“Medinex-2023” sərgisi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə ƏdilovanınMedinex-2023” sərgisi ilə bağlı müsahibəsini təqdim edirik.

  • TƏBİB artıq 2-ci ildir ki, sərgidə iştirak edir. Builki sərgidə hansı layihələrin və ya xidmətlərin nümayiş etdirilməsi nəzərdə tutulub?

TƏBİB olaraq 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisinin fəal iştirakçılarından və dəstəkçilərindən olduğumuza görə çox şadıq. TƏBİB sərgidə rəsmi tərəfdaş olmaqla yanaşı, pavilyonla da təmsil olunur.
İnsan bədəninin skelet, əzələ, qan-damar sistemlərini və orqanları əks etdirən pavilyonumuzda tibb müəssisələrimizin fəaliyyəti barədə təqdimatlar nümayiş olunacaq.

İnanıram ki, bu il də tibbin müxtəlif sahələrindən mütəxəssislərin iştirak edəcəyi sərgi, eləcə də işgüzar tədbirlər faydalı olacaq. TƏBİB-in dəstəyi ilə ötən il olduğu kimi, bu il də sərgi çərçivəsində tibb sahəsinin aktual mövzuları müzakirə ediləcək.

Kardiologiya sahəsi üzrə aktual problemlər, minimal invaziv cərrahiyyədə yeniliklər, tibdə süni intellekt, cərrahiyyədə 3D görüntüləmə, virtual reallıq eynəkləri, səhiyyədə transformasiyalar, tibb müəssisələrində tətbiq edilən islahatlar, Azərbaycanda transplantalogiyanın inkişafı, müasir tibdə innovasiyalar, kök hüceyrələrin tətbiqi, onkoloji xəstəliklərin erkən diaqnostikası, bakteriologiyada avtomatlaşdırma və yeni texnologiyalar, sterilizasiyada beynəlxalq standartlar, pediatriyada aktual problemlər kimi mövzular ətrafında sahənin mütəxəssisləri təqdimatlarla çıxış edəcək, fikir mübadiləsi və müzakirələr aparacaqlar.

  • “Medinex 2023” sərgisinin ziyarətçilərinə hansı xidmətlərin nümayiş etdirilməsi nəzərdə tutulub?

TƏBİB-in Qarabağda tibbi xidmətin təşkili ilə bağlı görülən işlər haqqında məlumatlar ziyarətçilərimizə təqdim ediləcək.

Ümumiyyətlə, işğaldan azad olunan torpaqlarımızda əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlər, eləcə də həmin torpaqlara köçürülən sakinlərin tibbi müayinələrin təşkili hər zaman TƏBİB-in diqqətindədir.

İşğaldan azad olunmuş ərazilərdə tibbi xidmətin təşkili istiqamətində Ağalı Ailə Sağlamlıq Mərkəzi (ASM), Hadrut ASM, Laçın ASM, Talış ASM, Cəbrayıl ASM, Şuşa Modul Tipli Xəstəxanada tibbi xidmət təşkil olunub.

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçən və məskunlaşacaq əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlərdən yararlanması TƏBİB-in tabeli tibb müəssisələri tərəfindən təmin edilir.

Sərgidə də bütün bu görülən işlər barədə məlumatlar geniş formada təqdim olunacaq. Ağalı sakinlərinin tele-tibb vasitəsilə onlayn konsultasiyası icra ediləcək.

Qeyd edim ki, Ağalı Ailə Sağlamlıq Mərkəzində tele-tibb sistemi vasitəsilə xəstənin qanında arterial təzyiq, oksigen təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir. Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir.

Bildiyiniz kimi, iyun ayında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Dünya Azərbaycanlı Təbiblərin I Simpoziumu  keçirilmişdi. Həmin simpoziumda 13 ölkədən 120-dən çox xaricdə çalışan və təhsil alan həkimlərimiz iştirak etmişdi. Medinex-2023 sərgisində də tele-tibbin imkanlarından istifadə etməklə həmin həkimlərimizin Ağalı sakinləri ilə onlayn konsultasiyası təşkil ediləcək.

Bütün bunlarla yanaşı, müxtəlif autizm spektr pozuntulardan əziyyət çəkən uşaqların çəkdikləri rəsm əsərləri, Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Ulu Öndərin tibblə bağlı rəsmlərindən ibarət fotosərgi də nümayiş olunacaq. Bu il həm də Azərbaycan oftalmologiya elminin dahilərindən olan Zərifə Əliyevanın 100 illik yubileyidir və sərgidə oftalmologiya ilə bağlı maraqlı panel müzakirələri də baş tutacaq.

  • Sərgidə ziyarətçilərə daha hansı yeniliklər təqdim olunacaq?

“Medinex” – Tibbi İnnovasiyalar sərgisini startaplarsız təsəvvür etmək olmaz. TƏBİB-in pavilyonunda 3 startap layihəsi təqdim olunacaq. Bunlardan biri “Sağlamlıq elektron portalı”dır. Bütün pasiyentlər barədə məlumatların, pasiyentin əvvəlki müayinə nəticələrinin də bölüşüldüyü bir platformadır. Müayinə nəticələri dərhal pasiyentin mobil telefonunda öz əksini tapacaq. Həm həkimlər, həm də pasiyentlər üçün yararlı olacaq bir startap layihəsidir. Bu startap sayəsində həkimlər də pasiyentlə görüşləri, qeydiyyatı daha rahat idarə edə biləcək, ən əsası, düzgün müayinə edə bilmək üçün pasiyentin bütün xəstəlik tarixçəsini izləmək imkanı əldə edəcəklər.

Məlumdur ki, bu gün işgüzar insanların zamanı daha çox ofisdə keçir, hərəkətsizlik artır, bu da onurğa problemlərinə səbəb olur. Startap layihələrindən biri də məhz bu problemə həsr olunub. Onurğa aparatı və mobil tətbiq sayəsində qaməti düzgün saxlamadıqda və əydikdə mobil telefona siqnal mesajı gəlir ki, bu da onurğa problemlərinin profilaktikası üçün maraqlı bir layihədir.

3-cü startap layihəsi sayəsində isə dərmanların tərkibini mobil tətbiq vasitəsilə skan etdikdə onun hansı orqana, hansı xəstəliyin müalicəsində faydalı olduğunu əks etdirən məlumatlar əldə etmək mümkün olacaq. Bu layihəyə görə dərman qutularını skan etməklə həm vizual, həm də səsli formada dərmanın tərkibi və istifadə qaydaları, göstərişləri barədə məlumatlar əldə etmək mümkündür.  Səsli və video format görmə məhdudiyyəti olan insanlar üçün də rahatlığı təmin etməyə hesablanıb.

İnanıram ki, sərgi dövlət və özəl sektor arasında yeni tərəfdaşlıqların inkişafına, kommunikasiya münasibətlərinin güclənməsinə öz töhfəsini verəcək. Həmçinin bu sərgi təcrübə mübadiləsi, yeni tendensiyalar və elmi nailiyyətlərin qazanılmasında da mühüm rol oynayacaq. Hər bir kəsi 2-4 noyabrda baş tutacaq sərgiyə, eləcə də TƏBİB-in pavilyonuna dəvət edirik.

Əlaqədar məqalələr
Sağlamlıq / Gözəllik

Sağlam dişlər və gözəl təbəssüm üçün sadəcə bir addım

Tbilisidə diş implantasiyası: Sağlam dişlər və gözəl təbəssüm üçün sadəcə bir…
►►►
Sağlamlıq / Gözəllik

Azərbaycanda dərman istehsalı kəskin artıb

Azərbaycanda dərman istehsalı kəskin artıb 2024-cü ilin yanvar-iyun ayları ərzində…
►►►
Sağlamlıq / Gözəllik

ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı Dünyanın müxtəlif…
►►►