Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumunda DİM-lərin maliyyələşdirilməsi, bu prosesə özəl sektorun və xarici ivestisiyaların cəlb edilməsi ilə bağlı müzakirələr aparılacaq.
15-16 noyabr tarixlərində Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək. “Dayanıqlı maliyyə və investisiya” mövzusuna həsr olunacaq forumun keçirilməsində məqsəd Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək Gündəliyinin icrası istiqamətində region ölkələri, eləcə də beynəlxalq təşkilatlarla təcrübə mübadiləsi və əməkdaşlığın gücləndirilməsidir.
Tədbirdə DİM-lərin maliyyələşdirilməsi, bu prosesə özəl sektorun və xarici investisiyaların cəlb edilməsi ilə bağlı müzakirələr aparılacaq. Forum çərçivəsində DİM-lərin icrası istiqamətində maliyyə mexanizmlərinin yenidən qurulması, investisiyaların cəlbi, rəqəmsallaşma vasitəsilə rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, “yaşıl” inkişaf və digər mövzularda sessiyalar, dəyirmi masalar təşkil olunacaq. Forumun yekunu olaraq Bakı Bəyannaməsi qəbul olunacaq.
Dayanıqlı İnkişafa dair II Bakı Forumunda Avropa, MDB ölkələrinin yüksək vəzifəli şəxsləri, BMT-nin, beynəlxalq maliyyə və regional təşkilatların, dövlət qurumlarının, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri, ekspertlər iştirak edəcək.