Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi qaydası və forması təsdiqlənib

“Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi Qaydası və forması” təsdiq edilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qaydaya görə, məhsullara idxalçı ölkələr tələb etdiyi hallarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı verilir. İdxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən ixrac olunan heyvan mənşəli qida məhsullarına verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər. Sertifıkatlaşdırılma prosedurları AQTA-nın Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Sertifikatın alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq, ərizə ilə Agentliyə ixracatçı tərəfindən müraciət edilməlidir.

İxrac edilən məhsullara sertifikat verilərkən təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin müəyyən olunması məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və miqdarda ixrac edilən məhsul partiyasından nümunələr götürülərək, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda onların tədqiqi (sınağı) aparılır. Nümunələrin götürülməsi üçün qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş metodlardan istifadə edilir. Bu Qaydanın 2.8-ci bəndində göstərilən metodların tətbiqi mümkün olmadıqda və ya belə texniki normativ hüquqi aktlar mövcud olmadıqda, Azərbaycan Respublikasının digər sahələrə aid texniki normativ hüquqi aktlarında nəzərdə tutulmuş məhsul nümunələrinin götürülməsi metodları tətbiq edilir. Əgər bu metodların da tətbiqi mümkün olmazsa və ya belə texniki normativ hüquqi aktlar mövcud olmazsa, Azərbaycan Respublikasının üzv olduğu müvafiq beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş metodlardan istifadə olunur. Sənədə görə, nümunələrin laboratoriya tərəfindən tədqiqi (sınağı) ilə bağlı xərclər ərizəçinin vəsaiti hesabına ödənilir. Nümunələrin tədqiqi (sınağı) Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparıldığı halda, nümunənin tədqiqi (sınağı) yalnız ərizəçi tərəfindən məhsulun ekspertizası üçün müvafiq xidmət haqqı ödənildikdən sonra təmin edilir.

Nümunənin tətqiqi ilə bağlı müvafiq xidmət haqqı ödənildikdən sonra məhsulların laboratoriyalar tərəfindən 7 iş günü ərzində tədqiqi (sınağı) aparılaraq nəticəsi AQTA-ya təqdim olunur. Laboratoriyaların əsaslandırılmış müraciəti ilə həmin müddət 20 iş günündən çox olmayan müddətə uzadıla bilər və qeyd edilən müddət sertifikatın verilməsi ilə bağlı 2.15-ci bənddə göstərilən müddətə daxil edilmir. İdxalçı ölkələr tələb etdiyi halda laboratoriya tərəfindən aparılmış tədqiqin (sınağın) nəticəsinə dair protokol sertifikata əlavə olunur. Protokolun sertifikata əlavə edilməsi üçün ödəniş tələb olunmur. Sertifikatın verilməsi və bunun üçün dövlət rüsumunun ödənilməsi, sertifikatın dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, ləğv edilməsi qaydaları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və sertifikat həmin Qanunla müəyyən olunmuş qaydada 7 iş günündən gec olmayaraq verilir.

Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir:

– “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda;

– məhsullar qida təhlükəsizliyi və (və ya) minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda;

– məhsullar heyvan sağlamlığı göstəricilərinə uyğun olmadıqda.

Sertifikatın verilməsindən imtina edildikdə və ya ərizə baxılmamış saxlanıldıqda, AQTA ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq, sertifikatın verilməsindən imtina və ya ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində subyektə (ərizəçiyə) təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

Əlaqədar məqalələr
Book Cafe

“İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması” xidməti

“İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna…
►►►
Book Cafe

Marketlərin keçirdiyi kampaniyalar zamanı satışın hesablanması

Marketlərin keçirdiyi kampaniyalar zamanı satışın hesablanması Mövzunu sərbəst auditor…
►►►
Book Cafe

Fərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi?

Fərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola…
►►►