“PAŞA Bank” təşkilatçısı olduğu “Rəqəmsal Zirvələr 2023” konfransının hazırlıqlarına başlayıb
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” texnologialar aləminin yeniliklərini və dünya ölkələrinin ən yaxşı təcrübələrini nəzərdən keçirmək üçün yaxın zamanda baş tutacaq “Rəqəmsal Zirvələr” konfransının hazırlıqlarına başlayıb.
6-7 dekabr 2023-cü ildə baş tutacaq tədbirdə məhsul sahibləri, dizaynerlər, mütəxəssislər və icraçılar bir araya gələcəklər. “Fokusda Qalın” şüarı altında keçiriləcək konfransda bankın əməkdaşları və yerli peşəkarlar, eləcə də beynəlxalq təcrübəli mütəxəssislər tədbirin məruzəçiləri sırasında yer alacaqlar.
Cəmiyyətdə texnoloji, innovativ və kreativ sahələrin inkişafına yönəlmiş 2 günlük tədbirdə “PAŞA Bank”ın əməkdaşları, yerli ekspertlər, eləcə də dünyanın aparıcı şirkətlərində işləyən mütəxəssislər və texnoloqlar “DevOps”, “ProductHunt”, “Data” və “Dizayn” devizləri altında eyniadlı istiqamətləri əhatə edəcək, iştirakçılarla qeyd edilən sahələrlə bağlı praktiki tövsiyələrini, bilik və təcrübələrini paylaşacaqlar.
Qeyd edək ki, “Rəqəmsal Zirvələr” konfransı hibrid formatda keçiriləcək və orada həm canlı, həm də “YouTube” sosial şəbəkəsi üzərindən iştirak etmək mümkün olacaq.
Xatırladaq ki, “Rəqəmsal Zirvələr” konfransı 2021-ci ildən etibarən keçirilir. Tədbirin əsas məqsədi ən müasir sənaye sahələri və onların gətirdiyi çağırışlara dair məlumatlılığı artırmaq, iştirakçıları imkanları və təhdidləri düzgün dəyərləndirməyə və peşəkar aləmdə yeni zirvələri fəth etməyə ruhlandırmaqdır.
“PAŞA Bank” maliyyə texnologiyaları sahəsində ən son yenilikləri və qabaqcıl təcrübələri mənimsəmək, İT və rəqəmsal bankçılıq sahəsində aktual problemləri müəyyən etmək, bu yenilikləri Azərbaycanda daha əlçatan etmək niyyətindədir. Məhz bu mövqedən çıxış edərək “PAŞA Bank” yeni layihə və tədbirləri həyata keçirir.