Vahid bəyannamə sisteminin tətbiqi çevik vergi inzibatçılığının formalaşdırılmasına xidmət edir
- İqtisadi islahatlar sırasında sahibkarlığa dəstək, biznes mühitinin təkmilləşdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi kimi tədbirlər mühüm yer tutur;
- Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vergi ödəyiciləri tərəfindən təqdim olunan “Vahid bəyannamə”nin göndərilməsi prosesi asanlaşdırılacaq;
- Müasir vergi sistemlərində innovasiyaları dəstəkləyən rəqəmsal həllərin tətbiqi inkişafın aparıcı elementi sayılır.
Son illər Azərbaycanda iqtisadi inkişafın dayanıqlı olması və sosial rifahın təmin edilməsi üçün müxtəlif islahatlar həyata keçirilir. Bu sahədə əldə edilən müsbət nəticələr ölkəmizin qarşıdakı dövrdə müasir həyat standartlarına əsaslanan, yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlət kimi mövqeyinin güclənməsinə ciddi zəmin yaradır. Bu istiqamətdə aparılan iqtisadi islahatlar sırasında isə sahibkarlığa dəstək, biznes mühitinin təkmilləşdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi kimi tədbirlər mühüm yer tutur.
İqtisadi prioritetlərə uyğun olaraq…
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də (https://president.az/az/articles/view/50474) qeyd edilir ki, iqtisadi artımın davamlı olması, milli iqtisadiyyatın dərin şaxələnməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni hərəkətverici qüvvələr tapılmalıdır. Bu hədəflər sırasında qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi xüsusi vurğulanır. Qeyd edilir ki, vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir. Bu baxımdan iqtisadi artımın qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməsi, dövlət və özəl əməkdaşlığının gücləndirilməsi, yenilikçiliyə malik özəl sektorda aktivliyin daha da canlandırılması, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payının artırılması kimi tədbirlər hazırda ön plandadır. İqtisadi artımın sürətlənməsi, iqtisadiyyatın və məşğulluğun dayanıqlığının güclənməsi, özəl sektorun inkişafına və investisiya fəallığına müsbət təsir edən, eyni zamanda, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin effektivliyini və iqtisadiyyatda şəffaflığı artırmaqla biznes mühitinin daha da sağlamlaşdırılmasına imkan verən hədəflərə çatmaq üçün zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.
Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühitin təkmilləşdirilməsi və biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsinin artırılması istiqamətində vergi orqanları tərəfindən də müxtəlif tədbirlər həyata keçirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində reallaşdırılan təşəbbüslər məhz sadalanan məqsədlərə xidmət edir.
Kiçik və orta sahibkarlar üçün sərfəli mexanizm
Vergi inzibatçılığı sahəsində həyata keçirilən tədbirlərin bir hissəsi kiçik və orta sahibkarlıq subyektlərinin vergi hesabatlarının verilməsinə, eyni zamanda vergilərin ödənilməsinə sərf edilən vaxtın və inzibati yükün azaldılması ilə bağlıdır (https://www.taxes.gov.az/az/post/2826). Bu məqsədlə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vergi ödəyiciləri tərəfindən təqdim olunan “Vahid bəyannamə”nin göndərilməsi prosesi asanlaşdırılacaq. İlkin mərhələdə işçisi olmayan fiziki şəxslər tərəfindən göndərilən bəyannamənin sadələşdirilmiş interfeys formasında tərtib edilməsi planlaşdırılır. Hazırda bu proses proqram təminatının hazırlanması mərhələsindədir. Vergi ödəyicisinin uçot baza məlumatları, həmçinin son bəyannamə məlumatlarına əsasən proqram təminatı tərəfindən bəyannamənin məlumat bölmələri avtomatik doldurularaq ödəyiciyə təqdim ediləcək, vergi ödəyicisi məlumatlarla razı olduqda, bəyannaməni təsdiq edib qəbul olunması üçün elektron qaydada vergi orqanına göndərəcək. Əks halda, məlumatlarda dürüstləşməyə zərurət yarandıqda, düzəliş edib bəyannaməni təsdiq edə bilər. Bununla yanaşı, sabit qəbz əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinə həmin qəbzi xidmət mərkəzlərinə getmədən ödəmə terminalları vasitəsilə alması üçün texniki imkanların yaradılması nəzərdə tutulur. Vergi ödəyicisi məlumatlarını ödəmə terminallarında daxil edən zaman onun baza – uçot məlumatları, həmçinin öhdəlikləri ekranda əks olunacaq. Terminal vasitəsilə ödəniş etdiyi zaman sabit qəbzi əldə etmiş olacaq. Bu zaman vergi ödəyicisi vaxta və maliyyə xərclərinə qənaət etmiş olacaq.
Biznes mühiti üçün innovasiyaların əhəmiyyəti
Qlobal iqtisadiyyatda müşahidə edilən tendensiya dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ilə səciyyəvidir. Müasir vergi sistemlərində də innovasiyaları dəstəkləyən rəqəmsal həllərin tətbiqi inkişafın aparıcı elementi sayılır. Biznes təmsilçiləri üçün inzibatçılığın sadələşdirilməsi, elektron resursların imkanlarından istifadə və öhdəliklərin sadə formada icrası əhəmiyyətli prosesdir. Bu baxımdan vergi ödəyicilərinin fəaliyyətinə texniki dəstək verən və innovativliyi stimullaşdıran ekosistemin qurulması kimi mexanizmlərin tətbiqi vergi orqanları tərəfindən diqqətdə saxlanılır. Ortamüddətli dövrdə elektron xidmətlərin çeşidini artırmaq üçün bəyannamələrin əvvəlcədən doldurulması, vergi ödəyiciləri üçün elektron kabinetin mobil tətbiqinin istifadəyə verilməsi, QR kodla təsdiq edilməklə arayışların verilməsi, elektron vergi konsaltinqi kimi yeni e-xidmətlərin tətbiqi imkanları araşdırılır. Bütün bunlar isə iqtisadi fəaliyyət subyektlərinin fəaliyyətinin təşviq edilməsi, tənzimlənməsi və bu istiqamətdə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasını təmin edəcək.