Sınaq müddəti haqda 4 yanlış fikir (2-ci hissə)
Təcrübədən konkret misallarla
Ötən dəfə Sizinlə əmək münasibətlərində tez-tez tətbiq edilən sınaq müddətindən danışdıq, daha doğrusu, sınaq müddəti barədə yayılmış yanlış fikirləri real misallar ilə təhlil etdik. Mövzu kifayət qədər geniş olduğundan, ikinci hissəni də Sizə təqdim edirik.

(Mövzunun birinci hissəsi ilə link vasitəsi ilə tanış ola bilərsiniz https://rockvell.com/18585/)
Beləliklə, sınaq müddəti haqda yanlış fikirlər. İkinci hissə:
- Nigar 2022-ci ildə universiteti bitirir. Diplomunu aldıqdan sonra elə həmin ildə də bir konsaltinq şirkətinə ixtisası üzrə işə düzəlir. Lakin 3 ay bitdikdən sonra HR-dan bildiriş gəlir ki, sınaq müddəti dövründə onun əmək fəaliyyəti qənaətbəxş hesab edilməyib və rəhbərlik əmək müqaviləsinə xitam verir. Buna baxmayaraq, Nigar işdə qalmağa müvəffəq olur. NİYƏ?
ÇÜNKİ: Məsələ orasındadır ki, Nigara ümumiyyətlə sınaq müddəti təyin edilə bilməzdi. Çünki, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə əmək müqaviləsi bağlanarkən sınaq müddəti təyin edilmir.
- Lalə dekretdən sonra əvvəlki iş yerinə qayıtmaq istəmir, 2 yaşlı uşağını bağçaya qoyur və özünə yeni iş tapır. Təəssüf ki, uşağı bağçada tez-tez xəstələnir və Lalə işdən icazə almalı olur. Bundan narazı qalan müdriyyət, Laləni sınaq müddəti adı ilə işdən çıxarmaq istəyir. Lakin bu, mümkün olmur. NİYƏ?
ÇÜNKİ: Əvvəlki keys ilə eyni qaydada, Laləyə sınaq müddəti təyin edilə bilməzdi. Belə ki, üç yaşına çatmamış uşağı olan qadınlara, əmək müqaviləsi bağlanarkən, sınaq müddəti təyin edilmir.
- Nihat işə düzələrkən, ilk 3 ay sınaq müddəti kimi təyin edilmişdir. Sınaq müddətinin vaxtı avqustun 31 bitir. Sentyabrın 1-i Nihatın iş e-mailinə bildiriş gəlir: sınaq müddəti ərzində özünü doğrultmadığına görə, şirkət artıq onunla işləmək istəmirdi. Buna baxmayaraq, vəkil məsləhəti alan Nihat işdə qalmağı bacarır. NİYƏ?
ÇÜNKİ: Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Belə bir tələb olmayıbsa, işçi sınaqdan çıxmış hesab edilir. Belə olan halda isə, işçinin əmək müqaviləsinə həmin əsas ilə xitam verilə bilməz.
- Aydanın əmək müqaviləsinə əsasən, işlədiyi ilk 3 ay sınaq müddəti hesab edilir. İki ay 25 gün işlədikdən sonra, Aydan bərk xəstələnir və məcburən 15 günlük “bülleten” götürür. İşə qayıtdıqdan sonra, Aydan “sınaq müddətində özünü doğrultmadığına görə”, əmək müqaviləsinə xitam barədə bildiriş alır. Sınaq müddətinin artıq bitdiyini düşünən Aydan qovulmanı mübahisələndirmək istəyir. Lakin bu, müsbət nəticə vermir. NİYƏ?
ÇÜNKİ: Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrlər sınaq müddətinə daxil edilmir.