Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının Xakasiya Respublikasında nodulyar dermatit, Mozambik Respublikasının İnyambane əyalətində, Polşa Respublikasının Qərbi-Pomorsk inzibati ərazisində, Rusiya Federasiyasının Komi Respublikasında, Norveç Krallığının Troms-Oq-Finnmark inzibati ərazi vahidində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının Xakasiya Respublikasında nodulyar dermatit xəstəliyi baş vermiş təsərrüfatın 50 km radiusda olan məsafədən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, Mozambik Respublikasının İnyambane əyalətində, Polşa Respublikasının Qərbi-Pomorsk inzibati ərazisində, Rusiya Federasiyasının Komi Respublikasında, Norveç Krallığının Troms-Oq-Finnmark inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.