sərgidə ziyarətçilər tikinti proseslərini əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcək bir çox başqa texnologiyalarla tanış olurlar. “BakuBuild” müxtəlif şirkətlərin nümayəndələrini, təchizatçıları və tikinti peşəkarlarını bir dam altında birləşdirir. Ziyarətçilər yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə edirlər”.

R. Qədimov deyib ki, İnşaat Həftəsi günlərində sərgi ziyarətçilərinin diqqətini cəlb edəcək guşələr təşkil ediləcək: “Mərkəzdə Şuşaya həsr olunmuş, şəhərin tarixini və mədəni dəyərlərini əks etdirən informativ stend, “Qarabağ – xalçaçılıq diyarı” guşəsində isə milli ornamentlərlə zəngin Qarabağ xalçaları nümayiş olunacaq. Qeyd edək ki, bu guşədə peşəkar xalçaçılar tarixi Qarabağ xalçalarını canlı olaraq toxuyacaqlar. Bundan əlavə, “Qarabağ fərqlilərin fırçasında” adlı sağlamlıq imkanları məhdud olan uşaqların iştirakı ilə sərgi keçiriləcək”.

O əlavə edib ki, sərgilər İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Memarlar İttifaqı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Qarabağ Dirçəliş Fondu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA), eləcə də Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndələri tərəfindən dəstəklənir.

“Xəzər İnşaat Həftəsi çərçivəsində oktyabrın 19-21-də keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh” sərgisi Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir və onun məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti vurğulamaq, eləcə də bərpa proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir”. Bunu Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya Şöbəsinin müdiri Pərvin Bağırova Xəzər İnşaat Həftəsinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “Rebuild Karabakh” sərgisi burada iştirakçı olan beynəlxalq şirkətləri Qarabağda investisiya layihələrində iştirak etməyə dəvət edir: “Sərginin elə əsas hədəfi də Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir”.

Xatırladaq ki, sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır. Ölkəmizdə keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri “Rebuild Karabakh 2021” sərgisi çərçivəsində imzalanan Anlaşma Memorandumuna əsasən həm təşkil olunduğu ilk ildə, həm də 2022-ci ildə sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismini işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə, Qarabağ Dirçəliş Fonduna ianə edib. Hazırda bu istiqamətdə Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq davam etdirilir və 2023-cü ildə də hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürüləcək”. “Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, inşaat, inşaat materialları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, yol tikintisi və infrastrukturu və bir sıra digər sektorlar üzrə təşkil ediləcək.

Ötən il Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisində Qarabağ Dirçəliş Fonduna 20 min manat ianə edilib.